z
11 IYUN / 2015 / 00:00
Sabah Bakı Olimpiya stadionunda Birinci Avropa Oyunlarının məşəli alovlandırılacaq. Bu möhtəşəm bayram ovqatını bütün Azərbaycana yayan məşəl dünən paytaxtdakı yolunu metropolitendə davam etdirib. Bayram ab-havası metro stansiyalarında isə artıq çoxdan bəri hiss olunmaqdadır. Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən stansiyalarda yerləşdirilən Bakı 2015-in plakatları bu ovqatı daha da gücləndirib. Metropolitenin Oyunlara öz hazırlıq tədbirləri ötən ilin əvvəlindən başlanıb. Bu müddət ərzində stansiyalarda, piyada keçidlərində təmir işləri aparılıb, sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə yeni sərnişin məlumat sistemləri tətbiq edilib, stansiyalarda Oyunların, yarışların keçirildiyi idman obyektləri, təhlükəsizlik tədbirləri barədə Azərbaycan və ingilis dillərində məlumatlar səsləndirilir, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün sərnişin axınının bütün istiqamətlərində və vaqonlarda videomüşahidə kameralarının funksionallığı genişlənib, bütün xidmət heyəti, xüsusən də sərnişinlərlə birbaşa təmasda olan işçilər uniformalarla təmin edilib, oyunların təşkilatçılarına dəstək olacaq könüllülərlə treninqlər keçirilib. Mühafizə şöbəsinin işçiləri Fövqəladə Hallar Nazirliyi əməkdaşları ilə təlim-məşqlərdə xüsusi hazırlıq keçiblər. Stansiyaların sanitariya vəziyyətinə, xidməti heyətin zahiri görkəminə, xidmət mədəniyyətinin yüksəldilməsinə, metrodan istifadə qaydalarına ciddi əməl olunmasına nəzarət qat-qat artırılıb. Artıq bu gündən 17 qatarda stansiyaların adları həm də ingilis dilində səsləndirilir. Sabah isə xətdə olan bütün qatarlar sərnişinlərə bu məlumatları həm Azərbaycan, həm də ingilis dilində təqdim edəcək.
Hərəkət xidməti BAOƏK inteqrasiya qrupunun meropolitenin qarşısına qoyduğu tələbləri nəzərə alınmaqla işləyib hazırladığı sərnişindaşıma əməliyyat planı iyunun 6-da Oyunların açılış mərasiminin sınağı zamanı özünü bütünüklə doğrultdu. Gözlənildiyi kimi açılış mərasiminin imitasiya günü mərasimin nəqliyat təminatında ağarlığın daha böyük hissəsi metropolitenin üzərinə düşdü və yeraltı şəhər nəqliyyatı öz işini layiqincə yerinə yetirdi. Burada BAOƏK-in iclaslarında metronun işinə daha böyük diqqət ayırılmasının da əhəmiyəti az olmayıb. Oyunlara hazırlıq dövründə Bakı metropoliteninin işi ilə yaxından tanış olan londonlu mütəxəssislər razı qalıblar. Onlar stansiyaların təmizliyini, işçilərin yüksək intizamını qeyd ediblər.
Başlıca idman yarışlarının keçiriləcəyi günlərdə metropoliten xüsusi sərnişindaşıma əməliyyat planı üzrə işləyəcək. Metroda ən böyük gərginliyin təntənəli açılış-bağlanış mərasimlərinin «Koroğlu» da yaşanacağı aşkardır. Milli Olimpiya stadionunda keçirləcək hər iki tədbirdə iştirak edəcək insanların təqribən 50 faizi mənzil başına metro ilə çatdırılacaq. Bu da təxminən 25-30 min tamaşaçı-sərnişin edir. Həmin günlər üçün hazırlanan planda bütün mümkün variantlar nəzərə alınıb. Məlumdur ki, sərnişin kütləsi Alov meydanı tərəfdəki keçidə tərəf axın edəcək. Stadiondan bu keçidə tərəf uzanan 1,5 kilometrlik yolun eni 30 metrdir. Əlbəttə, bu axını eni 6 m olan metro keçidinə birbaşa buraxmaq mümkün deyil. Buna görə də keçidə qədər olan yol hər birinin eni 6 m olan 5 zolağa bölünəcək. Hərəkət 4 zolaqda təşkil ediləcək, bir zolaq təhlükəsizlik üçün nəzərdə tutulur. Metro keçidinə sərnişinlər bu zolaqlardan hissə-hissə buraxılacaq. Nəzərə almaq lazımdır ki, hər zolağın eni metro keçidinin eninə bərabərdir. Buna görə də keçiddə axının sürəti nisbətən aşağı düşəcək. Metroya aparan yeraltı keçidin buraxıcılıq qabiliyyəti saatda 12 min sərnişindir. Deməli, bütün sərnişin kütləsinin stansiyaya buraxılmasına təqribən 2 saat vaxt lazım gələcək. İnsan selinin sürətini ləngidən yerləri - pilləkanları, giriş qapılarına tərəf dönüşləri diqqət mərkəzində saxlanılacaq. Başqa bir maneə isə avtomat-nəzarət məntəqələrinin qarışısında yarana bilərdi. Amma tamaşaçıların pulsuz daşınması barədə hökumət qərarından sonra, bu çətin məqam da aradan qalxdı. Belə ki, axın stansiyaya onun çıxış qapılarından, ANM nəzarəti olmadan, daxil olacaq. Metropolitenin təklifilə bu zaman polis yoxlamalarından da imtina edilib. Sadəcə olaraq bu yoxlamaya ehtiyac qalmır. Tamaşaçılar stadiona daxil olarkən ciddi yoxlamadan keçiblər. Çıxış zamanı isə metronun keçidinə kimi yaradılan canlı sədd bu axına kənardan kiminsə qatılmasına imkan verməyəcək. Deməli, metroya daxil olanları təkrar yoxlamaq lazım olmayacaq.
Təhlükəsizlik orqanları daha çox platforma üzərində yarana biləcək sıxlıqdan narahatdırlar. QSC sədrinin istismar üzrə müavini Hidayət Məmmədov onları arxayın edir: narahatçılıq üçün heç bir əsas yoxdur. Onun arqumentləri isə çox sadədir: hesablanmış optimal hərəkət qarfiki sayəsində platforma üzərində heç bir sıxlıq, artıq yüklənmə yarana bilməz. Belə ki, mərasimin başa çatdığı saatlarda metroda qatarların yüklənmə faizi ən aşağı səviyyəyə enir. Faktiki olaraq adi günlərdə bu vaxtlar stansiyalarda, demək olar ki, sərnişin qalmır. Yəni, «Koroğlu» stansiyasına qatarların tam boş vəziyyətdə daxil olacaqları şəksizdir. Ehtimala görə sərnişinlərin bu stansiyadan hərəkət istiqaməti 50:50 nisbətində olmalıdır. «Əhmədli» istiqəmətinə gedən sərnişinlərin sayı ilə mərkəzə axışanlar arasında fərqin cüzi olacağı gözlənilir. Maksimum hərəkət ölçüsü, yəni stansiyadan bir saat ərzində hər iki istiqamətdə 30 qatarın yola salınması o deməkdir ki, bu müddətdə oradan 90 min sərnişin rahat daşına bilər. Amma stansiyaya 1 saat ərzində 12 mindən artıq sərnişinin daxil olması mümkünsüzdür. Əsas keçidin buraxıcılıq qabiliyyəti, yuxarıda qeyd etdiyimiz kimi, saatda 12 min sərnişindir. Yəni stansiyaya 1 saat ərzində bu qədər sərnişin daxil olacaq ki, onun da qatarlarla daşınması heç bir çətinlik törətməyəcək. Əksinə, qatarlar seyrək sərnişin sıxlığı ilə yola düşəcək. Hətta, platformada qatarların dayanma müddətinin bir qədər artırılması və intervalın daha da qısaldılması ehtimalı da nəzərdə tutulur. Yəni, qatar stansiyada çox dayanmaqla daha böyük sərnişin yükü götürə və stansiyadan çıxan kimi, giriş sfetoforu qarşısında gözləyən növbəti qatar platformaya yan ala bilər.
Əlbəttə, bütün xidmətlər belə intensiv və gərgin iş rejimində hər bir gözlənilməz hallara qarşı səfərbər olunmalıdırlar. Hər bir təsərrüfat sahəsi yol, işarəvermə və rabitə, elektromexanika xidmətləri, mühafizə şöbəsinin işçiləri gücləndirilmiş iş rejimində işləyəcəklər. Bundan başqa, depodan əlavə qatarların verilməsi üçün tədbirlər görüləcək. Lazım gələrsə, «Bakmil» stansiyasından ehtiyat qatar «Nərimanov» və «Ulduz» stansiyalarından sərnişin götürmədən «Koroğlu»ya verilə bilər. «Neftçilər» stansiyasından da eyni qayda ilə köməyə ehtiyat qatar göndərmək mümkündür.
Meropoliten mütəxəssilərinin ehtimalları iyunun 6-da Oyunların açılış mərasiminin məşqi zamanı özünü tam təsdiq etdi. Metropolitençilərin böyük təşkilatçılıq bacarığının nəticəsi olaraq, «Koroğlu» stansiyası sərnişin axınının öhdəsindən heç bir çətinliklə üzləşmədən gəldi. Metropolitençilər güclü sərnişin axınını idarə etməkdə səriştəsiz olmadıqlarını bir daha sübut etdilər. Milli parkda keçirilən bayram şənliklərindən sonra metroya axışan insan selini qarşılayıb yola salmaqda əldə edilən təcrübə iyunun 6-da bir daha özünü təsdiq etdi. Şübhə yoxdur ki, açılış və bağlanış günlərində, yarışların keçiriləcəyi 17 gündə bunun bir daha şahidi olacağıq.
Sərnişinlərmiz, şəhərimizin qonaqları, xidmətimizdən razı qalacaqlar. Əlində yarışlara bileti olanlara isə bir daha xatırladaq ki, biletdə göstərilən tarixdə onlar metrodan pulsuz istifadə edə biləcəklər. Bunun üçün nəzarətçiyə bileti və şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.