z

Daha bir elektrik yarımstansiyasının yenidən qurulmasına başlanılıb

Daha bir elektrik yarımstansiyasının yenidən qurulmasına başlanılıb

14 MART / 2024 / 10:24

Bakı metropolitenində elektrik təchizatının müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində daha bir yarımstansiyanın yenidən qurulmasına başlanılıb.
57 ildir fəaliyyətdə olan “28 May” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki cəhətdən köhnəldiyindən yenisilə əvəzlənməsi zərurətə çevrilib. Yenidənqurma çərçivəsində avadanlıqların sökülməsindən əvvəl enerji təhlükəsizliyinin təmin edilməsi və elektrik təchizatının sabitliyinin saxlanılması məqsədilə müvəqqəti alternativ mənbə yaradılıb. Köhnə avadanlığın sökülməsi ilə yanaşı, sahənin əsaslı təmiri, yeni avadanlıqların standartlarına uyğunlaşdırılması və yerləşdirilməsi ilə bağlı iş ardıcıllığı müəyyən edilib.
Dövrün tələbləri nəzərə alınaraq, istismardan çıxarılan bütün avadanlıqlar dünyada bu sahədə aparıcı şirkətlərdən olan "Siemens"in müasir avadanlıq və sistemləri ilə əvəzlənəcək. Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verəcək.
Yarımstansiyada 6 transformator tamamilə dəyişdiriləcək. 750 kvA-lıq 2 güc transformatoru 1000 kvA-lıq anaoloqu ilə əvəzlənəcək. İşıqlandırmaya xidmət edən 320 kvA-lıq daha 2 transformator eyni sayda 400 kvA-lıqlara dəyişdiriləcək. İşarəvermə sistemlərini qidalandıran 63 kvA nominalındakı 2 transformatoru isə 100 kvA-lıqlar əvəz edəcək. Yeni daha güclü transformatorlar ən müasir tələblər səviyyəsində olmaqla, daha etibarlı və təhlükəsizdir.
Bununla yanaşı, 6 kV kompleks paylayıcı qurğular da innovativ sistemli təchizatı və idarəetməsi, etibarlığı, təhlükəsizliyi, həm də qulluq, baxış rahatlığı və səmərəliyi ilə seçilir. Yeni qurğuların ən üstün texniki cəhətləri sırasında köhnə yağ açarlarının müasir vakuum analoqları ilə əvəzlənməsini qeyd etmək olar. Yenidənqurma zamanı hər yüksək gərginlik xətti öz yuvası ilə təmin ediləcək. Buna qədər bir yuvaya 2-3 kabel xətti daxil olurdu. Qeyd edilənlər keyfiyyətin yeni təchizat mərhələsi olacaq.
Həmçinin 380/220 V paylayıcı quruluşlar 4 müasir komplektləşmə ilə yenilənəcək. “SİVACON S8” tipli müasir sistem “Siemens” şirkətinin öz icadı olmaqla, universallığı, sadəliyi ilə yanaşı, enerjinin bütün səviyyələrdə paylanmasında maksimal etibarlığı ilə seçilir.
Bundan savayı, əvvəlki 110 V sabit cərəyan panelini 220 V-luq analoqu əvəz edəcək. Bu isə o deməkdir ki, yarımstansiyada 70 əvəzinə 115 akkumulyator qoyulacaq və bununla təhlükəsizliyin daha bir yüksək həddi təmin ediləcək. Qəza paneli, statik kondensator, işıqlanma və güc yığım dolabları və s. avadanlıqların hər biri də yeni tələblər səviyyəsində olacaq.
Ümumiyyətlə, son illərdə elektrik yarımstansiyalarının, eləcə də kabel xətlərinin, işıqlanma sistemlərinin modernləşdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması zamanı tətbiq edilən innovativ mühəndis həlləri metropolitendə enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından daha da sürətləndirilib. Bu mənada 2023-cü il xətlərin ayrıldığı sahələrdə 56 ildir istifadə olunan kabellərin tam yeniləşdirilməsi ilə yadda qalıb.