z

"Gənclik"

  • Açıldığı tarix:

    6 noyabr 1967-ci il

  • Xətt:

    Qırmızı

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Qələbə meydanı, F.Xoyski küçəsi və Atatürk prospekti

  • Memarlar:

    Konstantin Sençixin, Rasim Xələfov

“Gənclik” stansiyası

"Bakı Soveti-Nəriman Nərimanov" sahəsində açılmış ilk 5 stansiyadan biridir. Yaxınlığında iri idman obyekti olan Tofiq Bəhramov adına Respublika stadionu, Bədən Tərbiyəsi və İdman Akademiyası yerləşdiyindən layihə adı "İdman" (rusca - "Sportivnaya") olub. İstismara verilərkən, adı “Gənclik” qoyulub. Tərtibatına görə, Moskva metropoliteninin “Kropotkinskaya” stansiyası ilə uyğunluq təşkil edir.
İlkin layihə adına uyğun olaraq, stansiyanın tərtibatında idman və idmançılar mövzusu əsas yer tutub. Kassa zallarının divarlarında idman növlərini və idmançıları ("topu tutan qapıçı", "gimnast qızlar", "basketbolçu oğlan və qızlar", "üzgüçü oğlan” və s.) əks etdirən müxtəlif rəngli mərmərdən yığılmış Florensiya mozaika pannoları yerləşdirilib. İkinci vestibüldə olimpiya hərəkatının rəmzi sayılan bir-biri ilə kəsişən beş rəngli mozaik halqa var.
Stansiyanın hər iki başında yerləşən keçidlər həm də mürəkkəb avtomobil yolu qovşağında Qələbə meydanı ətrafında yerləşən küçələrə keçid xarakteri daşıyır.
Stansiyanın yerüstü vestibülü və eskalatorları yoxdur. Perron sütunları iki hissədən ibarətdir. Onların daha iri aşağı qatları mərmərdən hörülüb, kapitelinə yapışqanlı ağ məhlul vurulub. Sütun elə qurulub ki, mərmər hissə bitən yeri “çiçək” formasındadır. Ondan yuxarı doğru yönələn gövdə üzərində daha bir iri “çiçək” açılır. Aşağı “çiçək”də çilçıraqlar gizlənib və onlar ağaran gövdəni işıqlandırır, bu zaman sanki yuxarı “çiçək” səmada pərvazlanır. Yuxarı “çiçək” rəvan şəkildə tağsız hamar tavana keçir. Bu kompozisiya vəhdəti sütunların hündürlüyünü daha qısa görünməsi effektini yaradır. Bununla onlar sanki uzaqlara doğru yol almaqla mənzərəni daha da dərinləşdirir. Sütunlara və yol pərvazlarına Şərq memarlığına xas çatma təsvirlər vurulub. Kapitellərin və yolun çatma təsvirləri tavanı sanki bir qədər də hündürləşdirərək, onu daha incə və işıqlı edir.
2013-cü ildə istismara verilmiş Atatürk prospekti-F.Xoyski və Vaqif prospektlərində yeni yeraltı avtomobil tunel kompleksinin istifadəyə verilməsi ilə əlaqədar stansiyanın keçidlərində dəyişikliklər olub.
2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsində stansiyanın keçidləri ümumi kompozisiyaya uyğun olaraq, yeni üslubda təmir olunaraq, divarların və döşəmənin mərmər-qranit örtüyü dəyişdirilib. Yenilənmiş keçid divarları müxtəlif səpkili kütləvi sərgi və nümayişlərin keçirilməsinə imkan verir. 2015-ci ilin iyul ayında burada fotoqrafların əsərlərindən ibarət sərgi açılıb. 2016-cı il yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi “İlin fotoqrafı 2015” adlı mükafatlandırma mərasimində 2015-ci ilin yekunlarına əsasən, bu sərgi “İlin layihəsi” nominasiyasının qalibi kimi fəxri fərmanla təltif olunub.
2016-cı ildə istifadəyə verilmiş “Gənclik Mall” ticarət mərkəzinə Tofiq Bəhramov stadionu istiqamətindən ən yaxın keçiddən çıxış qoyulub.
Stansiyaya daxil olan qatarlarda Xəyyam Mirzəzadənin “Ötən günlər” (daha bir adı - “Yadındamı”) mahnısından fraqment səslənir.