z
27 OKTYABR / 2022 / 11:25
“Gənclik” stansiyasının keçidlərində Bakı metropoliteninin 55 illik tarixinə həsr olunmuş sərgi açılıb. “Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Kino-Foto Sənədləri Arxividir.
Paytaxtın bu ictimai nəqliyyat növünün sərnişindaşıma xidmətinin və metro inşaatının tarixini əks etdirən məqamları sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkillərlə təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi təsvirində izləyicilərə müfəssəl məlumat almaq imkanı yaradılıb.
Sərginin açılışında iştirak edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov təşkilatçılara sərginin təşkilində əməyini əsirgəməyən AZƏRTAC və Milli Arxiv İdarəsinə və Dövlət Kino-Foto Sənədləri Arxivinə təşəkkürünü bildirib. O, 55 ilin sınağından uğurla çıxmış metropolitenə yüksək etimad göstərilməsində və ən çox tələbatın olmasında əsas həlledici amilin ictimai nəqliyyatın bu növünün təkcə sürətli olması ilə deyil, həm də meqapolislərə xas olan tıxac problemlərindən qurtulmanın ən əlverişli bir üsulu olması ilə bağlı olduğunu qeyd edib. 1960-70-ci illərdə metropolitenin artıq bu şəhərin rəmzlərindən birinə çevrilməsi də bu fikirlərin bariz nümunəsidir. O, metronun paytaxtın zəngin memarlıq nümunəsi kimi diqqəti çəkməsinin də bu deyilənlərlə bağlı olduğunu əlavə edib. H.Məmmədov edib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu sərgi dahi şəxsiyyəti ölçüyəgəlməz rəhbər kimi bir daha ictimaiyyətə yaxından tanıtdıracaq. Çünki Bakı metrosu Sovetlər dönəmindəki qısqanc münasibətlərə məhz Onun timsalında sinə gərə bilib, böyüyüb və bu gün şəhərin nəqliyyat nəfəsliyinə çevrilib.
AZƏRTAC-ın İdarə Heyətinin üzvü Fuad Qədilli bildirib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində və Bakı metropoliteninin 55 illik yubileyi ilə əlaqədar keçirilən sərgi Azərbaycanın nəqliyyat tarixində, cəmiyyətin həyatında mühüm rol oynayan metronun fəaliyyətinə işıq salır, bu nəqliyyat növünün inkişafında, keçdiyi şərəfli və çətin yolda danılmaz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu bir daha xatırladır. Belə bir sərginin ərsəyə gəlməsində AZƏRTAC-ın da dəstəyinin olması bizi sevindirir, kollektivimiz adından metropolitenin 55 illik yubileyini təbrik edirik.
Milli Arxiv İdarəsi aparatının Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov şəhər üçün xüsusi əhəmiyyətə malik və zəngin tarixi olan sərginin təşkilində təmsil etdiyi qurumun məmnuniyyətlə iştirak etdiyini vurğulayıb. Xüsusən Kino-Foto Sənədləri Arxivinin nadir inciləri sırasında olan 1950-60-cı illərdə metro tikintisini əks etdirən fotolar əbədi irs kimi bu nəhəng yeraltı şəhərin tarixinə işıq salır, onu əbədiləşdirir.
Daha sonra fotostendlərlə tanışlıq başlanıb. Sərginin 6 aya yaxın davam etdirilməsi nəzərdə tutulub. İzləyicilərə nümayiş olunan fotolarla virtual qaydada da tanış olmaq imkanı yaradılıb. Bunun üçün izləyicilər fotostendlərdə yerləşdirilmiş QR-kodları mobil cihazlarına yükləyərək, metropolitenin rəsmi saytında yaradılmış bölməyə daxil olaraq, hər bir stend barədə ətraflı məlumat ala bilərlər.