z
05 NOYABR / 2020
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.
2.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
2.2.1. ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına;
2.2.2. idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına;
2.2.3. qanunla qadağan olunmayan digər mənbələrdən.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq maliyyələşməni təmin etsin;
4.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutsun;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində AİH-ə təqdim etsinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2020-ci il.
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 5 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti
17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.