z
20 APREL / 2015 / 00:00
Talassemiya qanın rəng göstəricisi ilə əlaqədar olan irsi xəstəlikdir. Bu xəstəlik zamanı bir çox hallarda qanda zülalın miqdarı yüksəlir, dalaq böyümüş olur.
Talassemiya uşaqlarda erkən təzahür etdikdə, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə (kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və s.) səbəb olur. Belə uşaqlarda bir qədər sarılıq müşahidə edilir, onlar tez-tez yoluxucu xəstəliklərə yoluxurlar. Ağır hallarda uşaqlar həyatlarının ilk ilində ölürlər. Orta ağır talassemiya halında uşaqlar yetkin yaşa qədər yaşaya bilirlər.
Talassemiya müalicə olunmayan xəstəlikdir. Xəstənin vəziyyətini ona qan köçürməklə yüngülləşdirmək olur. Bu cür xəstələrə dövlət səviyyəsində qayğı göstərilir. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanunu qəbul etməklə dövlət üzərinə bir sıra vəzifələr götürüb.
Xəstə uşaqlara yardım göstərilməsi ölkəmizdə ictimai xarakter alıb. Bu işdə dövlət və ictimai təşkilatlar da fəal iştirak edirlər. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə fevralın 10 və 11-də metropolitendə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə kampaniyası keçirilib.
Tədbirin birinci günü "Bakı Metropoliteni" QSC-nin texnoloji və idarə aparatı binasında, ikinci günü isə "Nərimanov" elektrik deposunda keçirilib. Aksiyaya qoşulmuş 200-ə yaxın metropoliten işçisi xəstə uşaqların vəziyyətinə yüngüllük gətirmək üçün qan veriblər.