z

2020-ci il: Təlim Tədris Mərkəzi

2020-ci il: Təlim Tədris Mərkəzi

13 IYUN / 2022 / 10:23

2020-ci ilin mart ayında elan edilmiş “COVID-19” pandemiyası dövrünün məhdudiyyətləri Təlim Tədris Mərkəzinin (TTM) fəaliyyətinə də təsir edib. Bununla belə keçirilən 2429 saatlıq təlimlərə 490 nəfər cəlb olunub. Avtomotonəqliyyat kolonunun 10 işçisi ilə 22 saat, birləşmiş emalatxanaların 7 işçisi ilə 20 saat, diaqnostika və metroloji təminat mərkəzinin 26 mütəxəssisi ilə 242 saat, depolar üzrə iş departamentinin 17 əməkdaşı ilə 124 saat, elektromexanika xidməti işçilərindən 11 nəfərlə 4 saat, elektrik təchizatı xidmətinin 30 işçisi ilə 118 saat, maşinist hazırlığı kurslarının 29 dinləyicisi ilə 1087 saat, 85 hərəkətçi ilə 269 saat, işarəvermə və rabitə xidmətindən 80 nəfərlə 162 saat, mühafizə və yanğın təhlükəsizliyi xidmətinin 14 əməkdaşı ilə 20 saat, sağlamlıq, əməyin təşkili və ətraf mühitin mühafizəsi şöbəsinin 77 işçisi ilə 70 saat, tunel qurğuları xidmətindən 35 nəfərlə 52 saat, yol xidmətindən 69 nəfərlə 230 saat məşğələr keçirilib.
Hesabat ilində mühüm layihələr də icra olunub. Yeni məzunların təcrübəçi qismində müsahibə yolu ilə TTM-in ştatına qəbul olunaraq hazırlanmasına başlanılıb. Yeni işə qəbul olunan işçilər TTM-də 2-həftəlik ilkin tanışlıq və uyğunlaşma təlimlərinə cəlb olunur, metropolitenin strukturu, fəaliyyəti və layihələri barədə geniş məlumatlandırılır, onların tunel və depoya ekskursiyaları təşkil edilir. Sonra struktur vahidlərinin işi ilə yerində əyani şəkildə tanış olmaq və peşə vərdişlərini möhkəmləndirmək üçün 3 ay müddətinə TTM tərəfindən təyin olunmuş mentorlara təhkim olunurlar. Bu müddədə strukturlarla birgə hazırlanmış proqrama əsasən, xidmətin müxtəlif sahələrində aparılan işlərdə birbaşa iştirak edirlər. Təhkim olunma müddətində təcrübə iştirakçılarına TTM rəhbəri və nümayəndələri tərəfindən iş yerlərində baş çəkilir, proqramın gedişatı ilə bağlı sual-cavab aparılır. Bu istiqamətdə ümumilikdə 3 qrup olmaqla 16 nəfər təcrübə iştirakçısı işə qəbul olunub. Təcrübə müddətini uğurla yekunlaşdıran 3 nəfər elektrik təchizatı xidmətində elektrik montyoru kimi işə başlayıb. Hazırda bu xidmətin 5 nəfər, depolar üzrə iş departamentinin 3 nəfər, işarəvermə və rabitə xidmətinin 3 nəfər, elektromexanika xidmətinin 1 nəfər, vaqonların əsaslı təmiri xidmətinin1 nəfər və idarə aparatından 1 nəfər, ümumilikdə, 13 nəfər strukturlarda peşə hazırlığını davam etdirirlər.
Maşinist hazırlığı kurslarında tədris prosesinin təkmilləşdirilməsi mütəmadi olaraq davam etdirilir. Nəzəri təlimlər, tunel və deponun istehsalat sahələrində təcrübə məşğələləri və trenajorda məşqlər müntəzəm olaraq icra olunur. 2020-ci ildə maşinist hazırlığı üzrə 1087 saat təlim keçirilib. Kursu müvəffəqiyyətlə yekunlaşdıran 6 nəfər müdavim maşinist peşəsi üzrə işə qəbul edilib. Hazırda 22 nəfərin hazırlığı davam edir. Bunlardan 11 nəfər təlimin nəzəri hissəsini yekunlaşdırıb, real şəraitdə qatarı idarəetmə təlimlərinə keçiblər.
Yeni stansiyanın açılışı ilə əlaqədar kadr heyətinin yaradılması məqsədilə hərəkət xidmətinin mərkəzləşmə məntəqəsi, platforma növbətçisi vəzifələrinə namizədlər seçim imtahanlarına cəlb olunub, kadr komissiyasında iştirak ediblər. Seçim turunda müvəffəqiyyət qazanan 26 namizəd 2 qrup olmaqla 2 aylıq hazırlıq təlimlərinə cəlb ediliblər. Təlimin yekununda peşə bilikləri üzrə yekun imtahandan 18 nəfər məqbul nəticə ilə çıxıb.
Cari ildə tədris mərkəzində “Metropoliten terminlərinin izahlı lüğəti”nin hazırlanmasına başlanılıb. Struktur vahidlərinin cəlb olunduğu proses nəticəsində 13 mindən artıq termin toplanılıb, müzakirə üçün texniki şuraya təqdim olunub. Terminlərin rus-Azərbaycan dili qarşılığı yekunlaşıb, ingilis dilinə tərcümə ilə bağlı müvafiq mütəxəssislə razılıq əldə olunub.
Metropolitenə gənc və səriştəli kadrların cəlb olunması üçün universitetlər və təhsil müəssisələrinin rəhbərlikləri ilə görüşlər keçirilib. Bu istiqamətdə ortaq seminar və dərslərin keçirilməsi barədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin vəzifəli nümayəndələri ilə razılıq əldə edilib. 
Qəza-bərpa vasitələri məntəqəsinin işinin yenidən qurulmasında TTM yaxından iştirak edib. Depolar üzrə iş departamenti və qatarların hərəkət təhlükəzliyi üzrə müfəttişlik aparatı ilə birlikdə yeni proqramlar hazırlanıb, təlimdən öncə və sonra müvafiq təlimatlar keçirilir. İl ərzində qəza-bərpa vasitələri mərkəzi ilə birlikdə 30 qəza-məşq oyunu keçirilib. Relsdən düşmüş sərnişin və təsərrüfat qatarının bərpa olunmasından əlavə planlı qəza avtomobili yürüşləri və qəza çağırışları aparılıb.
2021-ci il üçün yeni proqramın hazırlanması nəzərdə tutulub. Tədris Təlim Mərkəzi əməkdaşları  digər strukturlarda keçirilən qəza-məşq oyunlarında da iştirak edib, çəkilişlər aparılıb və öz tövsiyələrini veriblər.
İxtisasartırma və kadr hazırlığı ilə bağlı təlimlərin yekununda keçirilən bilik yoxlamalarının test bazasının yenilənməsinə başlanılıb. Öncədən hər strukturun özünün proqrama daxil etdiyi suallar vahid mərkəzdə toplanılıb, tədris mərkəzi tərəfindən yoxlanıldıqdan və müvafiq düzəlişlər edildikdən sonra imtahan proqramına daxil edilib. Bazanın genişləndirilməsi istiqamətində struktur vahidlərindən yeni suallar tələb olunub, eyni zamanda mövcud suallar təkmilləşdirilib.
Fəaliyyətdə olan qatar maşinistlərinin əmək qabiliyyətinin və çevikliyinin dayanıqlığı məqsədi ilə TTM binasındakı 81-765/766 seriyalı vaqonların trenajorunda, həmçinin depo ərazisindəki texniki kabinetdə yerləşən 81-717/714 seriyalı vaqonlar üçün nəzərdə tutulan trenajorda proqram üzrə il boyu qəza-məşq oyunları keçirilib, zəif nəticə göstərən maşinistlər təlimatlandırılaraq, təkrar məşqlərə cəlb olunublar. İl ərzində yeni seriyalı vaqonlar üçün nəzərdə tutulan trenajorda 17 mövzu üzrə 560 nəfər, 81-717/714 seriyalı vaqonlar üçün trenajorda isə 12 mövzu üzrə 1353 nəfər maşinist qəza-məşq oyunlarında iştirak edib.
Zəruri təlimatların daha da mənimsənilməsi və təkmilləşdirilməsi istiqamətində 13 struktur rəhbəri üçün 20 həftəlik/40 saatlıq təlim-mühazirələr təşkil olunub. Bu müddətdə texniki istismar qaydaları, işarəvermə üzrə təlimat, qatarların hərəkətinin təşkili və manevr üzrə təlimat, tunelə keçid qaydaları, təmas relsindən gərginliyin çıxarılması və yanğın təhlüksizliyi qaydalarının izahat və müzakirə formatında oxunuşu keçirilib.
Təlimlərin keyfiyyətini artırmaq, mənimsəməni asanlaşdırmaq və alınan yeni avadanlıqların düzgün istismarını təmin etmək məqsədi ilə Təlim Tədris Mərkəzi əməkdaşları tərəfindən xarici dildə olan ədəbiyyatların tərcümə işlərinə başlanılıb. İlkin olaraq, depo işçiləri üçün zəruri olan 9 ədəbiyyat tərcümə olunaraq, texniki şura tərəfindən təsdiq edilərək çapa verilib. Bundan əlavə TTM əməkdaşları elektrik mühərriklərinin əsaslı təmiri xidmətində istifadə olunan yeni avadanlıqlar üçün 7 təlimatı və 9 pasportu, depo qanovlarında quraşdırılan çevik avtomatlar üçün 1 təlimatı tərcümə edərək texniki şuraya təqdim ediblər.
Mərkəz vahid dispetçer mərkəzinin qurulması ilə bağlı hazırlıq işlərində də yaxından iştirak edib. Yeni struktur üzrə vəzifə təlimatlarının hazırlanması və səriştəli kadrların yetişdirilməsi üçün təlim proqramları işlənib. Mərkəz rəhbərliyinin təşəbbüsü ilə metro.gov.az saytının korporativ portalında “Təlim-tədris” bölməsi yaradılıb. Bölmənin əsas məqsədi TTM-nin cari işi, tədris vəsaitləri, imtahan nəticələri və fərqli fəaliyyət istiqamətləri ilə bağlı məlumatları daha əlçatan etməkdir. 
Təlimlərin səmərəliliyinin artırılması məqsədi ilə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühütün mühafizəsi şöbəsi üçün elektrik təhlükəsizliyi otağının yaradılması işləri başlanıb, işarəvermə və rabitə xidmətinə aid otaqda “Thales” təlimlərinin keçirilməsi üçün şərait yaradılıb, “Autocad” təlimlərinin keçirilməsi üçün kompüterlər quraşdırılıb.