z
27 OKTYABR / 2022 / 23:01
“Yolları qovuşduran illər” adlı sərginin təşkilatçıları AZƏRTAC və Kino-Foto Sənədləri Arxividir
Oktyabrın 27-də metronun “Gənclik” stansiyasının keçidlərində Bakı metropoliteninin 55 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
“Bakı metropoliteni-55. Yolları qovuşduran illər” adlanan sərginin təşkilatçıları Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin tabeliyində Dövlət Kino-Foto Sənədləri Arxividir.
AZƏRTAC xəbər verir ki, metropolitenin tikintisini və sərnişinlərə xidmət tarixini əks etdirən məqamlar sərginin 92 stendində yerləşdirilən 117 nadir fotoda xronoloji ardıcıllıqla təqdim olunur. Stendlərdə nümayiş olunan fotolar metropolitenin keçdiyi inkişaf yolu barədə əyani təsəvvür yaradır.
Sərginin açılışında iştirak edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov sərginin təşkilinə göstərdikləri dəstəyə görə AZƏRTAC-a, Milli Arxiv İdarəsinə və Dövlət Kino-Foto Sənədləri Arxivinə təşəkkürünü bildirib. O qeyd edib ki, 55 ilin sınağından uğurla çıxmış metropolitenin sərnişin etimadını qazanmasına və onun xidmətinə yüksək tələbatın olmasına sürətlə yanaşı, yerin üstündəki tıxac və sıxlıqlardan kənar qalması da öz təsirini göstərir. Burada, eyni zamanda, metro stansiyalarının zəngin memarlıq nümunəsi kimi diqqəti çəkməsi də mühüm rol oynayır.
Sədr müavini vurğulayıb ki, hələ 1960-1970-ci illərdə metropoliten paytaxtımızın rəmzlərindən birinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində təşkil olunmuş bu sərgi Bakı metropoliteninin inkişafında Ümummilli Liderin tarixi xidmətlərini də təcəssüm etdirir və dahi şəxsiyyət bir daha minnətdarlıq duyğuları ilə xatırlanır. “Bakı metrosu sovet dövründəki qısqanc münasibətlərə məhz Ulu Öndərin sayəsində sinə gərə bilib, böyüyüb və bu gün şəhərin nəqliyyat nəfəsliyinə çevrilib”, - deyə H.Məmmədov qeyd edib.
Sərginin əhəmiyyəti barədə fikirlərini bölüşən AZƏRTAC-ın İdarə Heyətinin üzvü Fuad Qədilli deyib ki, Bakı metropoliteninin 55 illiyi ilə əlaqədar keçirilən sərgi Azərbaycanın nəqliyyat tarixində, cəmiyyətin həyatında mühüm rol oynayan metronun tarixinə və fəaliyyətinə işıq salır, bu nəqliyyat növünün inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu bir daha göz önündə canlandırır.
“Belə bir sərginin ərsəyə gəlməsində AZƏRTAC-ın da dəstəyinin olması bizi qürurlandırır”, - deyən F.Qədilli əlamətdar yubiley münasibətilə metropolitençiləri agentliyimizin kollektivi adından təbrik edib.
Milli Arxiv İdarəsi aparatının Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov paytaxtımız üçün xüsusi əhəmiyyətə malik və Bakı metrosunun zəngin tarixini əks etdirən sərginin təşkilində təmsil etdiyi qurumun məmnuniyyətlə iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, 1950-1960-cı illərdə metro tikintisinə aid Kino-Foto Sənədləri Arxivində qorunan nadir fotolar qiymətli irs kimi bu nəhəng yeraltı şəhərin tarixini əbədiləşdirir.
Daha sonra fotostendlərlə tanışlıq başlanıb.
Sərginin 6 aya yaxın nümayiş etdirilməsi nəzərdə tutulur.
Sərgidə yer alan fotolarla virtual tanışlıq da mümkündür. Bunun üçün fotostendlərdə yerləşdirilmiş QR-kodları mobil cihazlara yükləmək, metropolitenin rəsmi saytında yaradılmış bölməyə daxil olmaq kifayətdir. Saytda hər bir stend barədə ətraflı məlumat verilir.
AZƏRTAC 27.10.2022
Məqaləyə istinad:
“Gənclik” stansiyasının keçidlərində Bakı metrosunun tarixini əks etdirən sərgi açılıb VİDEO