z
04 APREL / 2024 / 10:52
Bakı metropolitenindən istifadə edənlərin sayı 2024-cü ilin mart ayında 18 milyon 366 min 704 sərnişin təşkil edib. Bu rəqəmin 496 min 211-i və yaxud 2,7 faizi güzəştli və ya ödənişsiz keçənlərdir. Mart ayının orta statistik gündəlik sərnişindaşıması fevral ayına nəzərən (617 min 85 sərnişin) aşağı olub - 592 min 474.
Ən çox sərnişin mart ayının 7-si daşınıb – 848 min 934. Bu rəqəm həm də 2024-cü ildə bir gün üçün ən yüksək daşıma göstəricisidir. Martın 20-si isə ən az – 272 min 984 sərnişin daşınıb.
Mart ayında 15 iş günü olub. Ayın 19-u istisna olmaqla, hər iş günü 700 mindən artıq sərnişin daşınıb. Ümuməm qeyd edilən müddətdə orta hesabla gündəlik daşıma statistikası 758 min 499 təşkil edib.
Pandemiyaya qədər son ən şox sərnişin daşınan 2019-cu, eləcə də 2023-cü illə müqayisədə mart ayında daha az (uyğun olaraq, 4,5 faiz və 2,7 faiz az), 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə daha çox (12,8 faiz çox) sərnişin metropolitenin daşıma xidmətinə müraciət edib.
Eyni illərin müqayisəsində 2024-cü ilin birinci rübü üzrə daşıma statistikası isə yalnız 2019-cu ildən geri qalır. Cari ilin birinci rübündə Bakı metropoliteni ilə 53 milyon 514 min 865 sərnişin daşınıb. Pandemiyadan sonra sərnişin artımı müşahidə olunsa da, birinci rüblərin müqayisəsində 2019-cu ildən gerilik 3,8 faiz təşkil edir. Lakin 2022-ci ilin ilk üç ayından 17,3 faiz, 2023-cü ilin eyni dövründən isə 1,6 faiz çox sərnişin daşınıb.