5.1. Alkaqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək, sərxoş vəziyyətdə stansiyaya daxil olmaq və vaqonda getmək.
5.2. Stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək.
5.3. Sərnişinlərin geyimlərini və ya salonunu çirkləndirə biləcək paltarda olmaq və ya çirkli əl yükünü aparmaq;
5.4. Sərnişinlər üçün narahatlıq yarada biləcək xəstə (yoluxucu xəstəliyə yoluxmuş) halda stansiyaya daxil olmaq və vaqonda getmək;
5.5. Sərnişinlər üçün narahatlıq və yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və ya quşla stansiyaya daxil olmaq və ya onları qatarda aparmaq;
5.6. Ödənişsiz gediş hüququ sənədlərin surəti ilə və ya onları əvəz edən sənədlərlə (hətta notarial qaydada təsdiq olunmuş olsa belə) buraxılış məntəqələrində stansiyaya daxil olmaq;
5.7. Çıxışlardan, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmaq;
5.8. Ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükünü aparmaq;
5.9. Bükülməmiş, bağlanmamış və bərkidilməmiş, sərnişinlərə xəsarət yetirmək imkanı olan əl yükünü (şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.) aparılmaq;
5.10. Əl yükünün daşınması üçün təkərli vasitələrdən (çanta-arabacıqlar istisna olunmaqla) istifadə etmək.
5.11. Özbaşına stansiya yollarına düşmək, vaqonun idarə kabinəsinə, xidməti, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və Bakı metropoliteninin çəpərlənmış digər ərazilərinə daxil olmaq;
5.12. Binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq;
5.13. İşlək vəziyyətdə olmayan eskalatorlardan icazəsiz istifadə etmək;
5.14. Eskalatorda sürahiyə dirsəklənmək, sürahinin üstünə əşya qoymaq, sürahini çıxarmaq, hər hansı əşya atmaq, qaçmaq, oturmaq, zəruriyyət olmadan balüstradada yerləşdirilmiş “Stop” açarından istifadə etmək;
5.15. Tezalışan, toksik və zəhərləyici maddələr, əşyalar və mayelər, məişət qaz balonları aparmaq;
5.16. Açıq oddan, pirotexniki qurğulardan (fişənglərdən, partlayıcılardan və s.) istifadə etmək;
5.17. Odlu silah, deşici əşyalar aparmaq;
5.18. Stansiyaların vestibüllərini, keçidlərini və plarformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək;
5.19. Yollara hər hansı əşya atmaq;
5.20. Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq;
5.21. Stansiyalarin vestibüllərində, keçidlərində və plarformalarında, eskalatorlarda, vaqonlarda hər hansı yazılar yazmaq;
5.22. Platformada qaçmaq, məlumat göstəriciləri ilə müəyyən olunmuş hərəkət istiqamətinə riayət etməmək, mütəşəkkil sərnişin axınına mane olmaq;
5.23. Qatar tam dayanana qədər sərnişin platformasının kənarındakı hüdud xəttini keçmək;
5.24. “Ehtiyatlı olun! Qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək;
5.25. Qatarın hərəkəti zamanı vaqonun qapılarını açmaq, stansiyalarda qapıların açılıb-bağlanmasına mane olmaq, qatarın yola düşməsini ləngitmək;
5.26. Zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək;
5.27. Metropoliten ərazisində diyircəkli konkilərdə, lövhələrdə və digər analoji təkərli və diyircəkli vasitələrdə hərəkət etmək;
5.28. Uca səsli audiotexnikaya qulaq asmaq, səsgücləndiricilərdən istifadə etmək və musiqi alətlərində çalmaq;
5.29. Müvafiq elandan sonra sərnişinsiz hərəkət etməli olan qatara minmək və ya qatardan düşməmək;
5.30. Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər hansı formada təbliğat aparmaq;
5.31. Bakı metropoliteninin bütün obyektlərinə, o cümlədən ventilyasiya şaxtaları köşklərindən 25 m-dən yaxın məsafədə zibil yandırmaq və tonqal qalamaq;
5.32. Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşmaq.