z

Moskvada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Moskvada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

19 APREL / 2023 / 17:39

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, tədbir Azərbaycanla uzunmüddətli dostluq əlaqələri olan Moskvanın məşhur “Metrovaqonmaş” zavodunun meydançasında keçirilib.
Vaxtilə Heydər Əliyevin sərəncamı ilə bu zavod xeyli genişləndirilib, açılışında şəxsən onun özünün iştirak etdiyi yeni istehsal sexləri tikilib. Bu hadisənin xatirəsinə 2019-cu ilin oktyabr ayında zavodda xatirə lövhəsi qoyulub. Bu gün zavodun kollektivi, o cümlədən həm yaşlı nəslin, həm də gənclərin nümayəndələri adıçəkilən xatirə lövhəsinin ətrafında toplaşıblar.
Kollektiv qarşısında çıxış edən Polad Bülbüloğlu qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri kimi, öz ölkəsinin nümayəndəsi kimi, Heydər Əliyevi yaxından tanıyan və onun komandasında 10 il mədəniyyət naziri işləmiş bir insan kimi Ulu Öndərin 100 illiyi şərəfinə keçirilən tədbirdə iştirak etmək onun üçün xüsusilə sevindiricidir. Səfir Heydər Əliyevlə işlədiyi illərin böyük məktəb olduğunu, bu illərin yaddaşlarda ömürlük qaldığını vurğulayıb.
Polad Bülbüloğlu çıxışında Azərbaycanın istər iqtisadi, istərsə də siyasi cəhətdən ağır vəziyyətdə olduğu zaman xalqın Heydər Əliyevin Bakıya qayıtmasını tələb etdiyini xatırladıb.
“O, çox qısa müddətdə böyük nüfuzu, həyat təcrübəsi, insanları dinləmək, ümumi dil tapmaq, ən ciddi problemləri həll etmək bacarığı sayəsində asayişi bərpa edə bildi. Azərbaycan iqtisadi inkişaf və rifahının yaxşılaşması yoluna qədəm qoydu. Ölkəyə maliyyə imkanlarının axınını təmin edən “Əsrin müqaviləsi” imzalandı, quruculuq və inkişafa başlanıldı və bütün Azərbaycan xalqı bu görkəmli şəxsiyyətə, böyük insana, bugünkü Azərbaycanın memarına minnətdardır”, - o deyib.
Tədbirdə “Metrovaqonmaş” ASC-nin baş direktoru Andrey Stepnov da çıxış edib. O, Azərbaycan Prezidentinin sərəncamına əsasən, 2023-cü ilin dahi siyasətçi Heydər Əliyevin anım ili elan edildiyini xatırladaraq, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə sənayeyə nəzarət etdiyini və fəaliyyətinin tərkib hissəsi kimi sovet və indiki Rusiya sənayesi üçün çox işlər gördüyünü bildirib. “O, özündən sonra çox mühüm işləri irs qoyub. Onların arasında Azərbaycanla uzunmüddətli əlaqələrin tarixi, Bakıya metro vaqonlarının tədarükü var. Bakıya vaqon tədarükünün tarixi 1967-ci ildən başlayır. Bu müddət ərzində Azərbaycana 400-dən çox metro vaqonu göndərilib”, - o deyib.
Tədbirin sonunda Ümummilli Liderin xatirə lövhəsi önünə gül dəstələri və səbətləri qoyulub.

Report.az  19 Aprel  2023 

Məqaləyə istinad: Moskvada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub