z

Qərarlar

08 DEKABR / 2020

Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılsın.
2. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilsin:
2.1. Aşağıdakı şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilir:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
2.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
2.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası
hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Aparatının əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri (müavinlərin şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları (əməkdaşların şəhərlərarası və rayonlararası hərəkətinə ezamiyyə vərəqələri əsasında);
2.1.7. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
2.1.8. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, habelə onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);
2.1.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları.
2.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
2.2.1. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçiləri;
2.2.2. “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə);
2.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməyən özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;
2.2.4. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları.
2.3. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir.
2.4. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbəkönüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
2.5. Bu Qərarın 2.2-ci və 2.4-cü bəndlərində göstərilən şəxslər bu Qərarın 1-ci hissəsində qeyd olunan ərazilərin arasında və onların hüdudlarından kənara işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edirlər.
2.6. Digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:
2.6.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
2.6.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;
2.6.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
2.7. Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini
və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla
müəyyən edilir).
2.8. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
2.8.1. Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);
2.8.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);
2.8.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);
Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.
2.9. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
2.9.1. tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
2.9.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;
2.9.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur və razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
2.9.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:
1. açılan əsas səhifədən “icazələr” bölməsinə keçid edilir;
2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
3. icazənin növü seçilir (1 və ya 2);
4. “Göndər” düyməsi sıxılır;
2.9.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə qədər gözləmə mesajı ekranda görünür;
2.9.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.
2.10. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS-məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
2.11. Bu Qərarın 2.6.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
2.12. Aşağıdakı hallarda şəxsin yaşayış yerini və olduğu yeri SMS göndərmədən və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ vardır:
2.12.1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;
2.12.2. məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).
2.13. SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə müraciət edilə bilər.
2.14. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 2020-ci il 9 dekabr tarixindən saat 10:00-dan etibarən daxil etməlidirlər.
3. Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələri hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvanşəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılsın.
4. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
5. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.
6. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
7. Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
8. Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS sistemi və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi halları aşkar edildikdə, bu  barədə məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.
9. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2020, № 9 maddələr 1209, 1231; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli 386 nömrəli, 14 oktyabr tarixli 387 və 390 nömrəli, 16 oktyabr tarixli 395 nömrəli, 23 oktyabr tarixli 410 nömrəli, 28 oktyabr tarixli 426 və 427 nömrəli, 6 noyabr tarixli 443 nömrəli, 19 noyabr tarixli 450 nömrəli və 5 dekabr tarixli 485 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.1-ci bənddə “2020-ci il 28 dekabr” sözləri “2021-ci il 31 yanvar” sözləri ilə əvəz edilsin;
9.2. 1.1.16-cı yarımbənd ləğv edilsin.
10. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə qüvvəsini saxlayır.
11. Bu Qərar 2020-ci il 14 dekabr tarixindən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 8 dekabr 2020-ci il
№ 488

Qərarın tam mətninə istinad: Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında