z
1967-ci il noyabrın 6-sında istifadəyə verilməklə böyük inkişaf yoluna başlayan Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var.
Bakı metrosunun inkişafı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə və "Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün tədbirlər planına uyğun olaraq müəyyən edilib.
Perspektiv plana əsasən,
Qırmızı xətt
Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq və ümumi uzunluğu 28,5 km olacaq. 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə “İçərişəhər” stansiyasından sonra 4, “Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Yaşıl xətt
Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə etməklə, ümumi uzunluğu 41,8 km olacaq . Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Bənövşəyi xətt
Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq və uzunluğu 18,5 km olacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. "8 Noyabr" stansiyası isə 2021-ci il may ayının 29-da açılıb və 2 gün sonra ilk sərnişinlərini qəbul edib. 2022-ci il dekabr ayının 23-də xəttin "Xocəsən" elektrik deposu və "Xocəsən" stansiyası istismara verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Cəlil Məmmədquluzadə küçəsində 4-cü stansiyasının tikintisi davam edir.
Mavi xətt
Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq və uzunluğu 16,3 km olacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Sarı xətt
Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq və uzunluğu 14,7 km olacaq . Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.
“Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramına əsasən dərin özüllü stansiyalarında ikinci giriş-çıxışların inşası da nəzərdə tutulub. 2009-cu il dekabrın 30-da “28 May”, 2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyalarının ikinci giriş-çıxışları istismara verilib.
Həmin proqrama uyğun olaraq, 2008-ci il dekabrın 29-da “İçərişəhər”, 2011-ci il dekabrın 30-da “Koroğlu”, 2015-ci il mayın 5-də “28 May", 2018-ci il iyunun 7-də "Sahil", 2019-cu il martın 26-da "Bakmil" və sentyabrın 12-də "Xətai" stansiyaları , 2021-ci il sentyabrın 15-də "Cəfər Cabbarlı" stansiyasının ikinci yolu və ona bitişik platforması əsaslı təmir olunaraq, yeni görkəmi ilə sərnişinlərin istifadəsinə verilib.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.