z

Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər müzakirə edilib

Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüsl...

09 OKTYABR / 2023 / 11:08

“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” mövzusunda tədbir keçirib. Tədbir Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılmasının, hər kəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir.
Tədbirdə dayanıqlı şəhər mobilliyinin prinsiplərindən, təhlükəsiz yol hərəkətinin davamlı təşkilindən, “ağıllı şəhər” konsepsiyalarının əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin daşıma departamentinin istismar xidmətinin rəisi İlham Hüseynov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mikromobillik şöbəsinin baş mütəxəssisi Çoşqun Məmmədov çıxış edərək layihə ilə bağlı fikirlərini və təcrübələrini bölüşüblər.
Layihə rəhbəri İmaməddin Quliyev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində 50 nəfərə yaxın gənc iştirakçının yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair bilik və bacarıqlarının artırılması, həmçinin yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər təşkil olunacaq.
Çıxışlardan sonra tədbir “Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı” mövzusunda müzakirələrlə davam etdirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Bakı, 9 oktyabr, AZƏRTAC

Məqaləyə istinad:Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər müzakirə edilib