z

6 noyabr – Bakı metrosunun açılış günü

6 noyabr – Bakı metrosunun açılış günü

05 NOYABR / 2022 / 09:03

XX əsrin 30-cu illərinin əvvəlində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə Moskva və Leninqrad şəhərlərindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınmışdı. Məqsəd yerüstü nəqliyyatın işini, gediş-gəlişi yüngülləşdirmək və şəhər küçələrini nəqliyyat vasitələrinin sıxlığından təmizləmək idi.
Əlli beş il bundan öncə – ¬1967-ci ilin 6 noyabrında “Bakı Soveti” (indiki “İçərişəhər”) stansiyasından təntənəli şəkildə yola salınan ilk qatar sonuncu “Nəriman Nərimanov” stansiyasına çatmaq üçün yerin altı ilə 6,5 km yol qət etməklə “26 Bakı komissarı” (“Sahil”), “28 Aprel”( “28 May”), “Gənclik” stansiyalarından keçmişdi. Həmin il Bakı Metropoliteni “Ginnesin Rekordlar kitabı”na Şərqdə ilk metro kimi düşmüşdü. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə etmişdilər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra “İçərişəhər” stansiyası əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda stansiyanın üst vestibülünün sahəsi 2500 kvadratmetr, xaricdən hündürlüyü isə İçərişəhərin qala divarlarının hündürlüyü qədər, yəni, 14 metrdir. Stansiya 3 eskalatorlu, tək çıxışlıdır. Aşağı vestibülün sahəsi 1200 kvadratmetrdir. Stansiyaya daxil olan qatarlarda Vaqif Mustafazadənin improvizə etdiyi “Bakı gecələri” mahnısından fraqment səslənir.
Həmin gün istismara verilmiş metro stansiyalarından biri də “Sahil”dir. İlk 5 stansiyadan biri olan “Sahil”in əvvəlki adı “26 Bakı komissarı” olduğundan, onun inşaatında bu mövzu əsas götürülmüşdü. “Sahil” stansiyası 2018-ci il iyunun 7-də əsaslı təmir və yenidənqurma işlərindən ¬sonra yenidən istifadəyə verildi. Təmir müddətində ¬stansiyanın platforması əsaslı təmir edildi, döşəmə tavası sökülərək yenidən quruldu, döşəmə örtüyünün tavası dəyişdırıldi. Stansiyaya daxil olan qatarlarda Adil Nəsibin sözlərinə Rəşid Nəsiboğlunun bəstələdiyi “Liman” mahnısından fraqment səslənir.
 “28 May” Bakı Metropoliteninin mərkəzi stansiyası hesab olunur. Bu stansiyasının daxilindən Cəfər Cabbarlı stansiyasına birbaşa piyada keçidi var. Buradan xəttlər iki hissəyə ayrılır. Paytaxtın dəmir yolu qovşağının mərkəzi vağzalının yaxınlığında yerləşdiyi üçün təkcə metropoliten üçün deyil, həm də böyük nəqliyyat qovşağının bir hissəsi kimi mühüm əhəmiyyət kəsb edən metro stansiyasıdır. O, bundan başqa, həm də metropolitenin iki mühüm xəttinin qovşağı kimi də diqqət çəkir. Qeyd edilənləri, həmçinin şəhər mərkəzinə və mühüm ictimai-sosial və mədəni obyektlərə yaxınlığı nəzərə alınaraq, metropolitenin ən çox sərnişin yükü olan stansiyasıdır. Onu “əsas şəhər qapısı” da adlandırırlar. Əvvəlki adı Azərbaycanda sovet hakimiyyətinin qurulması şərəfinə verilmişdi. Layihə üzrə dəmir yolu vağzalı ilə vahid memarlıq ansamblı kimi inşa olunub. 1993-cü ildə “Cəfər Cabbarlı” stansiyasının açılması ilə iki stansiya arasında keçid də istismara verilib. Bu stansiya paytaxt metrosunun ilk ikiçıxışlı dərin özüllü stansiyasıdır. 2009-cu il dekabrın 30-da Azərbaycan ¬Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyanın Salatın Əsgərova küçəsində 40 metr dərinlikdə yerləşən ikinci ¬giriş-çıxışı da istifadəyə verilib.
“28 May” stansiyasında yenidən-qurma işlərinə 2013-cü ildə başlanılmışdı. 2015-ci il mayın 5-də sərnişinlərin üzünə açılan stansiyanın platformasının orta zalının tavanı və döşəməsi eyni üslubda milli ornamentlərə əsaslanan şəbəkə təsviri ilə bəzədilərək vahid kompozisiya qurulub. Stansiyaya daxil olan qatarlarda “Qarabağ şikəstəsi”indən fraqment səslənir.
İncəsənət məkanına çevrilən metro stansiyalarından biri də “Gənclik”dir. Yaxınlığında iri idman obyekti olan Tofiq Bəhramov adına Respublika stadionu, Bədən Tərbiyəsi və İdman Akademiyası yerləşdiyindən layihənin adı “İdman” olub. İstismara verilərkən, adı “Gənclik” qoyulub. Tərtibatına görə, Moskva metropoliteninin “Kropotkinskaya” stansiyasına oxşayır. İlkin layihə adına uyğun olaraq, stansiyanın tərtibatında idman və idmançılar mövzusu əsas yer tutub. 
2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları ərəfəsində stansiyanın keçidləri ümumi kompozisiyaya uyğun olaraq, yeni üslubda təmir olunub, divarların və döşəmənin mərmər-qranit örtüyü dəyişdirilib. Stansiyaya daxil olan qatarlarda Xəyyam Mirzəzadənin “Ötən günlər” (daha bir adı – “Yadındamı”) mahnısından fraqment səslənir. 
“Nəriman Nərimanov” da ¬1967-ci il noyabrın 6-da istifadəyə  verilib. Layihənin adı inqilabçı Pyotr Montinin xatirəsinə və yerləşdiyi qəsəbənin adına uyğun olaraq “Montin” olsa da, sonradan stansiyaya Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Nəriman Nərimanovun adı verilib.
Bu stansiya həm də Qırmızı xəttin “Nərimanov” elektrik deposu və “Bakmil” stansiyasından gəlib-gedən qatarları qəbul edən qovşaqdır. Stansiyanın hər iki başında yerləşən keçidlər həm metro istifadəçiləri üçündür, həm də ətraf küçələrə keçid xarakteri daşıyır. ¬Yerüstü vestibülü və eskalatorları yoxdur. Perron sütunları iki hissədən ibarətdir.
1994-cü ildə stansiyanın Nəriman Nərimanova həsr olunmuş bədii tərtibatı güclü dəyişikliklərə məruz qalaraq, bədii-memarlıq həllində bu böyük şəxsiyyətin həkim-dramaturq və vətənpərvər obrazından istifadə olunub.
2015-ci ildə stansiyanın keçidləri ümumi kompozisiyaya uyğun olaraq, yeni üslubda təmir edilib.Yenilənmiş keçid divarları müxtəlif səpkili kütləvi sərgi və nümayişlərin keçirilməsinə imkan verir. Stansiyaya daxil olan qatarlarda bəstəkar Arif Məlikovun “Güllərim” mahnısından fraqment səslənir.
Bir sözlə, Türk ölkələri arasında qurulan ilk metropoliten – Bakı metrosu stansiyalarının yeddisi böyük dərinlikdə yerləşir. Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən, gələcəkdə metropolitenin ümumi şəbəkəsi üç mövcud – Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin iki əlavə yeni xətt – Mavi və Sarı xətlər olmaqla beş xətdən, yetmiş altı stansiyadan, altı elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə əlli yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulur.
Hazırladı: 
S.ELAY,
“Xalq qəzeti”