z

Fərman və Sərəncamlar

10 FEVRAL / 2017

"Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər"in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
QƏRAR


Bakı şəhəri, 10 fevral 2017-ci il
"Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər"in təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 50 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı
ƏLAVƏ TƏLƏBLƏR
1. Bu sənəd "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələbləri müəyyən edir.
2. Təhlükə potensiallı tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı aşağıda göstərilən əlavə tələblər müəyyən edilir:
2.1. diametri 1000 millimetrdən artıq olan magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərlərində siqnalizasiya sisteminin quraşdırılması və magistral boru kəmərləri boyunca sağ və sol tərəflərdə müvafiq normalara uyğun mühafizə zonalarının saxlanması;
2.2. su və istilik elektrik stansiyalarının tikintisində ərazinin mikroseysmikliyinin təyini;
2.3. həcmi 10 milyon kubmetrdən artıq olan su hövzələrində (anbarlarında) və onların bəndlərində (hidrotexniki qurğularında) daimi monitorinqin keçirilməsi və fövqəladə halın baş verməsi gözlənildikdə qəza vəziyyətinin dərhal aradan qaldırılması sisteminin, eləcə də potensial təhlükəli ərazilərdə əhalinin qabaqcadan xəbərdarlıq edilməsi sisteminin yaradılması;
2.4. neft emalı maddələrinin istehsalı zavodlarında ətraf mühitin, insanların və istehsal proseslərinin təhlükəsizliyini təmin edən qoruyucu konstruksiya və qurğuların inşası;
2.5. həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlarda və maye qazların izometrik anbarlarında siqnalizasiya sisteminin quraşdırılması, konstruksiya elementlərinin odadavamlılıq dərəcəsinin 1 (bir) dərəcə artırılması və ildırımötürücü sistemlərin tətbiqi;
2.6. maye qaz, neft və neft məhsullarının rezervuar parklarında ildırımötürücü sistemlərin tətbiqi və qəza zamanı maye axıntısının qarşısını alan dambaların tikintisi;
2.7. həcmi 5 (beş) min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarların və qazholderlərin konstruksiyalarının etibarlılığının və tikişlərin kipliyinin yoxlanılma sınaqlarının aparılması;
2.8. dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformalarında eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsi üçün konstruktiv həllərin tapılması, ətraf mühitin qorunması, insanların təxliyəsi və istehsal proseslərində təhlükəsizlik sistemlərinin təminatı;
2.9. gücü saatda 2 (iki) milyon kubmetrdən yuxarı olan kompressor stansiyalarında, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalarda ventilyasiya sistemlərində səsboğucular qoyulmasının nəzərdə tutulması və səs-küyün normativ həddi keçməməsinin təmin olunması;
2.10. dövlət əhəmiyyətli hidrotexniki qurğularda qəzaların qarşısının alınması məqsədi ilə əlavə suburaxıcı qurğuların nəzərə alınması, eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsinin konstruktiv həllərinin təminatı;
2.11. sel və daşqın sularından qoruyucu bəndlərdə və torpaq sürüşmələrindən istinad divarlarında ehtiyatlılıq əmsalının 2-yə qədər artırılması;
2.12. partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatın istehsalı, emalı, istifadəsi, saxlanılması, məhvi və basdırılması, o cümlədən, işlənmiş nüvə yanacağının basdırılması həyata keçirilən tikinti obyektlərində təhlükəsizlik və xəbərdarlıq, habelə nüvə və radiasiya təhlükəsizliyi sisteminin quraşdırılması, xüsusi izolyasiya tədbirlərinin nəzərdə tutulması;
2.13. üzvi tərkibli xammalın qəbulu, saxlanılması, nəqli və emalı ilə bağlı ümumi tutumu 500 tondan artıq olan taxıl terminalları, elevatorlar, anbarlarda temperatur sensorlarının və operativ boşaltma sistemlərinin quraşdırılması, onların aspirasiya qurğuları ilə bloklaşdırılması və təmizlənmə sistemlərinin yaradılması;
2.14. istehsal gücü 100 ton/gün və daha artıq olan un dəyirmanlarında, 5 (beş) ton/saat və daha artıq olan maya (solod) emalı müəssisələrində , 20 ton/saat və daha artıq olan üzvi tərkibli xammalın emalı və qurudulması obyektlərində üzvi tərkibli xammalın təmizlənməsi və emalı sahələrinin bir-birindən təcrid edilməsi, müvafiq aspirasiya və ventilyasiya qurğularının yaradılması, tullantıların emal sahələrindən kənarda xüsusi anbarlara yerləşdirilməsi;
2.15. istehsal gücü 3 (üç) ton/saat və daha artıq olan qarışıq yem istehsalı obyektlərində xammalın, yem qarışıqlarının fərdi qaydada anbarlarda saxlanması, müvafiq aspirasiya qurğularının və partlayış gücünün zəiflədicilərinin quraşdırılması;
2.16. gücü 4 (dörd) kilovat, 1500 dövr/dəq-dən artıq olan aspirasiya qurğularında avadanlıqların texniki pasportlarının olması, hər bir üzvi xammala uyğun filtr-tsiklonların quraşdırılması və maqnit mühafizə sistemlərinin yaradılması;
2.17. çoxmərtəbəli binaların yeraltı və yerüstü hissələrində yerləşən, 100-dən artıq avtomobil üçün dayanacağı olan qarajlarda yanğından mühafizə və ventilyasiya sistemlərinin quraşdırılması, o cümlədən onların müvafiq yanğınsöndürmə avadanlığı və maddələri (materialları) ilə təminatı;
2.18. yüksəkgərginlikli elektrikötürücü xətlər boyunca mühafizə zonalarının saxlanılması və qurğularında "mühafizə-torpaqlama" tələblərinin yerinə yetirilməsi;
2.19. yanacaqdoldurma (neft və qaz) obyektlərində yanğından mühafizə sistemlərinə və avadanlıqlarına, o cümlədən yanğınsöndürmə maddələrinə (materiallarına) olan tələblərin yerinə yetirilməsi;
2.20. ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsini, istehsalını və təmirini həyata keçirən obyektlərdə nüvə və radiasiya təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması;
2.21. nüvə (atom) reaktorlarının istifadəsini və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyekt və qurğularda radiasiyadan qorunma və nüvə təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması.
3. Dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı aşağıda göstərilən əlavə tələblər müəyyən edilir:
3.1. respublika əhəmiyyətli muzeylərdə, dövlət kitabxanalarında və arxivlərində təyinatından asılı olaraq yanğından mühafizə sistemlərinə və avadanlıqlarına, o cümlədən yanğınsöndürmə maddələrinə (materiallarına) olan tələblərin yerinə yetirilməsi;
3.2. dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrində (o cümlədən, memarlıq abidələrində) bərpa, gücləndirmə və yenidənqurma işlərinin aparılması məqsədi ilə vizual və instrumental müayinələrin aparılması;
3.3. nüvə (atom) reaktorlarında nüvə və radiasiya təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması;
3.4. metro stansiyalarının giriş (dəhliz) və tunel konstruksiyalarının (əsasən örtüklərin) xüsusi hallarda baş verə biləcək əlavə yüklərin layihələndirilmədə nəzərə alınması, tunellərdən müvəqqəti sığınacaq kimi istifadəsinin təmin edilməsi tələblərinin yerinə yetirilməsi;
3.5. aşırımı 100 metrdən və ya uzunluğu 1000 metrdən artıq olan körpülərdə eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsinin konstruktiv həllərinin təminatı;
3.6. tutumu 2 (iki) min nəfərdən artıq olan qapalı və üstüörtülü idman qurğularında və konsert, konfrans saraylarında daxili divar üzlüklərinin, asma tavan və örtüklərinin materiallarının və konstruksiyalarının odadavamlılığa və radiasiya fonunun dərəcəsinə görə sınaq nəticələrinin, eləcə də bu obyektlərin akustik hesablamalarının yerinə yetirilməsi;
3.7. dövlət vəsaiti hesabına inşa olunan 75 metrdən hündür ictimai və çoxfunksiyalı bina və qurğuların normal istismarını təmin edən dinamiki göstəricilərin müvafiq normaların tələblərinə uyğunluğunun təmin edilməsi və obyekt istismara qəbul edilməzdən əvvəl birbaşa sınaqlarla yoxlanılması;
3.8. uzunluğu 1000 metrdən artıq olan tunellərdə ventilyasiya və işıqlandırma sistemlərinin müvafiq normalara uyğun olaraq yerinə yetirilməsi;
3.9. hündürlüyü 100 metrdən artıq olan qurğularda (qüllələrdə, dorlarda və borularda) ildırımötürücü sistemlərin tətbiqi;
3.10. hava və dəniz limanlarında, dəmiryolu vağzallarında və avtovağzallarda ətraf mühitin və insanların təhlükəsizliyinin təminatı;
3.11. Xəzər dənizi akvatoriyasında inşa olunan obyektlərdə qəzaların qarşısının alınması vasitələrinin nəzərə alınması, eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsinin konstruktiv həllərinin və metal konstruksiyaların korroziyadan mühafizə tədbirlərinin təminatı;
3.12. xüsusi təyinatlı tikinti komplekslərində (hərbi hissələrdə, penitensiar müəssisələrdə, habelə sığınacaqlarda və digər mülki müdafiə qurğularında) ventilyasiya, siqnalizasiya və müşahidə sistemlərinin yaradılması;
3.13. telekommunikasiya şəbəkələrinin və qurğularının mühafizə zonalarında əlavə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi;
3.14. yerüstü peyk idarəetmə mərkəzlərində mühafizə zonalarının saxlanılması və idarəetmə siqnallarının peykə ötürülməsinə və peykdən qəbul edilməsinə maneə törədə bilən vasitələrin qarşısının alınması;
3.15. dövlət və beynəlxalq əhəmiyyətli neft, qaz boru kəmərlərində, 110 kilovat və ondan artıq gərginlikli elektrikötürücü xətlərdə, tutumu 10 min kubmetr və daha artıq olan neft, neft və kimya məhsullarının saxlandığı qurğularda qəzaların qarşısının alınması vasitələrinin nəzərdə tutulması və mühafizə zonalarının təminatı;
3.16. məhsuldarlığı 10 min kubmetr/gün və daha artıq olan su və həcmi 20 min kubmetr və daha artıq olan çirkab sutəmizləmə qurğularında, əhalisinin sayı 5000 nəfərdən artıq olan yaşayış məntəqələrinin suqəbuledici qurğularında baş verə biləcək qəzaların qarşısının alınması vasitələrinin nəzərdə tutulması və mühafizə zonalarının təminatı.
Qeyd. Bu normativ-hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci hissəsinə uyğun olaraq edilə bilər.