z

Qərarlar

19 NOYABR / 2020

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılsın.
2.“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndin mətnində “1 dekabr” sözləri “28 dekabr” sözləri ilə əvəz edilsin;
2.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “1.1.15. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;”;
2.3. 1.2.5-ci yarımbənd ləğv edilsin;
2.4. 1.1.15-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.1.16-cı yarımbənd əlavə edilsin: “1.1.16. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılması.”;
2.5. 1.3-cü bənddə “23 noyabr” sözləri “7 dekabr” sözləri ilə əvəz olunsun və həmin bəndə “bu Qərarın” sözlərindən sonra “2 nömrəli” sözləri əlavə edilsin; 2.6. həmin Qərarın əlavəsində “əlavə” sözü “2 nömrəli əlavə” sözləri ilə əvəz edilsin.
3. Bu Qərar 2020-ci il 21 noyabr saat 00:00-dan qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının
Baş naziri Bakı şəhəri, 19 noyabr 2020-ci il
№ 450 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 19 noyabr
tarixli 450 nömrəli Qərarına

1 nömrəli əlavə

Fəaliyyətinə icazə verilən sahələr


1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;
3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;
4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;
5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;
6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;
8. mühafizə xidmətləri.