z

Bakı metropolitenində kinorejissor Oktay Mir-Qasımla görüş keçirilib

Bakı metropolitenində kinorejissor Oktay Mir-Qasımla görüş keçirilib

16 DEKABR / 2024 / 15:51

Bakı metropolitenində korporativ sosial məsuliyyətli tədbirlər silsiləsindən “Sənətin işığında” layihəsi çərçivəsində görkəmli kinorejissor, Xalq artisti Oktay Mir-Qasımla görüş keçirilib. Görüş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub və bu münasibətlə sənətkarın “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi nümayiş olunub.
Filmin nümayişindən əvvəl Oktay Mir-Qasım tamaşaçılara sənət, milli həmrəyliyimizdə mədəniyyətin rolu barədə fikirlərini bölüşərək, filmlərinin ideya və mövzuları, qazandığı uğurlar, topladığı təcrübə və s. haqqında danışıb. O, həyat və yaradıcılığının müxtəlif dövrlərini əhatə edən sualları cavablandırıb. Görkəmli sənətkarın detallı cavabları, sualları səmimi söhbət ovqatına keçirməsi tədbiri daha da maraqlı edib. 
Söhbət əsnasında o, Azərbaycan kinosu tarixində xüsusi yer alaraq bəşəri dəyərləri ən aktual insani hisslər vasitəsilə ifadə edən “Qisas almadan ölmə. Keçmişdən məktublar” filminin ideyası, mövzusu, ərsəyə gəlməsi barədə də maraqlı məlumatlar paylaşıb.
Daha sonra Azərbaycanda yaşamış almanların 1941-ci ildə Stalinin əmri ilə Orta Asiyaya sürgün olunması, müharibədən sonrakı illərdə onların həyatı, Azərbaycana bağlılığı, etiraflar və xatirələr vasitəsilə insanların hiss və yaşantılarından bəhs edən filmə baxış keçirilib.
Ekran əsərinin vasitəçiliyi ilə metropoliten kollektivi Oktay Mir-Qasım yaradıcılığını daha yaxından tanımaq və zənginliyini dəyərləndirmək üçün gözəl fürsət qazanıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.