z
17 DEKABR / 2024 / 16:28
COP29 Əməliyyat Şirkətinin təşkilati dəstəyi ilə noyabrın 4-dən 22-dək Bakı metropolitenində çalışmış könüllülərin fəaliyyətinin təşkilində xüsusi fəallıq göstərdikləri üçün “Bakı Metropoliteni” QSC-nin 4 əməkdaşı sertifikatlara layiq görülüb. Sertifikatlar COP29-a hazırlıq və konfrans günlərində 100-dək könüllünün fəaliyyətinin tənzimlənməsində yaxından iştirak etmiş Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov, Hərəkət xidmətinin rəis müavini Ruslan Xalıqverdiyev, Təlim-tədris mərkəzinin rəis müavini Rizvan Bayramov və SƏTƏMM şöbəsinin aparıcı mühəndisi Kənan Rüstəmliyə təqdim edilib.
Rüfət Qədəşov belə mötəbər tədbir üçün könüllülərin hazırlığı, onlara seminarın keçirilməsi, metropoliten haqda ümumi məlumatlar, davranış qaydaları və s. zəruri olan digər hazırlıqların yüksək səviyyədə həyata keçirildiyini bildirib:
“Bakı metropoliteninin 10 stansiyasında, ümumilikdə, 100-dən artıq könüllü fəaliyyət göstərib. Onların 2 növbə üzrə fəalliyyətinin təmin olunması üçün seminarlar təşkil edilib. 4 gün ərzində 2 qrup şəklində təlimlər uğurla tamamlanıb və bunun da nəticəsini metrodan istifadə edənlər COP29 günlərində əyani müşahidə ediblər. Könüllülərin geyimi, stansiyalar üzrə bölünməsi, iş rejimi, qidalanması və s. məsələləri Əməliyyat Şirkəti həll edib. Könüllülər əsasən, 17-20 yaş aralığında tələbələr olsalar da, xüsusən sərnişinlə ünsiyyət, ümumən, xidmət sahəsində böyük təcrübəyə malik olmasalar belə, zənnimcə, ümumi fəaliyyəti yüksək qiymətləndirmək olar".
Rizvan Bayramov könüllülərlə təlimlərin, seminarların hansı aspektdə keçirildiyindən danışıb: “Əsasən metropoliten haqqında məlumatlandırma, ümumi xarakterli seminarlar idi. Könüllülərə metropolitendən istifadə qaydaları, stansiyaların yeri, ərazilər üzrə quraşdırılmış nişanlar barədə informasiya, yerüstü nəqliyyatla əlaqələndirmə, müraciət edən əcnəbilərin aidiyyəti üzrə düzgün yönləndirilməsi, avtobus məntəqələri, ətraf ərazilər, stansiyalara yaxın tarixi, milli-mədəni, asudə vaxt mərkəzləri və s. məlumatlar verildi. Fikrimcə, gənclərimiz təlimlərdən təkcə könüllü kimi deyil, həm də bir sərnişin, gələcəkdə bu metropolitenə uyğun peşələri seçəcəkləri təqdirdə, mütəxəssis olmaq üçün maksimum faydalanmaq imkanı əldə etdilər. Bu onlar üçün həm də bir həyat məktəbi oldu”.
Stansiyalarda könüllülərin fəaliyyətinə cavabdeh rəhbər şəxs kimi Ruslan Xalıqverdiyev qeyd edir ki, COP29 tədbirlərinin əsas məkanı “Koroğlu” stansiyasının yaxınlığında yerləşən arena olduğundan daha çox könüllü ora cəlb edilmişdi:
- Onlar noyabrın 22-dək fəaliyyət göstərdilər. Qeyd edərdim ki, bu günlərdə metropolitendən istifadə edən əcnəbilərin sayında artım müşahidə olundu. Ümumi olaraq, təhlil aparsaq, qonaqların böyük əksəriyyəti COP29 məkanına və məskunlaşdıqları ərazilərə doğru metro nəqliyyatından istifadə edirdilər. Lakin şəhərin gəzməli-görməli yerləri, müxtəlif tarixi-mədəni məkanları, eləcə də metrodan istifadə qaydaları, gediş haqqının ödənilməsi kimi məsələlər barədə soruşanlar da kifayət qədər çox idi. Çox fərəhləndiricidir ki, könüllülərin fəaliyyəti ilə bağlı heç bir narazılıq və ya şikayət daxil olmadı.
Ruslan Xalıqverdiyev bildirir ki, könüllülər COP29 günlərində metropolitan komandasının üzvləri kimi çalışıblar: “Hətta qeyri-iş və bayram günlərində stansiya rəhbərliyi növbətçilik cədvəli əsasında könüllülərin fəaliyyətinin tənzimlənməsində də iştirak ediblər. Metropoliten qərargahının üzvləri və təhkim olunmuş rəhbər kimi biz də stansiyalarda könüllülərlə görüşür, onları dinləyirdik. İşdən əlavə stansiyalarda istirahəti və asudə vaxtı üçün də tədbirlər görülmüşdü. Təsadüfi deyil ki, COP29 Əməliyyat Şirkətindən bizə təşəkkürlərini bildirdilər, fərqlənmə sertifikatları təqdim etdilər”.