z
09 SENTYABR / 2023 / 09:19
Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. "Bakı Metropoliteni"dən verilən məlumata görə, Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından əlavə, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Bu məqsədlə “BakıKart” ödəmə sistemini həyata keçirən “K Group” MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb. Şirkət ötən müddətdə Bakı metropoliteninin stansiyalarındakı müvafiq avadanlıqlarda yeni sistemlərin quraşdırılması üçün mühüm olan texniki məsələləri öyrənib.
Yeni ödəniş üsulu “Xocəsən” və “8 Noyabr” stansiyalarında istifadəyə verilib, bəs metronun digər stansiyalarında nə zaman “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə etmək olacaq?
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, bu iki stansiyadan sonra mərhələli şəkildədigər stansiyalarla tətbiq olunacaq:
“Metro insanların eyni anda kütləvi daxil ola biləcəyi xüsusi bir nəqliyyat növü olduğu üçün buna bir qədər ehtiyatlı yanaşmaq lazımdır ki, sərnişinlərin məmnuniyyəti normal qaydada olsun və hər hansı bir narazıçılıq yaranmasın. Təxminən bir ay texniki baxış keçirdikdən sonra yoxlama, monitorinq, sərnişin məmnuniyyətinin ölçülməsi, təklif-təşəbbüsə baxılacaq və bir aydan sonra Avtovağzal, Memar Əcəmi stansiyalarına quraşdırılacaq. Ardınca isə yaşıl və qırmızı xəttin digər stansiyalarına mərhələli şəkildə tətbiq olunacaq”.
Metropoliten rəsmisinin sözlərinə görə, metroda mövcud olan turnikedlərin sayı 356 ədəddir, buna görə də onların hər birinə mobil versiyanın quraşdırılması mərhələli şəkildə həyata keçiriləcək: “Texniki cəhətdən bu işlərin yekunlaşdırılmasını gələn ilin mart ayına qədər nəzərdə tutumuşuq, amma çox böyek ehtimal daha tez yükunlaşacaq. Sərnişinlərin narazı olmaması üçün tələsmirik”.
Bəxtiyar Məmmədov əlavə edib ki, gələn ildən eyni zamanda bank kartları ilə ödənişin olunması üçün texniki dizayn işləri aparılır. Texniki proseslər yekunlaşdıqdan sonra bank kartları ilə ödəniş edib metroya daxil olmaq mümkün olacaq. Bunun vaxtını dəqiq deyə bilmərəm, lakin bu sahədə işlər görülür.
Musavat.com
08.09.2023