z

“Yeraltı səltənətin” “Fəxri metropolitençi”si

“Yeraltı səltənətin” “Fəxri metropolitençi”si

05 NOYABR / 2022 / 14:54

Qırx yeddi il bundan əvvəl Qazaxın Aşağı Əskipara kəndindən paytaxta gələn Misgər İsgəndərov Bakı Baş Tikinti İdarəsində sanitariya qurğularının çilingəri kimi əmək fəaliyyətinə başlayıb. Amma burada həyatını,  gələcəyini istəyinə uyğun qurmağın perspektivlərini görmədiyindən başqa bir iş yeri axtarışında olub. Bu axtarışların nəticəsi Misgəri 1983-cü ildə Bakı Metro Tikintisi İdarəsinə gətirib, 2 saylı tikinti müəssisəsində mehribanlıqla qarşılanıb. 
Həmin illərdə yerin altında işləmək istəyənlər bir o qədər də çox deyildi, bu səbəbdən də metro tikintisinin işçi qüvvəsinə böyük ehtiyacı var idi. Ona görə də rəis Bəhmən Əliyev, baş mühəndis Yavər Əliyev tərəfindən Misgərin Bakıda pasport qeydiyyatına düşməsi məsələsi qısa müddətdə həll edildi. Çünki o zaman Bakı, necə deyərlər, qapalı şəhər idi, paytaxtda qeydiyyata düşmək istisna hallarda mümkün olurdu. 
Beləliklə, Misgər İsgəndərov “Bakı-metrotuneltikinti”nin fəhlə yataqxanasında pasport qeydiyyatına alındı və orada yaşamağa başladı. Eyni zamanda, 1983-cü ildə Bakı Politexnik Texnikumunun inşaat fakültəsinə daxil oldu.
Misgər İsgəndərov metro tikintisinə “Nizami” ilə  “Elmlər Akademiyası” stansiyaları arasındakı sahədə yerləşən 60 saylı şaxta lüləsinin qazıntısından qoşuldu. İnşaat işləri çox sulu bir sahədə aparılırdı. 
Bir gün qazma sahəsindən suları kənarlaşdıran nasoslardan biri sıradan çıxır. Nasosa baxan çilingəri isə  yerində tapmaq mümkün olmur. Bu vaxt Misgər tərəddüd etmədən nasosa yaxınlaşıb, onu nəzərdən keçirir  və  nasos ustasının alətlərini tapıb işə başlayır. Çox çəkmədən nasosu işə salır. Bütün bunları yuxarıdan izləyən sahə rəisi Misgərə “yuxarı qalx” deyir. O, qazma sahəsindən ayrılıb, rəisə yaxınlaşanda ondan  “İsgəndərov, bu gündən beli kənara at, bundan sonra nasoslara sən baxacaqsan” sözlərini eşidir. Beləcə, 4 ay nasosların fəaliyyətinə Misgər cavabdeh olur.
...Sahənin buraxılış vaxtı yaxınlaşdıqca işlərin sürəti də artırdı. Bakı yeni metro stansiyalarının açılışını səbirsizliklə gözləyirdi. “Nizami–Elmlər Akademiyası” mənzilində tunel qovuşmalarının sayı çox olduğundan onların  karkasını quraşdıran armaturçuların sayını artırmaq lazım idi. Ona görə də Misgəri yaşlı bir armaturçuya təhkim edərək, bu sənəti öyrənməsi tapşırıldı... O vaxtlar 2 saylı tikinti idarəsində armatur karkasların quraşdırılmasında yanmış məftildən istifadə olunurdu. Belə məftili isə armaturçular köhnə trosları yandırmaqla özləri hazırlayırdılar. İstehsalat yığıncaqlarından birində Misgər armatur birləşmələrində məftil əvəzinə qaynaq üsulundan istifadə etmək təklifini irəli sürdü. Bu işi öz boynuna götürdü: “Mənə bir qaynaq aparatı verin”, – dedi. Qaynaq işini Misgər əsgərlikdə, sonra isə Bakı Baş Tikinti İdarəsində işləyərkən öyrənmişdi. Həqiqətən də onun bu təşəbbüsü işin sürətini birə-beş artırdı və proses vaxtında başa çatdırıldı.
“Nizami–Elmlər Akademiyası” mənzilinin sağ tunelində hermetik darvazanın quraşdırılması zamanı Misgər 28 saat tuneldən çıxmadan oradakı bütün armatur işlərini yekunlaşdırdı. Bundan sonra o,  Bakı metrosunun tikintisindəki qaynaq işlərinin böyük hissəsində  armatur işlərinin əsas icraçılarından, həmçinin  səmərələşdirici təkliflərin əsas müəlliflərindən biri kimi tanındı.  
Bütün bu illər ərzində hər yerdə, hər dəfə adı çəkiləndə hamı onun haqqında xoş sözlər söyləyib.  Metro tikintisi veteranı Misgər İsgəndərov “Fəxri metropolitençi” adına layiq görülüb.
Misgər üçün həyatın, insanlığın əsas meyarı vicdandır. O, belə yaşayıb, belə işləyib. İki aydan sonra, əmək bioqrafiyasının son nöqtəsini qoyacaq. Ömrünün qalan hissəsini övladlarına, 4 nəvəsinə həsr edəcək.   Onların Vətən üçün vicdanlı, ləyaqətli insanlar kimi böyüməsinə çalışacaq...
V.BAYRAMOV,
“Xalq qəzeti”