z

Burada yollar heç vaxt qurtarmır… FOTO

Burada yollar heç vaxt qurtarmır… FOTO

05 NOYABR / 2022 / 09:10

Bakı Metropoliteninin 55 illik yubileyi qeyd olunub
Noyabrın 5-də Bakı Metropoliteninin 55 illik yubileyi və 6 noyabr - Metropoliten işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbir  iştirakçıları tərəfindən əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında 1990-cı ilin qanlı 20 Yanvar gecəsinin günahsız qurbanları, həmin vaxt şəhid olmuş Bakı Metropoliteninin iki əməkdaşı - vaqon təmirçisi İlqar Qarayevin və metro inşaatçısı Əflatun Kazımovun, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının xatirəsi anılıb.
Daha sonra "Bakı Metropoliteni" QSC-nin inzibati binasında davam edən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra, ulu öndər Heydər Əliyevin və  ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü yolunda canlarından keçən  Vətən oğullarının, dünyasını dəyişmiş metropoliten əməkdaşlarının  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü  ilə açan “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov  bildirib ki,  bu gün biz Bakı Metropoliteninin ilk növbəsinin  istismara verilməsinin 55 illiyini bayram kimi qeyd edirik: "Bu, təkcə metropoliten əməkdaşlarının deyil,  bütün Azərbaycan xalqının bayramıdır. Son illər Bakı Metropoliteninin bütün sahələrini əhatə edən genişmiqyaslı quruculuq işləri, aparılan islahatlar, o cümlədən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi prosesləri daha mükəmməl inkişaf etdirilir. Stansiyalarda aparılan təmir-tikinti, yenidənqurma işləri sözün əsl mənasında həm şəhər sakinlərinin, həm də paytaxtımıza gələn xarici turistlərin maraqlarına səbəb olur. Təsadüfi deyil ki, metropolitenin əsas göstəricisi olan sərnişindaşımada böyük uğura imza atılmışdır. Bakı Metropoliteni o xoşbəxt sahələrdəndir ki, dövlətin və birbaşa ölkə başçısının qayğı və diqqəti ilə əhatə olunub. Ölkə rəhbərimiz daim metropolitendəki yeniliklərlə əyani tanış olur, işlərin gedişini şəxsən nəzarətdə saxlayır. Bakı Metropoliteni işçiləri öz şərəfli peşələrində yüksək nailiyyətlər əldə etməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edirlər. "
“Fəxri metropolitençi” adına layiq görülən metropolitençilərin siyahısı oxunduqdan sonra Bakı metrosu haqqında qısa film nümayiş olunub.
Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü Günel Cavadova kollektivi 55 illik yubiley və peşə bayramları münasibətilə təbrik edib. O, metropolitenin paytaxtın sosial-iqtisadi həyatında əhəmiyyətli rolundan danışıb, metronu yüksək komfortlu, ən rahat nəqliyyat xidməti kimi dəyərləndirib.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov ulu öndər Heydər Əliyevin metronu Azərbaycan xalqının sərvəti adlandırdığını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Metropoliteni işçilərinin peşə bayramı gününü təsis edərək, metro zəhmətkeşlərinin əməyinə xüsusi önəm verməsinin qürurverici hadisə olduğunu bildirib.
Hidayət Məmmədov Bakı metrosunun tarixinə kiçik səyahət edərək bu böyük tarixdə Ulu Öndərin rolunu, metronun inkişafına göstərdiyi hərtərəfli qayğını xüsusi qeyd edib. Həmçinin son illər metroda həyata keçirilən yeniliklərin müəssisəni müasir texnologiyalarla zənginləşdirməklə inkişafın ən yüksək mərhələsinə çatdırmasından, əhəmiyyətli tədbirlərdən, görülən işlərdən danışıb.
İstismar üzrə baş mühəndis Əlixan Osmanov 2014-cü il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi yolu ilə “Bakı Metropoliteni” QSC-nin yaradılmasının dövrün tələbi olmasından və bu xüsusda son illərdə yeraltı yolların həyatında baş verən müsbət dəyişikliklərdən bəhs edib.
Baş mühəndis metropolitenin qarşısına qoyulan perspektiv planlardan bəhs edərkən bildirib ki, məqsəd Avropanın lider metropolitenləri sırasına çıxmaqdır.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov bu peşənin mahiyyətinə toxunaraq  vurğulayıb  ki, metropolitençi olmaq 140-dan artıq sənətdən birinin sahibi kimi çalışmaq deməkdir. “700 mindən artıq sərnişinə xidmət göstərmək üçün millimetrdən də kiçik ölçü vahidləri ilə mizan-tərəzini qorumaq, yüzlərlə fərqli sahənin harmoniyasına nail olmaq qəhrəmanlıq nümunəsidir” deyən MİHİ sədri işçilərin sosial həyatında baş verən yeniliklərdən, onların asudə vaxtlarının və istirahətlərinin təşkilindən, ictimai-sosial yönümlü tədbirlərin keçirilməsindən söz açıb.
Arif Mərdanov çıxışının sonunda “İlin maşinisti” müsabiqəsinin qalibini elan edib. Bu ada qatar maşinisti Mais İsmayılov layiq görülüb.
Daha sonra bakılı həmkarlarını yubiley münasibətilə təbrik edən İstanbul Metropoliteninin baş direktoru Özgür Soy son illərdə ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsindən, qardaş ölkələrin metropolitençilərinin qarşılıqlı səmərəli əməkdaşlığının əhəmiyyətindən danışıb.
Tədbir başa çatdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. "Bakı Metropoliteni" QSC-nin  sədr müavini Hidayət Məmmədov və istismar üzrə baş mühəndis Əlixan Osmanov jurnalistlərin metropolitenin inkişaf perspektivləri, cari problemlərin həlli yolları və digər məsələlərlə bağlı suallarını cavablandırıblar.
Yaqut Ağaşahqızı,

" İki sahil"