z
26 DEKABR / 2022 / 14:13
Yeni stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq
Əlli beş yaşlı Bakı Metropoliteninin sayca 27-ci, yerüstü olaraq isə 2-ci, o cümlədən “Bənövşəyi” xətt üzərində yerləşən dördüncü stansiyası olan “Xocasən”... Rahatlığı və yeni infrastrukturu ilə fərqlənən bu metrostansiya istiqamətində hərəkət edən qatarın sərnişinlərindən biri də “İki sahil” TV-nin çəkiliş qrupu oldu.
Çingizxan küçəsi 55 ünvanında yerləşən “Xocəsən” stansiyası iki mərtəbəlidir. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, uzunluğu 165 metrdir. Stansiynın platforması isə 144 metr uzunluğundadır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “İki sahil”ə açıqlamasında yeni stansiyanın özəllikləri haqqında ətraflı məlumat verdi: “Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan stansiyanın tikintisi inşaat işlərinin ikinci mərhələsinə planlaşdırılsa da, ərazinin sürətli sosial-iqtisadi inkişafı, əhalinin məskunlaşma tempi və yol infrastrukturunun şaxələnməsi nəzərə alınaraq, birinci mərhələyə keçirilib.”
Yeddivaqonluq qatarları qəbul edən ilk yeni stansiya
B.Məmmədov vurğuladı ki, bu stansiya yeddivaqonluq qatarları qəbul edən ilk yeni stansiya kimi artıq tarixə düşüb: “2016-cı ildə istismara buraxılmış xətdə məhz “Xocəsən” stansiyasının istifadəyə verilməsi ilə ilk dəfə yeddivaqonluq qatarlar hərəkət etməyə başlayıb. Buna qədər sərnişindaşıma həcminin tələbatına uyğun olaraq, xətdə beşvaqonluq qatarlar hərəkət edib. Hazırda “Bənövşəyi” xətt üzrə bütün qatar tərkibləri yeddi vaqondan ibarətdir. Bu isə “Xocasən” stansiyasından hərəkət edən sərnişinlərin daha rahat hərəkət etməsinə şərait yaradacaq. Yeni stansiya təkcə Xocasən qəsəbəsində yaşayan insanların deyil, ümumiyyətlə, həmin əraziyə yaxın olan Müşfiq, Sulutəpə, Qobu, Hökməli kimi ərazilərdən şəhər istiqamətinə gələn vətəndaşların tıxaclardan qurtulması üçün sərfəli layihədir.”
Qatarlararası interval…
Müsahibimiz qatarlararası intervallar məsələsinə də aydınlıq gətirdi: “Hazırda mövcud sərnişin axını potensialı öyrənilərək bu istiqamətdə 16 dəqiqəlik intervalla qatarlar hərəkət edir. “Bənövşəyi” xəttin “Avtovağzal”, “8 Noyabr” sahəsində isə qatarların hərəkəti 8 dəqiqəlik intervalla tənzimlənəcək. Belə nəticəyə gəlmək olar ki, xətdə olan qatarların hər növbəti qatarı məhz elektrik deposunda yerləşən “Xocasən” stansiyasına hərəkət edəcək və yaxud da bir qatardan bir məhz bura qatarlar gələcək. “Bakmil”stansiyası ilə müqayisə aparsaq görərik ki, bütün bunlar sərnişinlərin daha rahat hərəkət etməsinə şərait yaradacaq. Burada müntəzəm hərəkət və intensivlik daha münasib qaydada olacaq. Qatarların “Bənövşəyi” xətt üzrə “Xocəsən” stansiyasına və əksinə hərəkəti xüsusi cədvəllə təmin olunub. Cədvəllər metropolitenin rəsmi internet saytında dərc edilir.”
Bəxtiyar Məmmədov qeyd etdi ki, hələlik bu stansiyadan təxminən 1500-ə yaxın sərnişin istifadə edib.
Həmsöhbətimiz diqqətə çatdırdı ki, stansiya infrastruktur təhlükəsizlik baxımından ən müasir sistemlə təchiz olunub: “Yeni stansiyanın yanğınsöndürmə və içməli su təchizatı üçün su anbarları və nasosxana tikilib, müasir yanğın təhlükəsizliyi sistemi və avadanlıq quraşdırılıb. İşıqlanma sistemi müasir, qənaətcil və erqonomik xüsusiyyətlərə malik olmaqla, stansiyanın memarlıq ansamblını tamamlayır. Tunellərdən çıxışda yerləşən portal sahəsindən stansiyayadək 806 metr dəmiryol xətti çəkilib. Yollar dəmir-beton şpallar, yoldəyişdiricilər isə dəmir-beton tirlər üzərində qurulub. Bu, iqtisadi və praktiki cəhətdən daha səmərəli və uzunömürlü olmaqla, qulluğu asan, ən əsası, qatarların hərəkət rəvanlığını və təhlükəsizliyini təmin edir.”
59 metr uzunluğunda keçid dəhliz…
Bəxtiyar Məmmədov bildirdi ki, stansiyanın giriş sahəsində vestibül yerləşir: “Burada sərnişin avtomatikası, o cümlədən avtomat nəzarət-buraxılış məntəqəsi mövcuddur. Vestibüldən sərnişin platformasına qədər 59 metr uzunluğunda keçid dəhlizi inşa olunub. Sərnişinlərin platforma səviyyəsinə qalxması üçün Almaniya istehsalı olan iki müasir eskalator və pilləkənlər quraşdırılıb. Eskalatorun qalxma hündürlüyü 4.8 metr, lentinin uzunluğu 12 metrdir. Qapalı və açıq gözləmə zalları, xidməti personalın otaqları platforma səviyyəsindədir. Xüsusi çətir stansiya yolunu, platforma və platformaaltı infrastrukturu açıq hava şəraitinin təsirlərindən qoruyur. Stansiya vestibülü, keçid dəhlizi və platformanın döşəmə və divarları daha uzunömürlü qranit və keramoqranitlə üzlənib. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramoqranit vurulub. Bu da stansiyanın estetik görünüşünə zənginlik gətirir. İkimərtəbəli binanın vestibülə bitişik zonası və ikinci mərtəbəsindəki otaqlar xidməti personal və texniki heyət üçün nəzərdə tutulub.”
Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzindən hərəkət edən vətəndaşlarının rahat gediş-gəlişi üçün daha əlverişli olacaq. Bəs yeni stansiya haqqında sərnişinlərin təəssüratı necədir?
Vaxta və pula qənaət
Vüqar İsayevin sözlərinə görə, əhalinin və nəqliyyat vasitələrinin sıx olduğu Xocasən və ətraf ərazilərdə günün pik saatlarında tıxac olur: “Xocasən” stansiyasından istifadə edərək həm vaxtımıza, həm də gedəcəyimiz ünvana çatmaq üçün nəqliyyat vasitələrinə xərclədiyimiz pula qənaət etmiş oluruq. Stansiyanın yerüstü olması, müasir səviyyədə inşa ediməsini də çox bəyəndim. Zənnimcə, insanların və nəqliyyat axınının gur olduğu digər ərazilərdə də gələcəkdə metrostansiyaları inşa edilməlidir.”
Bayram hədiyyəsi oldu
Məlahət Kazımova: “Xocasən qəsəbəsində yaşayıram. Əvvəl harasa gedib gəlmək mənim üçün çox çətin idi. Yollar tıxac, mənzil başına çatmaq üçün bir neçə nəqliyyat vasitəsi dəyişməli olurdum. Bunların hamısı əziyyət idi. Çoxdandır gözləyirdim ki, “Xocasən” stansiyası açılsın mən də rahat səfər edim. Nəhayət ki, arzum gerçək oldu. Əsl bayram hədiyyəsi oldu. Bu stansiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. İndi ürəyim hara istəsə rahat və tez səyahət edəcəyəm.”
“Xocasən” tıxacdan canımız qurtardı
Abuş İbadov: “Yeni stansiyanın açılması ən çox bura yaxın ərazidə yaşayan vətəndaşlarımız üçün gözəl fürsət oldu. Əvvəl şəhərə gediş-gəliş müşkül məsələ idi. Çox vaxt tıxaclarda qalırdıq, gedəcəyimiz ünvana çatmaq bir neçə nəqliyyat vasitəsi dəyişirdik, nəticədə gecikirdik. Vaxtımızın çox hissəsi yollarda itirdi. “Xocasən” stansiyası bu problemlərdən canımızı qutardı, vaxtımıza və pulumuza qənaət etdi. ”
Tıxacda qalırdıq, əsəbiləşirdik, yorulurduq, amma indi...
Simuzər Kazımova: “Əvvəl şəhərə getmək üçün çətinlik çəkirdik, tıxacda qalırdıq, əsəbiləşirdik, yorulurduq. İndi isə rahat və təhlükəsiz şəkildə səfər edirik. Yeni stansiya həm cibimizə , həm də vaxtımıza qənaət edir. Yaxşı ki, bu stansiya açıldı.”
Ülkər Behbudova: “Bura mənim çox xoşuma gəldi. Əvvəl harasa getmək üçün taksi və ya şəxsi avtomobildən istifadə edirdim. İndi isə “Xocasən” stansiyasından istifadə edərək rahat və tez istədiyimiz ünvana gedib-gələ bilirik. Yaxşı ki, bu stansiya açıldı. Bayramqabağı xoş təsadüf oldu.”
Müşahidələrimiz göstərir ki, “Xocasən" stansiyasının istifadəyə verilməsi paytaxt sakinlərini sevindirir.
Yaqut Ağaşahqızı, “İki sahil” 26 dekabr 2022
Məqaləyə istinad: