z
05 NOYABR / 2022 / 15:03
55 il əvvəlin 6 noyabr tarixi, bazar ertəsi. Bakı bayram libasına bürünüb. Həmin bazar ertəsi Bakı Xalq Deputatları Soveti (Baksovet) binasının bir neçə addımlığında metronun birinci stansiyası “Bakı Soveti”nin qarşısına xeyli insan toplaşmışdı. Səhər saat 10-da tribunaya qalxan rəsmi şəxsləri izdiham hərarətli alqışlarla qarşıladı. Mitinq başa çatdıqdan sonra qonaqlar stansiyanın yerüstü vestibülündən eskalatorlarla platformaya endilər. Saat 10:15 dəqiqədə maşinist Salman Ələkbərov və onun köməkçisi Arif Mirzəyevdən ibarət lokomotiv briqadasının idarə etdiyi qatar hərəkətə gəldi. Beləcə Bakıda yeni növ ictimai sərnişindaşıma nəqliyyatı fəaliyyətə başladı.
Metronun uzunluğu 6.3 km olan birinci növbəsinin birinci buraxılış sahəsinə daxil olan 5 stansiyasının tikintisi 7 ilə tamam oldu. Metro tikintisi çox çətin və böyük maliyyə hesabına başa gələn proses idi. Tikinti mərkəzi hökumət tərəfindən maliyələşdirilirdi, amma bu maliyyənin ayrılmasını asanlıqla təmin etmək olmurdu. Məhz Heydər Əliyevin inadkarlıqla apardığı gərgin işlərin nəticəsində tələb olunan vəsait əldə olunurdu.
1970-ci ildə “Ulduz” stansiyasının Bakı metrosu tarixindəki başqa bir məziyyəti onun Heydər Əliyev tərəfindən açılan ilk metro stansiyası olmasında idi. Daha sonra məhz onun qətiyyəti və uzaqgörənliyi ilə inşaatda “8-ci kilometr” qəsəbəsinə doğru hərəkətə üstünlük verildi. 1972-ci ili noyabrın 6-da “Əzizbəyov“ (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər” istismara verilməklə böyük yaşayış sahəsinin mərkəzlə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdı.
Həmin illərdə “Nizami” stansiyasına doğru 1,5 km-lik yolun çəkilməsi çox böyük çətinliklərlə başa gəlirdi. Lakin yekunda dahi Nizaminin adını daşıyan bu stansiyadan öz qeyri-adiliyi, cazibədarlığı ilə seçilən bu yeralrı sarayın memarlıq tərtibatının müəllifləri SSRİ-nin Xalq memarı Mikayıl Useynov və SSRİ Xalq rəssamı Mikayıl Abbdulayev stansiyanın həm adının, həm tərtibatının ideya müəllifi olan Heydər Əliyevin məsləhətlərini nəzərə alıb, onu respublika rəhbərinin təsəvvürlərinin təcəssümü kimi yaratdılar. Nəticədə həmin dövrün metro stansiyalarının tikintisi sahəsindəki yanaşma üslublarından , mövcud stereotiplərdən tam fərqli bir möhtəşəm metro stansiyası yarandı.
Sonrakı dövrdə iri sənaye zonasına çevrilən bir ərazidə SSRİ miqyaslı müəssisələrin fəaliyyətə başlaması ilə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kiçik bir platformadan ibarət olan “Elektrozavod” və ya indiki adı ilə “Bakmil” kimi ilk yerüstü stansiya ərsəyə gəldi.
“Nizami-Elmlər Akademiyası” sahəsində geoloji vəziyyət bəlli idi. Lakin Heydər Əliyevin qətiyyəti ilə yeraltı sular, əlverişsiz qrunt qazma işləri davam etdirildi. Onun ərsəyə gəlməsi isə Heydər Əliyevin SSRİ kimi dünyanın nəhəng dövlətinin əsas rəhbərlərindən biri kimi Moskvada Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işlədiyi illərə təsadüf etdi. Məhz Ulu öndərin xidmətləri sayəsində metropolitenin lazım olan bütün texniki avadanlıqlarla təchizatı təmin olundu və 5,6 km-lik yeni xəttin “Elmlər Akademiyası”, İnşaatçılar”, “XI Qızıl Ordu meydanı” (indiki “20 Yanvar”) və “Memar Əcəmi” stansiyaları 1985-ci il dekabrın 31-də açıldı.
Tikintinin 3-cü növbəsinə “Neftçilər”dən sonra 3 stansiya - “Xalqlar dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” daxil idi. Onlardan ilk ikisi məhz Ulu öndərin davamlı olaraq kömək etdiyi dövrlərdə yaradılmış maddi-texniki baza hesabına istifadəyə verildi. “Həzi Aslanov” stansiyası isə müstəqillik dövründə, yenə də məhz Heydər Əliyevin nüfuzu sayəsində Avropa İttifaqının ayırdığı 4,5 milyon avro və Azərbaycan dövlətinin öz büdcəsindən ayırdığı 5,5 milyon manat maliyyə vəsaiti hesabına tikilib başa çatdırıldı. Ona qədərsə metronun daha bir yarımçıq qalmış stansiyası – xətlərin ayrılması layihəsinin əsas keçid stansiyası olan “Cəfər Cabbarlı” stansiyası da istismara verilmişdi.
Ulu öndər kursunun layiqli davamçısı kimi 2003-cü ildə xalqın etimadını qazanaraq Prezident seçilən İlham Əliyev metro tikintisinə olan qayğı və diqqəti ilə yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. 2006-cı ilin əvvəlindən başlanan bu mərhələdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının inşası başa çatdırıldı.
2008-ci ildə məhz dövlət başçısının təşəbbüsü və sərəncamı ilə metronun yeni inkişaf konsepsiyası üzərində işə başlanılaraq, 2011-ci il martın 18-də verilən “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə metropolitan xətlərinin yeni konseptual inkişaf sxemi təsdiq edildi. Bununla metropolitenin 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 km-ə yaxın yollardan ibarət bir şəbəkəyə çevrilməsi layihəsi qüvvəyə minmiş oldu.
Bütün bu göstərilənlər Ulu öndərin Bakı metrosunun inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinin Prezident İlham Əliyev tərəfindən necə bir uğurla həyata keçirilməsinin real təcəssümüdür. Son 18 ildə Bakı metropoliteni xətlərinin uzunluğu 32.1 km-dən 40.7 km-ə çatdırılıb. Yaşıl xəttin “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, Bənövşəyi xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib. Bu sıraya Xocəsən qəsəbəsində eyniadlı stansiya və deponun fəaliyyətə başlaması da qoşulub. Bu isə metro tarixi üçün xüsusi bir layihədir. Çünki 1966-cı ildən sonra metronun ikinci deposu istifadəyə verildi və bu elektrik deposu 55 il ərzində formalamış ənənələr məktəbinin nümayəndələrinin gücü ilə tikildi.
Bakı metropolitenin inkişafına daha böyük vüsət verən tədbirlərdən biri də 2014-cü il fevralın 27-də ölkə başçısının sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması oldu. Bu, metronun inkişafı üzrə dövlət proqramının reallaşdırılmasına, istismarda olan xətlərin müasir texnologiyaların tətbiqi ilə dövrün tələblərinə inteqrasiyasına, istismar müddətini başa vurmuş vaqon və avadanlıqların yeniləşdirilməsinə, hərəkətin təşkilində, yeni xətlərin tikintisində ən son texnologiyaların tətbiqi ilə Bakı metrosunu dünyanın ən qabaqcıl yeraltı nəqliyyat müəssisələri sırasna çıxmaq imkanlarının genişlənməsinə daha möhkəm zəmin yaratdı.
“Bakı Metropoliteni” QSC fəaliyyətinin 9 ilə yaxın dövründə stansiyaların yenidən qurulması, oradakı əsaslı təmir işləri ilə metro şəbəkəsi daha yüksək sürətlə inkişaf etdirildi.
2009-cu ildə istifadəyə verilən “28 May” stansiyasının ikinci çıxışından sonra xüsusi əhəmiyyətə malik “Elmlər Akademiyası”nın da ikinci çıxışı sərnişin yüklənməsi ilə bağlı və daimi olan problemləri aradan qaldırdı.
Bu dövrdə “Gənclik”, “Nərimanov”, “İnşaatçılar”, “Qara Qaryev”, “Neftçilər” stansiyalarının vestibül və piyada keçidlərində, “Elmlər Akademiyası”, “Nizami”, “Sahil”, “Xətai”, “Bakmil” stansiyalarında əsaslı təmir işləri aparıldı. “İnşaatçılar”, “20 Yanvar”, “Elmlər Akademiyası”, “Sahil”, “Xətai” stansiyalarında istismar müddəti başa çatmış eskalatorlar Almaniyanın "Thyssen Krupp" şirkətinin yeni, daha müasir nümunələri ilə əvəz edildi. “Xətai”, “Sahil” stansiyalarında əvvəlki 3 eskalatorun əvəzinə 4 yenisi quraşdırıldı.
İstismar sahəsinin maddi-texniki bazasının gücləndirilməsinin, hərəkətin təşkili və idarə olunmasında yeni texnologiyaların tətbiqi miqyasının genişləndirilməsi gündən günə sürətini artırdı. "Nərimanov" elektrik deposunda vaqon ehtiyat hissələrinin tədarükündə, detal, maşın və mexanizmlərlə təchizatda köklü dəyişikliklərə nail olundu, günün tələblərinə uyğun iş norması və idarəetmə prinsipləri bərqərar oldu. Sexlərdə təmirçilər üçün əlverişli əmək şəraiti yaradıldı, qaldırma təmiri sexi əsaslı şəkildə yenidən quruldu, orada istehsal prosesinin təkmilləşdirilməsi, əl əməyi həcminin azaldılması üçün tədbirlər görüldü. Bunun nəticəsində, qatarların nasazlıq səbəbilə xətdən çıxarılması halları kəskin surətdə azaldı.
Uzun müddət istismar olunan vaqonların modernləşdirilməsi və əsaslı təmirinin yerli şəraitdə həyata keçirilməsinin təməli qoyuldu. Metroloji təminat sistemi yenidən quruldu. Metropoliten infrastrukturunun kompleks texniki müayinəsi üçün müasir diaqnostika kompleksi işə salındı.
Depo şəraitində vaqon təmirinin bütün növlərinin yüksək keyfiyyətlə yerinə yetirlməsinə nail olmaqla yanaşı, təmirin daha yüksək mərhələsi olan əsaslı təmir prosesi üçün də baza təşkil edildi. İndi Bakı metropoliteni öz vaqonlarını əsaslı təmir üçün əvvəllər olduğu kimi Moskva, Xarkov və Tbilisi şəhərlərinə göndərmir. Bu isə istismar xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla daşımanın maya dəyərini aşağı salır.
2016-cı ilin anpel ayından başlayaraq Rusiyanın "Metrovaqonmaş" ASC-dən alınan 115 vaqon texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. İdarəetmə sistemi mikroprosessor əsasında qurulub. Mühərriklərin gücü əvvəlkilərdən 50 faiz çoxdur. Bütün vaqonlar güclü havalandırma sisteminə malikdir. Sərnişin informasiya sistemi mükəmməldir.
Tunellərdə 2014-cü ilin sonundan başlayan sağlamlaşdırma, əsaslı təmir işləri planlı şəkildə davam edir. Yol təsərrüfatında görülən işlər Bakı metropoliteninin tarixində yeni bir eranın başlanğıcından xəbər verir. Uzun illər yolda tətbiq edilən ağac şpalları iqtisadi cəhətdən daha sərfəli və ömrü bir neçə dəfə uzun olan beton şpallar əvəz edir. Deponun park yollarında bu işin hazırda 70 faizi yerinə yetirilib. Tunel yollarında isə gödək ağac şpalların əvəzinə Səhmdar Cəmiyyətin öz istehsal sahəsi olan Dəmir-beton konstruksiyaları istehsalı sahəsində hazırlanan konstruksiyalardan istifadə olunur. Bu yenilik metronun yeni tikilən xətlərində, o cümlədən Bənövşəyi xəttin “Memar Əcəmi-8 Noyabr”, “Avtovağzal-Xocəsən”sahəsində tətbiq edilib. Müasir texnologiya üzrə ballastsız yol salınıb ki, bu da dünyanın əsas dəmir yollarında geniş şəkildə tətbiq olunur, iqtisadi cəhətdən sərfəli və təhlükəsizlik baxımından daha etibarlıdır. Vaqonların təmirdən sonra sınağı məqsədilə inşa edilən yol da ballsatsız üsulla çəkilib. Onu da qeyd edək ki, sınaq yolu son 8 ildə “Bakı Metropolieni” QSC rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən son dərəcə böyük əhəmiyyətə malik tədbirlərdəndir. Belə ki, bu vaxta qədər təmirdən çıxan qatarlar sərnişin qatarlarının hərəkəti vaxtı xətdə yoxlanılırdı və bu da hərəkətin təşkili prosesində problemlərin yaranmasına səbəb olurdu. Pandemiya dövründə metro tarixində ilk dəfə bir stansiyanın hər iki yolu məhz dəmir-beton bloklarla əvəz edildi. Bu gün “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları da məhz bu texnoloji yenilik üzərində qurulub. Metro tarixində ilk dəfə istismarda olan tuneldə - “Cəfər Cabbarlı-Xətai” mənzilinin 600 metrə yaxın hissəsində də dəmir-beton blok ağac şpalı əvəz edib.
Hərəkətin təşkilində yeni sistemlər tətbiq edilir. Hərəkət prosesinə real vaxt müddətində operativ nəzarəti həyata keçirmək imkanı verən SCADA sistemlərin tətbiqinə başlanılıb. Bununla yanaşı, suvurma qurğularının avadanlıqları yenilənib, qurğuların işi səmərələşdirilib, metropolitenin tarixində ilk dəfə yeraltı qrunt sularından istifadə etmək imkanı yaradılıb: qrunt suları yer üzərinə çıxarılaraq paytaxtın yaşıllıqlarının suvarılmasında istifadə olunur.
Stansiya və tunellərdə normal iqlim şəraiti yaratmaqla sərnişinlərin rahatlığını təmin edən, metro infrastrukturunu, tuneli və tunel avadanlığını havanın kondensasiyasından qoruyan havalandırma sistemində böyük işlər görülüb. Son 4 ildə tunel və stansiyaların havalandırılması sistemində 23 ventilyator yenilənib, qurğu və avadanlıqların səmərəliliyini artırmaq məqsədilə sistemdə yeniliklər tətbiq edilib, təbii havalandırmadan daha məqsədyönlü istifadə etmək üçün təsirli tədbirlər görülüb və müasir tipli dampferlərin quraşdırılmasına başlanılıb.
Elektrik enerjisi ilə təchizatda “İçərişəhər”, “Sahil”, “Elmlər Akademiyası” , “Gənclik”, “Xətai” yarımstansiyaları, qatarların hərəkətinin təminatı üçün xüsusi əhəmiyyətə malik beş dartı yarımstansiyasından biri tam modernləşdirilib, “Nərimanov” deposunda 2 yarımstansiya inşa olunub.
2018-ci ildə dövlət başçısının tapşırığına uyğun olaraq, müxtəlif gərginlikli elektrik enerjisi tələb edən sahələrin ehtiyacları nəzərə alınaraq, dizel-generator stansiyaları quruldu. “Bakı Metropoliteni” QSC-də hazırlanan konsepsiyaya uyğun olaraq, metropolitenin əsas enerji ehtiyaclarının ödənməsi üçün “Azərişıq” cəmiyyətinin 10 yarımstansiyası seçildi. Ümumilikdə, bu yarımstansiyalarda gücü 39 MVA olan 17 modul dizel-generator quruldu. Bənövşəyi xəttin “8 Noyabr” stansiyasının yaxınlığında bu funksiyanı daşıyan 16 MVA gücə malik dizel-generator stansiyası tikilib. Stansiyada hər birinin gücü 2 MVA olan 4 dizel-generator istismara verilib. Xətt inkişaf etdikcə daha 4-ü də quraşdırılacaq.
Əldə olunan nailiyyətlərdə kadr hazırlığı siyasətinə yanaşma tərzinin dəyişməsi, ixtisaslı mütəxəssislərin yetişdirilməsində dünya təcrübəsindən səmərəli şəkildə istifadənin əhəmiyyəti də qeyd olunmalıdır. 2014-cü ildən bu sahədə köklü dəyişikliklər mükəmməl təlim bazasının yaradılmasından başladı. Hazırda orada ümumilikdə 18 maketi, 110 stendi, 18 kataloqu, 8 monitoru, həmçinin əyani vəsait kimi çoxlu sayda məmulat, ləvazimat və detalları olan 8 əyani tədris guşəsindən, 9 auditoriya,1 akt zalı, 1 imtahan (kompüter) otağı, 1 trenajor, 3 texniki kabinetdən ibarət mükəmməl dizayn həllinə malik təlim-tədris mərkəzi fəaliyyət göstərir. Bundan başqa “Nərimanov” elektrik deposunun ərazisində TTM-ə məxsus 4 auditoriya, 1 trenajor var. İndiyədək TTM-də ümumilikdə 6600-dən artıq dinləyicini əhatə edən 235 kurs təşkil edilib. Burada metropoliten tarixində ilk və hələ ki, yeganə qadın qatar maşinisti hazırlanıb. Metropolitençilərin tədris mərkəzi respublikanın ali, orta və xüsusi ixtisas təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Eyni zamanda TTM-də sosial layihələrin tərkib hissəsi kimi metropoliten işçilərinin məktəb yaşlı övladları və nəvələri üçün müxtəlif vaxtlarda rəsm, ingilis dili, kompüter və robototexnika kursları təşkil edilib.
Sosial məsuliyyətdən danışarkən, bu gün Bakı metrosu ən aktual layihələrin icra olunduğu meydana çevrilib. Sərgilər, konsert və uşaqlar üçün əyləncə proqramları, müxtəlif aksiya və fləşmoblar, mədəni-sosial layihələr artıq heç kəsi təəccübləndirmir, əksinə, bir qayda və ənənə kimi qəbul edilir. Sosial layihələrin ən başlıcası əlil arabası istifadəçiləri və ümumiyyətlə, metronun xidmətindən yararlana bilməyən hər kəs üçün nəzərdə rurulan “Əlçatan metro” layihəsidir. Bu xüsusda ölkədə nümunəvi layihə kimi qəbul edilən daha birini də qeyd edək. Metropolitendə çalıan 326 şəhid ailəsi üzvü və hər iki Qarabağ müharibəsi veteranlarının özlərinin idarə heyərini formalaşdırdığı mərkəz fəaliyyətə başlayıbvə onların sosial qayğılarının azaldılmasına xidmət göstərir.
Bakımızın özü kimi onun paraleli olan şəhər də genişlənməkdə, böyüməkdə davam edir. Bənövşəyi xəttin şərti adı “B-04” stansiyasının tikintisi davam edir...
Metropoliten 55 ildir Bakının hər sabahı ilə yol gəlir və yolları qovuşdurur və onun rəmzlərindən biri kimi bu şəhərin nəbzini müəyyən edir.