z
09 IYUN / 2015 / 00:00
Bu gündən sərnişinlər metropoliten xətlərində tam fərqli qatarlardan da istifadə etməyə başlayıblar. Səhər saatlarından yeni nəsil vaqonlarından ibarət üç qatar Qırmızı xətdə («İçərişəhər-Həzi Aslanov») hərəkət edir.
Qeyd edək ki, aprel ayında Bakı metropoliteninə gətirilmiş qatarlarda ötən müddət ərzində sazlama və sınaq işləri aparılıb. Keçən həftə qatarlar əvvəlcə sərnişinsiz, daha sonra, daşıma imkanlarının qiymətləndirilməsi üçün, konkret marşrut üzrə xəttə çıxarılmışdı. Bütün yoxlamalar tam uğurla başa çatdıqdan sonra, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi qatarları xəttə buraxmaq qərarına gəlib.
«Bakı Metropoliteni» QSC-nin Fransanın «Alstom» şirkəti ilə bağladığı müqaviləyə əsasən alınmış müasir qatarlar bundan sonra təyinatı üzrə xətlərimizdə istismar olunacaq.
Qatarlar arakəsməsizdir və sərnişin bir vaqondan digərinə problemsiz keçmək imkanı əldə edib. Bu isə qatarların bir dəfəyə 200 nəfərədək artıq sərnişin daşımasına, ümumənsə, bir qatarın sərnişindaşımasını 15 faizə qədər artırmağa kömək edir.
Salonda aparılmış texniki yeniləşmə, bir kvadrat metrə 10 nəfər hesabı ilə, sərnişin tutumunu 23 nəfər artıraraq, aralıq vaqonlarda 330 nəfərə çatdırmağa imkan verib. Baş vaqonda isə 308 sərnişinin rahat hərəkəti təmin edilir. Oturacaqların sayı baş vaqonda 38, qalanlarında 42-dir.
Vaqonların hermetik olması, qatarın hərəkətindən törəyən səs-küyünü salonda eşidilməsini minimum həddə salır. Digər modifikasiyalardan fərqli olaraq, bu vaqonlarda sürahilərin yeri və dizaynı dəyişdirilib. Oturacaq üzərində tavan tutacaqları istisna olmaqla, boş sahələrdə olan haçalanan şaquli tutacaqlar praktiki və məhsuldar olmaqla yanaşı, həm də dizaynı ilə estetik təsirə də malikdir. Sərnişin salonları İspaniya istehsalı olan daha keyfiyyətli və baxımlı antivandal oturacaqlarla təchiz edilib. «Hitaçi» firmasının istehsalı olan dartı mühərriklərii daha etibarlı və texniki cəhətdən üstündürlər. Onların gücü 170 KVt təşkil edir, mövcud qatar parkında isə bu güc 114 KVt-a bərabərdir.
Banı paslanmayan dəmirdən olan yeni vaqonlar rekuperativ sistemlə çalışmağa hazırdır. İdarəetməsi mikroprosessor əməliyyat sisteminə əsaslanır. Qatarlar yüksək məhsuldarlığı, istismar səmərəsi, təhlükəsizliyi və ekoloji təmizliyi ilə seçilir. Dartı-energetik, mühərrik, elektrik, mexaniki və pnevmatik sistemlərində edilmiş yeniləşmə sayəsində dartı yarımstansiyalarının yükü azaldılır.
Təzə vaqonların çəkisi də hazırda istismarda olan digər vaqonlarla müqayisədə daha azdır - baş vaqon 34, mühərrikli 36, digər aralıq vaqon isə 29 tondur. Müqayisə üçün qeyd edək ki, mövcud parkda, əsasən, baş 38, aralıq vaqonlar isə 36 tondur. Uzunluğu, müvafiq olaraq, baş vaqon üçün 20120 mm, digər ikisi üçün 19140 mm-dir.
Soyutma, havalandırma, mikroiqlim nəzarəti və isitmə rejimlərini nəzərdə tutan vaqonlarda videomüşhaidə kameraları da var. Modern informasiya-məlumat sistemi əhalinin bir sıra sosial təbəqəsinin də maraqları nəzərə alınaraq, səsli informasiya ilə yanaşı, «qaçan sətirlər»i də nəzərdə tutur. Baş vaqonlarda əlil ararbası üçün yerlər ayrılıb.