z

Qanunlar

15 NOYABR / 1996

Dövlət sirri haqqında Azərbaycan Respublikasinin qanunu

Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiliyinin açılması iləəlaqədar hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı əsas anlayışlar işlədilmişdir:
dövlət sirri — dövlətin hərbi, xarici siyasi, iqtisadi, elmi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;
dövlət sirri təşkil edən məlumatların daşıyıcıları — dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar, proseslər və layihələr şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir;
dövlət sirrini mühafizə sistemi — dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və bu məlumatların daşıyıcılarının mühafizəsi üçün onların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;
dövlət sirri ilə işləməyə buraxılma — vətəndaşların, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işləri həyata keçirmək, hüququnun rəsmiləşdirilməsi prosedurudur;
dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma — səlahiyyətli vəzifəli şəxsin sanksiyası ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olmasıdır;
məxfilik qrifi — məlumatların daşıyıcılarında və ya onlara qoşulan sənədlərdə əks olunaraq məlumatların məxfilik dərəcəsini bildirən rekvizitlərdir;
məlumatın mühafizə vasitələri — dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliyinə nəzarət vasitələridir;
şifr — kodlar, şifr texnikası, yenidən şifrləmə və açar bloknotlarıdır.
Maddə 2. Qanunun təsir dairəsi
Bu Qanunun müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatları, dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirmək öhdəliyi götürmüş vəya statusuna görə buna borclu olan vəzifəli şəxslər və Azərbaycan Respublikasının vətəndaşları tərəfindən hökmən icra edilməlidir.
Maddə 3. Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
II fəsil
DÖVLƏT SİRRİNƏ AİD MƏLUMATLAR
Maddə 4. Dövlət sirrinə aid edilə bilən məlumatlar
Dövlət sirrinə aşağıdakı məlumatlar aid edilə bilər:
1) hərbi sahədə məlumatlar:
strateji və əməliyyat planlarının, əməliyyatların hazırlanmasına və keçirilməsinə, qoşunların strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair döyüşü idarəetmə sənədlərinin məzmunu haqqında, qoşunların döyüş qabiliyyəti və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;
silahların və hərbi texnikanın inkişafı istiqamətləri haqqında, silah və hərbi texnika nümunələrinin yaradılmasına və modernləşdirilməsinə dair məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsi nəticələri haqqında;
xüsusi silahların sayı, quruluşu və istehsal texnologiyası, habelə onların sanksiyasız tətbiqindən müdafiənin texniki vasitələri və metodları haqqında;
silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları haqqında, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturası və ya istehsal texnologiyaları haqqında;
rejimli və xüsusi əhəmiyyətli obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, onların layihələşdirilməsi və tikintisi, habelə bu obyektlər üçün torpaq, yer təki vəakvatoriyalar ayrılması haqqında;
Azərbaycan Respublikası Silahlı Qüvvələri birləşmələrinin və hissələrinin dislokasiyası, həqiqi adları, təşkilat strukturu, silahları və sayı haqqında;
mülki müdafiə qüvvələri və vasitələri haqqında, inzibati idarəetmə və əhalinin təhlükəsizliyini təmin etmə obyektlərinin dislokasiyası, təyinatı və müdafiə olunma dərəcəsi haqqında;
2) iqtisadiyyat, elm və texnika sahəsində məlumatlar:
Azərbaycan Respublikasının və ya onun ayrı-ayrı bölgələrinin mümkün hərbi əməliyyatlara hazırlıq planlarının məzmunu, silah və hərbi texnika istehsalı sahəsində sənayenin səfərbərlik gücühaqqında, hərbi sahədə istifadə edilən strateji xammal və materialların göndərilməsi həcmi və ehtiyatları, habelə dövlət material ehtiyatlarının yerləşməsi və faktik miqdarı haqqında;
Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin olunması məqsədi ilə onun infrastrukturundan istifadə edilməsi haqqında;
bütövlükdə Azərbaycan Respublikası üzrə sənayenin, nəqliyyatın və rabitənin fəaliyyəti haqqında;
dövlət müdafiə sifarişi həcmləri, planları (tapşırıqları) haqqında, silah, hərbi texnika və digər müdafiə məhsulunun buraxılışı və göndərilməsi (pul və ya natura ifadəsində), onları istehsal edən müəssisələrin kooperasiya əlaqələri haqqında, göstərilən silahları, hərbi texnikanı və digər müdafiə məhsulunu hazırlayanlar haqqında;
Azərbaycan Respublikasının təhlükəsizliyinə təsir edən böyük müdafiə və ya iqtisadi əhəmiyyətə malik elmi-tədqiqat, təcrübi-konstruktor və layihə işləri, texnologiyalar haqqında;
Azərbaycan Respublikasının qiymətli metallarının və daş-qaşının dövlət ehtiyatları, onun maliyyəsi və büdcə siyasəti haqqında (iqtisadiyyatın və maliyyənin ümumi vəziyyətini səciyyələndirən ümumiləşdirilmiş göstəricilərdən başqa);
3) xarici siyasət sahəsində məlumatlar:
Azərbaycan Respublikasının başqa dövlətlər ilə hərbi əməkdaşlığı haqqında;
xarici siyasət sahəsində Azərbaycan Respublikasının planları, vəzifəli şəxslərinə və nümayəndə heyətlərinə verilən göstərişlər haqqında;
4) kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar:
kəşfiyyat, əks-kəşfiyyat və axtarış-əməliyyat fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsi haqqında sadalanan məlumatları açıqlayan göstəricilər;
kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan orqanlarla məxfi əməkdaşlıq edən və ya əməkdaşlıq etmiş şəxslər haqqında;
xüsusi rabitə növləri sistemi, dövlət şifrləri, onların təhlili metodları və vasitələri haqqında;
dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramları və tədbirləri haqqında.
Məhkəmə icraatı zamanı, o cümlədən ibtidai istintaq mərhələsində dövlət sirri müvafiq prosessual məcəllədə nəzərdə tutulmuş qaydada mühafizə edilir.
III fəsil
MƏLUMATLARIN VƏ MƏLUMAT DAŞIYICILARININ MƏXFİLƏŞDİRİLMƏSİ
Maddə 5. Məlumatların məxfiləşdirilməsi prinsipləri
Məlumatlar qanunçuluq, əsaslılıq prinsiplərinə uyğun və vaxtında məxfiləşdirilməlidir.
Məlumatların və məlumat daşıyıcılarının məxfiləşdirilməsi — dövlət sirri təşkil edən məlumatların yayılması və həmin məlumatların daşıyıcıları ilə işləməyə buraxılma üçün bu Qanunda nəzərdə tutulmuş qaydada məhdudiyyətlər qoyulmasıdır.
Maddə 6. Məxfiləşdirilməyən məlumatlar
Aşağıdakı məlumatlar məxfiləşdirilmir:
insanların həyat və sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və nəticələri haqqında;
ekologiya, səhiyyə, sanitariya, demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə cinayətkarlığın vəziyyəti haqqında;
dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə və təşkilata verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;
insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında;
Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin səhhəti haqqında;
dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları haqqında.
Maddə 7. Məlumatların məxfilik dərəcələri, məlumat daşıyıcılarının məxfilik qrifləri, onların məxfiləşdirilməsi qaydası
Dövlət sirri təşkil edən məlumatların məxfilik dərəcəsi bu məlumatların yayılmasının Azərbaycan Respublikası təhlükəsizliyinə vura biləcəyi zərərin ağırlığı dərəcəsinə uyğun gəlməlidir. Dövlət sirri təşkil edən məlumatların üç məxfilik dərəcəsi və bunlara müvafiq olaraq məlumat daşıyıcılarının üç məxfilik qrifi müəyyənləşdirilir: “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi”.
Dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula bilən zərərin miqdarının müəyyənləşdirilməsi qaydasını və göstərilən məlumatların bu və ya başqa məxfilik dərəcəsinə aid edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların idarəetmə, istehsal, elmi və başqa fəaliyyəti nəticəsində əldə edilmiş (hazırlanmış) məlumatların məxfiləşdirilməsi üçün əsas onların həmin orqan, müəssisə, idarə və ya təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısına müvafiq gəlməsidir. Bu məlumatlar məxfiləşdirilərkən onların daşıyıcılarına müvafiq məxfilik qrifi verilir.
Əldə edilmiş (hazırlanmış) məlumatların qüvvədə olan siyahıdakı məlumatlarla eyniləşdirilməsi mümkün olmadıqda dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsi əldə edilmiş (hazırlanmış) məlumatların ehtimal olunan məxfilik dərəcəsinə müvafiq surətdə ilkin qaydada məxfiləşdirilməsini təmin etməli və siyahını təsdiq etmiş vəzifəli şəxsə həmin siyahıya əlavə (dəyişiklik) etmək haqqında bir ay ərzində təklif göndərməlidir.
Qüvvədə olan siyahını təsdiq etmiş vəzifəli şəxslər üç ay ərzində daxil olmuş təkliflərin ekspertizasını təşkil etməli və qüvvədə olan siyahıya əlavə (dəyişiklik) edilməsi və ya məlumatlara ilkin qaydada verilmiş məxfiliyin götürülməsi barədə qərar qəbul etməlidirlər.
Maddə 8. Məlumatların dövlət sirrinə aid edilməsi qaydası
Məlumatlar onların sahə, idarə və ya proqram-təyinat mənsubiyyətinə uyğun olaraq dövlət sirrinə aid edilir.
Məlumatların məxfiləşdirilməsi prinsiplərinə uyğun olaraq məlumatların dövlət sirrinə aid edilməsi zərurətini əsaslandırmaq vəzifəsi bu məlumatları əldə etmiş (hazırlamış) dövlət hakimiyyəti orqanına, müəssisə, idarə və təşkilata həvalə olunur.
Məlumatların dövlət sirrinə aid edilməsi müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi, məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısına uyğun olaraq dövlət hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən həyata keçirilir. Göstərilən şəxslər konkret məlumatların dövlət sirrinə aid edilməsinin məqsədəuyğunluğu barədə qəbul etdikləri qərarlarına görəfərdi məsuliyyət daşıyırlar.
Məlumatların məxfiləşdirilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı dövlət sirrinə aid edilən məlumatların siyahısını tərtib edir. Siyahıda həmin məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları göstərilir. Siyahı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur, onun qərarı ilə dərc edilir və zəruri hallarda siyahıya yenidən baxılır.
Rəhbərlərinə məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş dövlət hakimiyyəti orqanları məxfiləşdirilməli məlumatların geniş siyahılarını tərtib edirlər. Barəsində sərəncam vermək səlahiyyəti göstərilən orqanlara verilmiş məlumatlar bu siyahılara daxil edilir və onların məxfilik dərəcələri müəyyənləşdirilir. Silah və hərbi texnika nümunələrinin hazırlanmasına vəmodernləşdirilməsinə dair məqsədli proqramlar, elmi-tədqiqat və təcrübi-konstruktor işləri çərçivəsində göstərilən nümunələrin və işlərin sifarişçilərinin qərarı ilə məxfiləşdirilməli məlumatların ayrıca siyahıları tərtib edilə bilər. Bu siyahıları müvafiq dövlət hakimiyyəti orqanlarının rəhbərləri təsdiq edirlər. Siyahıların məxfiləşdirilməsinin məqsədəuyğunluğu onların məzmunu iləmüəyyənləşdirilir.
Maddə 9. Məlumatın məxfiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının, müəssisə, idarə və təşkilatlarının həmin məlumat üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması
Vətəndaşların, müəssisə, idarə və təşkilatların (bundan sonra — “məlumat mülkiyyətçisi”) mülkiyyətində olan məlumat dövlət sirrinə aid edilmiş məlumatlar siyahısında sadalanmış olduqda bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatların dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslər həmin məlumatın məxfiləşdirilməsi haqqında qərar qəbul edəbilərlər. Göstərilən məlumat onun mülkiyyətçisinin və ya müvafiq dövlət hakimiyyəti orqanlarının təqdimatı əsasında məxfiləşdirilir.
Məlumatın məxfiləşdirilməsi ilə əlaqədar onun mülkiyyətçisinə dəyən zərər məlumat sərəncamına keçən dövlət hakimiyyəti orqanı ilə məlumat mülkiyyətçisi arasında bağlanan müqavilədəmüəyyənləşdirilmiş məbləğdə dövlət tərəfindən ödənilir. Müqavilədə məlumat mülkiyyətçisinin onu yaymayacağı haqqında öhdəliyi də nəzərdə tutulur. Məlumat mülkiyyətçisi müqaviləni imzalamaqdan imtina etdikdə ona dövlət sirri təşkil edən məlumatları icazəsiz yaymağa görə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barəsində xəbərdarlıq edilir.
Xarici təşkilatların və xarici vətəndaşların məlumat üzərində mülkiyyət hüququ məhdudlaşdırıla bilməz, bu şərtlə ki, həmin məlumatı onlar Azərbaycan Respublikasının qanunvericiliyini pozmadan əldə etmiş (hazırlamış) olsunlar.
Maddə 10. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının rekvizitləri
Dövlət sirri təşkil edən məlumat daşıyıcılarına rekvizitlər verilir. Rekvizitlərdə aşağıdakılar göstərilir:
müvafiq dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və ya təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının müvafiq bəndinə istinadla, daşıyıcıdakı məlumatların məxfilik dərəcəsi;
daşıyıcını məxfiləşdirən dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilatın adı;
qeydiyyat nömrəsi;
məlumatların məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə;
sənədin harada, kimdə saxlanılması, hara tikilməsi, qaytarılması və s.
Bu cür rekvizitləri məlumat daşıyıcısında əks etdirmək mümkün olmadıqda onlar daşıyıcıya qoşulan sənədlərdə göstərilir.
Daşıyıcı məxfilik dərəcəsi müxtəlif olan tərkib hissələrdən ibarətdirsə, onların hər birinə müvafiq məxfilik qrifi, bütövlükdə daşıyıcıya isə bu daşıyıcı üçün ən yüksək məxfilik dərəcəsi olan tərkib hissənin məxfilik qrifi verilir.
Bu maddədə sadalanan daşıyıcıda və (və ya) qoşma sənədlərdə əks olunan rekvizitlərdən başqa, daşıyıcıya vəzifəli şəxslərin onunla tanış olmaq səlahiyyəti barədə əlavə qeydlər də qoyula bilər. Əlavə qeydlərin və başqa rekvizitlərin növləri və qoyulma qaydası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ sənədlərlə müəyyənləşdirilir.
Maddə 11. Məlumatların məxfiliyinin açılması qaydası
Məlumatların və məlumat daşıyıcılarının məxfiliyinin açılması dövlət sirri təşkil edən məlumatların yayılması və onların daşıyıcıları ilə işləməyə buraxılma üzərində bu Qanunla nəzərdətutulmuş qaydada əvvəl qoyulmuş məhdudiyyətlərin götürülməsidir.
Məlumatların məxfiliyinin açılması üçün əsaslar aşağıdakılardır:
Azərbaycan Respublikasında dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sahəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəliklər götürməsi;
məxfilik müddətinin bitməsi;
obyektiv halların dəyişməsi nəticəsində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin məqsədəuyğunluğunun aradan qalxması.
Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumat siyahılarını dəyişdirmək hüquqları həmin siyahıları təsdiq edən, məlumatların məxfiliyinin açılmasına dair qəbul etdikləri qərarların əsaslığı üçün fərdi məsuliyyət daşıyan dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə verilir. Göstərilən rəhbərlərin dövlət sirrinə aid edilmişməlumatlar siyahısının dəyişdirilməsinə dair qərarları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Həmin orqanın bu qərarları dayandırmaq və onlara etiraz etmək ixtiyarı vardır.
Maddə 12. Məlumatların məxfilik müddəti
Rəhbərlərinə məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş dövlət hakimiyyəti orqanları vaxtaşırı, lakin 5 ildə azı bir dəfə dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə vətəşkilatlarda qüvvədə olan məxfiləşdirilməli məlumat siyahılarına yenidən baxaraq, məlumatların məxfiləşdirilməsinin əsaslılığının və onların əvvəllər müəyyənləşdirilmiş məxfilik dərəcəsinəuyğunluğunu yoxlamalıdırlar.
Dövlət sirri təşkil edən məlumatların məxfilik müddəti 30 ildən artıq olmamalıdır. Bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə 10 ilə qədər müddətə, dövlətin və xalqın mənafeyinin tələb etdiyi müstəsna hallarda isə qeyri-müəyyən müddətə uzadıla bilər.
Maddə 13. Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin açılması qaydası
Dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyi onların məxfiləşdirildiyi zaman müəyyənləşdirilmiş müddətdən gec (bu Qanunun 11-ci maddəsində göstərilən hallar istisna olmaqla) götürülə bilməz. Müvafiq dövlət hakimiyyəti orqanında, müəssisə, idarə və təşkilatda məlumat daşıyıcıları məxfiləşdirilərkən, əsas götürülmüş siyahının müddəaları dəyişərsə, daşıyıcıların məxfiliyi həmin müddət bitənədək açılmalıdır.
Müstəsna hallarda dövlət sirri təşkil edən məlumat daşıyıcılarının əvvəl müəyyənləşdirilmiş məxfilik müddətini uzatmaq hüququ müvafiq məlumatları dövlət sirrinə aid etmək səlahiyyətinəmalik olan dövlət orqanlarının rəhbərlərinə verilir. Belə qərarların həmin rəhbərlər müəyyənləşdirilmiş qaydada təyin etdikləri ekspert komissiyasının rəyi əsasında qəbul edirlər.
Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərlərinə onların tabeliyində olan vəzifəli şəxslərin əsassız məxfiləşdirdikləri məlumatların məxfiliyini açmaq səlahiyyəti verilir.
Azərbaycan Respublikası dövlət arxivlərinin rəhbərlərinə fondyaradıcı təşkilat və ya onun hüquqi varisi tərəfindən həmin arxivlərin qapalı fondlarda mühafizə edilən dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyini açmaq səlahiyyəti verilə bilər. Fondyaradıcı təşkilat ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyinin açılması qaydası haqqında məsələyə müvafiq icra hakimiyyəti orqanı baxır.
Maddə 14. Azərbaycan Respublikası vətəndaşlarının, müəssisə, idarə və təşkilatlarının, dövlət hakimiyyəti orqanlarının məlumatların məxfiliyini açmaq haqqında sorğuların icrası
Azərbaycan Respublikasının vətəndaşları, müəssisələri, idarələri təşkilatları dövlət hakimiyyəti orqanları dövlət sirrinə aid edilmiş məlumatların məxfiliyinin açılması haqqında sorğu ilə dövlət hakimiyyəti orqanlarına, müəssisələrə, idarə və təşkilatlara, o cümlədən dövlət arxivlərinə müraciət edə bilərlər.
Bu cür sorğu almış dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat, o cümlədən dövlət arxivi sorğuya üç ay ərzində baxıb mahiyyəti üzrə əsaslandırılmış cavab verməlidir. Əgər onlar sorğulanmış məlumatın məxfiliyini açmaq səlahiyyətinə malik deyilsə, onda sorğunu vermiş Azərbaycan Respublikası vətəndaşına, müəssisəsinə, idarəsinə, təşkilatına, dövlət hakimiyyəti orqanına bildiriş verməklə sorğu, daxil olduğu gündən ən geci 1 ay keçənədək ya bu cür səlahiyyəti olan dövlət orqanına, ya da müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Vəzifəli şəxsin sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırması qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyətə səbəb olur. [1]
IV fəsil
DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN MƏLUMATLAR BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ
Maddə 15. Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatları bir-birinə verməsi
Tabelik münasibətlərində olmayan və birgə işlər aparmayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar dövlət sirri təşkil edən məlumatları bir-birinə bu Qanunun 8-ci maddəsinəmüvafiq surətdə sərəncamında belə məlumatlar olan dövlət hakimiyyəti orqanının icazəsi ilə verirlər.
Dövlət sirri təşkil edən məlumatları sorğulayan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar onların mühafizəsini təmin edən şəraiti yaratmağa borcludurlar. Onların rəhbərləri dövlət sirri təşkil edən məlumatlarla tanışlıq üçün, müəyyənləşdirmiş məhdudiyyətlərin gözlənilməməsinə görə fərdi məsuliyyət daşıyırlar.
Dövlət sirri təşkil edən məlumatların dövlət hakimiyyəti orqanlarına, müəssisə, idarə və təşkilatlara verilməsinin məcburi şərti onların bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirməsidir.
Maddə 16. Dövlət sirri təşkil edən məlumatların birgə və başqa işlərin görülməsi ilə əlaqədar verilməsi
Dövlət sirri təşkil edən məlumatları birgə və başqa işlərin görülməsi ilə əlaqədar müəssisə, idarə, təşkilatlara, habelə vətəndaşlara bu işlərin sifarişçisi yalnız həmin işlərin görülməsi üçün zəruri olan həcmdə verir, özü də bundan ötrü bu Qanunun 8-ci maddəsinə müvafiq surətdə sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanından icazə alır. Dövlət sirri təşkil edən məlumatları verənədək sifarişçi müəssisə, idarə və təşkilatda müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləmək üçün lisenziyanın, vətəndaşlarda isə müvafiq icazənin olduğunu yəqin etməlidir.
Müəssisə, idarə və ya təşkilatlar birgə və başqa işlər gördükdə (dövlət sifarişləri aldıqda) və bununla əlaqədar dövlət sirri təşkil edən məlumatlardan istifadə zərurəti yarandıqda onlar dövlət müəssisələrinin, idarələrinin və ya təşkilatlarının dövlət sirrini mühafizə üzrə struktur bölmələrinin xidmətlərindən istifadə barəsində həmin müəssisə, idarə və ya təşkilatlar ilə müqavilələr bağlaya bilərlər, özü də razılığa gələn hər iki tərəfin dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə iş görülməsi üçün lisenziyasında bu barədə müvafiq qeyd edilir.
Birgə və ya başqa işlərin görülməsinə dair qanunla müəyyənləşdirilmiş qaydada bağlanan müqavilədə tərəflərin istər işlərin görülməsi prosesində, istərsə də işlər başa çatdıqdan sonra dövlət sirri təşkil edən məlumatların mühafizəsini təmin etmək barəsində qarşılıqlı öhdəlikləri, habelə dövlət sirri təşkil edən məlumatların mühafizəsi ilə bağlı işlərin (xidmətlərin) maliyyələşdirilməsi şərtləri nəzərdə tutulur.
Birgə və başqa işlər görülərkən dövlət sirrinin etibarlı mühafizəsinə nəzarətin təşkili tərəflərin bağladığı müqavilənin müddəalarına uyğun olaraq bu işlərin sifarişçisinə həvalə edilir.
Birgə və başqa işlərin gedişində icraçı dövlət sirrinin mühafizəsi ilə əlaqədar götürdüyü öhdəlikləri pozduqda sifarişçi sifarişin yerinə yetirilməsini pozuntular aradan qaldırılanadək dayandıra bilər, təkrar pozuntu törədildikdə isə, dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işlər görülməsi üçün sifarişin və lisenziyanın ləğv edilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb olunması məsələsini qaldıra bilər. Bu halda icraçının sifarişçi simasında dövlətə vurduğu maddi zərər qüvvədə olan qanunvericiliyə müvafiq surətdə tutulmalıdır.
Maddə 17. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi
Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı belə məlumatların verilməsinin mümkünlüyü haqqında müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi olduqda qəbul edir.
Qəbul edən tərəfin ona verilən məlumatların mühafizəsi üzrə öhdəlikləri onunla bağlanmış müqavilədə (sazişdə) nəzərdə tutulur.
Maddə 18. Hüquq münasibətləri subyektlərinin funksiyaları dəyişdikdə dövlət sirri təşkil edən məlumatların mühafizəsi
Dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar ləğv edildikdə, funksiyaları və mülkiyyət formaları dəyişdikdə və ya dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərə son qoyulduqda həmin məlumatların və daşıyıcılarının onların mühafizəsini təmin etmək üçün tədbirlər görməlidirlər. Bu zaman dövlət sirri təşkil edən məlumat daşıyıcıları müəyyənləşdirilmiş qaydada məhv edilir, arxivə və ya aşağıdakılardan birinə verilir:
dövlət sirri təşkil edən məlumatlara malik olan dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın hüquqi varisinin göstərilən məlumatlardan istifadə etməklə iş görmək hüququ varsa, hüquqi varisə;
bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sərəncamında müvafiq məlumatlar olan dövlət hakimiyyəti orqanına;
müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə başqa dövlət hakimiyyəti orqanına, müəssisə, idarə və ya təşkilata.
Dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili üçün məsuliyyət onların rəhbərlərinin üzərinə qoyulur.
V fəsil
DÖVLƏT SİRRİNİN MÜHAFİZƏSİ
Maddə 19. Dövlət sirrini mühafizə orqanları
Dövlət sirrini mühafizə orqanlarına aşağıdakılar aiddir:
müvafiq icra hakimiyyəti orqanı;
müvafiq mərkəzi icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar, onların dövlət sirrinin mühafizəsi ilə əlaqədar struktur bölmələri.
Bu maddənin birinci hissəsində nəzərdə tutulan orqanlar və onların yerlərdəki orqanları dövlət sirrinin mühafizəsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara həvalə olunmuşfunksiyalara müvafiq surətdə təşkil və təmin edirlər.
Dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə görülən işlərin həcmindən asılı olaraq dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələr yaradır, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ sənədlərə uyğun olaraq görülən işlərin xüsusiyyətlərini nəzərə almaqla onların funksiyalarınımüəyyənləşdirirlər.
Maddə 20. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması
Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması könüllülük qaydasında həyata keçirilir.
Dövlət sirri ilə işləməyə ancaq Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.
Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması aşağıdakıları nəzərdə tutur:
dövlət sirrinin pozulmasına görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası qanunvericiliyi ilə tanışlıq və məlumatları yaymamaq haqqında dövlət hakimiyyəti orqanları qarşısında öhdəlik götürülməsi;
bu Qanunun 23-cü maddəsində nəzərdə tutulan qismən və müvəqqəti məhdudiyyətlərə razılıq verilməsi;
onlar barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin görülməsinə yazılı razılıq verilməsi;
bu Qanunla nəzərdə tutulmuş güzəştlərin növlərinin, miqdarının və verilməsi qaydasının müəyyənləşdirilməsi;
dövlət hakimiyyəti orqanının müəssisə, idarə və təşkilatın rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsi.
Yoxlama tədbirlərinin həcmi rəsmiləşdirilən şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Yoxlama tədbirləri Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Yoxlama tədbirlərinin görülməsindən məqsəd bu Qanunun 21-ci maddəsində nəzərdə tutulan əsasların aşkara çıxarılmasıdır.
Xüsusi rejimli işlə əlaqədar dövlət sirri ilə işləməyə daimi buraxılan vəzifəli şəxslər və vətəndaşlar üçün aşağıdakı güzəştlər müəyyənləşdirilir:
işləməyə buraxıldıqları məlumatların məxfilik dərəcəsindən asılı olaraq əmək haqqına faiz əlavələri;
dövlət hakimiyyəti orqanlarında, müəssisə, idarə və təşkilatlarda təşkilati (və ya) ştat tədbirləri görülərkən işdə saxlanmaq üçün qalan şərtlər bərabər olduqda üstünlük hüququ.
Dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrin əməkdaşlarına dövlət sirri ilə işləməyə daimi buraxılmış vəzifəli şəxslər və vətəndaşlar üçün müəyyənləşdirilmiş güzəştlərlə yanaşı, həmin struktur bölmələrdə iş stajına görə əmək haqqına faiz əlavələri müəyyən edilir.
Müdiriyyətin və dövlət sirri ilə işləməyə buraxılan şəxsin qarşılıqlı öhdəlikləri əmək müqaviləsində (sazişində) əks olunur. Səlahiyyətli orqanlar yoxlamanı başa çatdırmayınca əmək müqaviləsi (sazişi) bağlamağa yol verilmir.
Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılmasının, dövlət sirri təşkil edən məlumatların məxfilik dərəcələrinə uyğun üç forması müəyyən edilir: xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılma. Vəzifəli şəxslərin və vətəndaşların məxfilik dərəcəsi daha yüksək olan məlumatlarla işləməyə buraxılışının olması, onların məxfilik dərəcəsi daha aşağı olan məlumatlarla işləməyə buraxılmasına əsas verir.
Vətəndaşların dövlət sirri ilə işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ sənədlərlə müəyyənləşdirilir.
Hərbi və fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilə bilər.
Maddə 21. Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar
Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün aşağıdakılar əsas verə bilər:
məhkəmə tərəfindən onun fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xüsusi təhlükəli residivist hesab edilməsi, onun dövlət cinayətində və digər ağır cinayətlərdətəqsirləndirilərək istintaqa və ya məhkəməyə cəlb edilməsi, bu cür cinayətlərə görə onun məhkumluğunun olması;
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin olması;
yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün qorxu törədən hərəkətlərinin aşkara çıxması;
onun yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.
Vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi barədə qərarı dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri yoxlama tədbirlərinin nəticələrini nəzərə almaqla fərdi qaydada qəbul edir. Vətəndaşın həmin qərardan şikayət etmək hüququ vardır.
Maddə 22. Vətəndaşın və ya vəzifəli şəxsin dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi şərtləri
Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına dövlət hakimiyyəti orqanı, müəssisə, idarə və təşkilat rəhbərinin qərarı ilə aşağıdakı hallarda xitam verilir:
təşkilati və (və ya) ştat tədbirləri ilə əlaqədar onunla əmək müqaviləsinin (sazişinin) pozulması;
əmək müqaviləsinə (sazişinə) görə onun dövlət sirrinin mühafizəsi üzrə götürdüyü öhdəlikləri bir dəfə pozması;
bu Qanunun 21-ci maddəsinə uyğun olaraq vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsinə əsas verən halların yaranması.
Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi onunla əmək müqaviləsinin pozulması üçün əlavə əsas ola bilər, bir şərtlə ki, bu cür şərtlər əmək müqaviləsində (sazişində) nəzərdə tutulmuş olsun.
Dövlət sirri ilə işləməyə buraxılışın xitamı vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri təşkil edən məlumatı yaymaq haqqında götürdüyü öhdəliklərdən azad etmir.
Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi və bunun əsasında onunla əmək müqaviləsinin (sazişinin) pozulması haqqında müdiriyyətin qərarından şikayət edilə bilər.
Maddə 23. Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqlarının məhdudlaşdırılması
Dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqları müvəqqəti məhdudlaşdırıla bilər. Məhdudiyyətlər aşağıdakılara aid ola bilər:
vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması rəsmiləşdirilərkən əmək müqaviləsində (sazişində) müəyyənləşdirilmiş müddətdə xaricə getmək hüququ;
dövlət sirri təşkil edən məlumatları yaymaq və bu cür məlumatları əks etdirən kəşflərdən və ixtiralardan istifadə etmək hüququ.
Maddə 24. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmasının təşkili
Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılmasının təşkili müvafiq dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinə, habelə onların dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrinə həvalə edilir. Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ sənədlərlə müəyyənləşdirilir.
Dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri vəzifəli şəxsin və ya vətəndaşın yalnız öz vəzifə (funksional) borcunu yerinə yetirməsi üçün zəruri olan dövlət sirri təşkil edən məlumatlarla və yalnız lazımi həcmdə tanış olması üçün müvafiq şəraitin yaradılmasına görə fərdi məsuliyyət daşıyırlar.
Maddə 25. Müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına buraxılması
Müəssisə, idarə və təşkilatlar müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada lisenziya aldıqdan sonra onlar dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, məlumatı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlıişlərin icrasına buraxılırlar.
Bu işlərin görülməsi üçün lisenziyalar müəssisə, idarə və təşkilatın xüsusi ekspertizasının və onların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün məsul rəhbərlərinin dövlət attestasiyasının nəticələri əsasında verilir. Ekspertizanın keçirilməsi və lisenziyanın verilməsi ilə bağlı xərclər həmin müəssisə, idarə və təşkilatların hesabına ödənilir.
Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi üçün müəssisə, idarə və təşkilata lisenziya onların aşağıdakı şərtləri yerinə yetirdiyi hallarda verilir:
dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində həmin məlumatların mühafizəsinin təmin olunmasına dair müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ sənədlərin tələblərinin yerinə yetirilməsi; onların strukturlarında dövlət sirrinin mühafizəsi üzrə bölmələrin və məlumatı mühafizə işi üçün xüsusi hazırlanmış, sayı və ixtisas səviyyəsi dövlət sirrinin mühafizəsinin təmin olunmasına kifayət edən əməkdaşların olması;
onlarda sertifikasiya edilmiş məlumatı mühafizə vasitələrinin olması.
Maddə 26. Məlumatı mühafizə vasitələrinin sertifikasiyası
Məlumatı mühafizə vasitələrinə onların müvafiq məxfilik dərəcəsi olan məlumatların mühafizəsi tələblərinə uyğunluğunu təsdiq edən sertifikat verilməlidir.
Məlumatı mühafizə vasitələrinin sertifikasiyasını təşkil etmək müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.
Məlumatı mühafizə vasitələrinin sertifikasiyası işlərini əlaqələndirmək müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.
Maddə 26-1. Dövlət sirrinin kütləvi informasiya vasitələrində yayılmasının qarşısının alınması [2]
Dövlət sirrinin kütləvi informasiya vasitələrində yayılmasının qarşısının alınması müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada həyata keçirilir.
VI fəsil
DÖVLƏT SİRRİNİN MÜHAFİZƏSİ TƏDBİRLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 27. Dövlət sirrinin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi
Dövlət hakimiyyəti orqanlarının, büdcə müəssisələrinin, idarələrinin və təşkilatlarının və onların struktur bölmələrinin dövlət sirrinin mühafizəsi üzrə fəaliyyəti müvafiq büdcələrin vəsaiti hesabına, qalan müəssisə, idarə və təşkilatların fəaliyyəti isə onların dövlət sirri təşkil edən məlumatlardan istifadə etməklə işləri görərkən əsas fəaliyyətdən götürdükləri vəsait hesabına maliyyələşdirilir.
Dövlət sirrinin mühafizəsinə dair dövlət proqramlarının maliyyələşdirilməsi üçün vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsində ayrıca sətirdə göstərilir.
Dövlət sirrinin mühafizəsi tədbirlərinin görülməsi üçün ayrılan vəsaitin xərclənməsinə nəzarəti dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, işlərin sifarişçiləri, habelə Azərbaycan Respublikasının xüsusi səlahiyyət verilmiş vəzifəli şəxsləri həyata keçirirlər. Nəzarətin həyata keçirilməsi dövlət sirri ilə işləməyə buraxılmaqla bağlıdırsa, sadalanan şəxslər müvafiq məxfilik dərəcəsi olan məlumatlarla işləməyə buraxılmalıdırlar.
VII fəsil
BU QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRƏ BAXILMASI QAYDASI
Maddə 28. Bu Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrə baxılması qaydası
Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq surətdə cinayət, mülki-hüquq və ya intizam məsuliyyəti daşıyırlar. [3]
Bu Qanunla bağlı bütün mübahisələrə məhkəmə qaydasında baxılır.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 noyabr 1996-cı il
№ 196-IQ