z

Fərman və Sərəncamlar

18 MART / 2011

BAKI METROPOLİTENİNİN PERSPEKTİV İNKİŞAFI İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18 Mart 2011 0:00

Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli Sərəncamına uyğun olaraq Bakı şəhərinin sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə malik olan Bakı Metropoliteninin daha da inkişaf etdirilməsini, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini, əhalinin metro nəqliyyatı xidmətlərinə olan tələbatının ödənilməsini, qatarların hərəkətinin və sərnişindaşımanın təhlükəsizliyini, onun maddi-texniki bazasının gücləndirilməsini və infrastrukturunun yenidən qurulmasını, digər sərnişin nəqliyyatı növləri ilə müqayisədə rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilsin (əlavə olunur).
2. “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqrami” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. Bu Sərəncamın 2-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq tikiləcək yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni və digər əlaqədar təşkilatlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsini təmin etsin;
3.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin və onun icrasının gedişi barədə hər ilin yekununa görə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezdenti
Baki şəhəri, 18 mart 2011-ci il