z

Bakı metropoliteni bayram günlərində

Bakı metropoliteni bayram günlərində

06 YANVAR / 2023 / 10:41

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gücləndirilmiş iş rejimi şəraitində çalışan Bakı metropoliteni 5 gün ərzində 2 milyon 332 min 539 və yaxud gün ərzində orta statistik hesabla 466 min 508 sərnişin daşıyıb. Ümumən bayram günlərində hər hansısa neqativ hadisə yaşanmayıb. 
2023-cü il yanvarın 1-nə keçən gecə Yeni ilin gəlişini şəhər gəzintisində qeyd edənlərin axını nəzərə alınaraq, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 1 saat uzadılmışdı. Lakin tələbata uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi iş vaxtını daha bir saat uzadıb. Gecə saat 02:00-a qədər stansiyalar sərnişinlərin girişinə açıq olub. 2 saat ərzində metropolitendən 27 min 688 ödənişli sərnişin istifadə edib. Qeyd edək ki, bu rəqəm 2022-ci ilin gəlişi ilə əlaqədar uzadılmış iş vaxtı ərzində (2022-ci il yanvarın 1-nə keçən gecə) daşınan sərnişin sayından 5 min 156 nəfər çoxdur.
2023-cü il yanvar ayının 1-nə keçən gecə 2 saat ərzində sərnişinlərin ən çox daxil olduğu stansiyalar “28 May” (9 min 363), “Sahil” (8 min 627) və “İçərişəhər” (5 min 225) olub. Bu iş vaxtının uzadıldığı vaxt ərzində metropolitendən istifadə edən sərnişinlərin 83,84 faizi deməkdir. Ümumiyyətlə, 2022-ci ilin dekabr ayı ərzində Bakı metropoliteni 21 milyon 293 min 624 sərnişinə daşıma xidməti göstərib. Orta statistik hesabla gün ərzində 686 min 891 nəfər metropolitendən istifadə edib. Bu, pandemiya dövründə bir ay ərzində ən yüksək göstərici hesab olunur. İlin sonuncu ayının yalnız iş günləri nəzərə alınarsa, metropoliten 22 gün ərzində orta hesabla 760 min 185 nəfər sərnişin daşıyıb.