z

Ümumi məlumat

Metro xəritəsi pdf faylı

Baku Metro map

Bakının əsas “nəqliyyat damarı”

XX əsrin əvvəllərindən Bakının mənzərəsi gözəlləşir, şəhər günbəgün böyüyür və inkişaf edirdi. Yeni-yeni sənaye obyektləri, zavodlar, fabriklər tikilərək istifadəyə verilirdi. Şəhərə axın sürətlənir, yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşırdı. Məhz buna görə Bakıda metropolitenin inşası vacib idi.

Bakının “yeraltı dünyası” 1967-ci il noyabrın 6-da Qırmızı xətlə fəaliyyətə başlayıb. Eyni gündə istismara verilən 5 stansiya - "Bakı Soveti" (indiki "İçərişəhər"), "26 Bakı Komissarı" (indiki “Sahil”), "28 Aprel" (indiki "28 May"), "Gənclik" və "Nərimanov"un ümumi uzunluğu 9,2 km təşkil edib. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonar - 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da “28 May” stansiyası “Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

1970-ci il aprelin 22-də Bakının sənaye rayonunda “Nərimanov”dan sonrakı ”Ulduz” stansiyası istifadəyə verilməklə xəttin uzunluğu daha 1,5 km artırılıb.

1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” ilk sərnişinlərini qəbul edib.

1976-cı il dekabrın 31-də “Nizami” stansiyası qapılarını sərnişinlərin üzünə açıb.

“Nizami-Memar Əcəmi” sahəsinin “Elmlər Akademiyası”, “İnşaatçılar”, “XI Qızıl Ordu meydanı” (indiki “20 Yanvar”) və “Memar Əcəmi” stansiyaları 1985-ci il dekabrın 30-dan istifadəyə verilib.

1989-cu il aprelin 28-də “Xalqlar Dostluğu” və “Əhmədli” stansiyaları açılmaqla metropoliten xətlərinin uzunluğu daha 3,3 km uzadılıb.

1993-cü ildə “28 May” stansiyasının yenidən qurulması üzrə layihə işlərinin bir qolu olan “Cəfər Cabbarlı” keçid stansiyası, 2002-ci ildə isə “Həzi Aslanov” stansiyası açılıb.

Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında dönüş ili olan 2006-ci ildən metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yaranıb. 2008-ci il oktyabrın 9-da “Nəsimi”, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti”, “28 May” stansiyasının ikinci çıxışı, 2011-ci il iyunun 29-da “Dərnəgül”, 2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı, 2016-cı il aprelin 19-da müstəqillik tariximizin ilk xətti olan Bənövşəyi xətlə birlikdə "Avtovağzal" və "Memar Əcəmi", 2021-ci il mayın 29-da "8 Noyabr" və 2022-ci il dekabrın 23-də “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istismara verilməklə Bakı metropoliteni xətlərinin ümumi uzunluğu 40,7 kilometrə çatdırılıb. 3 xətt (Qırmızı, Yaşıl, Bənövşəyi) üzrə stansiyaların sayı 27-yə bərabərdir.

Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, işlər davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamına əsasən isə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramdan irəli gələrək, 2030-cu ilədək Bakıda 10 yeni metro stansiyası tikilərək istismara veriləcək.