z

Fərman və Sərəncamlar

26 DEKABR / 2002

KOMMUNAL, NƏQLİYYAT VƏ DİGƏR XİDMƏTLƏR ÜZRƏ GÜZƏŞTLƏRİN MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASININ TƏMİN EDİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunması ilə əlaqədar az təminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi za-manı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara 90 min manat, Böyük Vətən müharibəsi iştirakçılarına 85 min manat, həlak olmuş döyüşçülərin dul arvadlarına 60 min manat, şəhid ailəsi üzvlərinin hər birinə 30 min manat, Çernobıl qəzası əlillərinə, 20 Yanvar əlillərinə, sosial pensiyaçılara, I və II qrup əllilərə (müharibə əlilləri və onlara bərabər tutu-lanlar istisna olmaqla) 20 min manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlərə və məskunlaşmamış qaçqınlara 15 min manat məbləğində aylıq müavinət müəyyən edilsin.
2. Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara müalicə üçün ildə bir dəfə 500 min manat məbləğində vəsait ödənilsin.
3. İşləməyən əmək pensiyaçılarının (III qrup əlillərdən başqa) pensiya və müavinətlərinin ümumi məb-ləğinin minimum həddi (bu fərmanla müəyyən olunan müavinətlər istisna olmaqla) 70 min manata çatdırılsın.
4. Nəzərə alınsın ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əla-vələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək ölkənin ali və orta peşə - ixtisas təhsil müəssisələrinin ödənişli bölmələrinə daxil olan və qanunvericiliyə uyğun olaraq təhsil haqqını ödəməkdən azad edilən şəxslər təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azaddırlar.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
- bu fərmanla müəyyən olunmuş müavinətlərin vətəndaşlara verilməsi mexanizmini 15 gün müddətində hazırlayıb təsdiq etsin və bununla bağlı əhalinin məlumatlandırılması üçün müvafiq tədbirlər görsün;
- məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi qaydasını müəyyən etsin;
- mövcud dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi barədə 3 ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Pedaqoji işçilərin, ahıl vətəndaşların, sosial pensiyaçıların, Çernobıl qəzası əlillərinin, birinci və ikinci qrup əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası prezidentinin 1997-ci il 17 iyun tarixli 597 nömrəli fərmanına aşağıdakı dəyişikliklər edilsin:
Fərmanın adı aşağıdakı redaksiyada verilsin:
"Pedaqoji işçilərin və ahıl vətəndaşların sosial müdafiəsi haqqında".
Preambula hissəsində "pedaqoji işçilərin, ahıl vətəndaşların sosial pensiyaçıların, Çernobıl qəza-sı əlillərinin, birinci və ikinci qrup əlillərin" sözləri "pedaqoji işçilərin və ahıl vətəndaşların" sözləri ilə əvəz edilsin.
1-ci bəndin üçüncü abzasından "sosial pensiyaçılara, Çernobıl qəzası əlillərinə, birinci və ikinci qrup əlil vətəndaşlara (qeyri-vergi güzəştləri saxlanılanlar istisna olmaqla) 14 min manat" sözləri çıxarılsın.
7. Bu fərman 1 yanvar 2002-ci il tarixindən qüvvəyə minir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 26 dekabr 2002-ci il