z

BİRİNCİ DƏRS İLİ NƏ GÖSTƏRDİ

BİRİNCİ DƏRS İLİ NƏ GÖSTƏRDİ

09 IYUL / 2015 / 00:00

Ölkədə tədris ili başa çatıb və növbəti mövsümün hazırlıqları başlanıb. Artıq metropolitendə də tədris prosesi, bu sahəyə aid termin və ifadələr daha aktiv işlənməkdədir. Əvvəllər yalnız sahələr üzrə məhdud profildə tədris proqramları keçirilirdisə, ötən il təsis edilmiş təlim-tədris mərkəzi bu sahəni genişləndirməklə metropollitendə son bir ilin ən böyük yeniliyinə çevrilib.
Kadr hazırlığının təşkili ilə bağlı «Bakı Metropoliteni» QSC sədri Z.Hüseynovun 2014-cü il sentyabrın 16-da imzaladığı əmrlə yaradılmış mərkəz, 14 gün sonra əsasnaməsi təsdiq edilərək, Rabitə evində fəaliyyətə başladı. Təmir işlərindən sonra əksər otaqlar zəruri şəraitlə təmin edildi. Oktyabrın 27-də mərkəzdə keçirilən ilk məşğələ bəlkə də rəmzi mənası ilə daha çox diqqət çəkdi. Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində «Thales» şirkəti ilə bağlanmış iki müqavilədən biri məhz kadr hazırlığı ilə bağlı idi. İlk müdavimlərin toplaşdığı məşğələ yeni xətlərdə tətbiq olunacaq müasir sistemlərə həsr olundu. Sonradan həmin müdavimlərin arasından seçilən gənclər Türkiyənin İstanbul və Kanadanın Toronto şəhərlərində təlimlərə cəlb edildilər.
Metropoliten üçün kadr hazırlığı yeni texnologiyaların gəlişi, yeniliklərin bir-birini sürətlə təqib etməsi və onlara kəskin ehtiyacın yaranması ilə gündəliyə düşmüş məsələ deyil. Bəzi peşə sahiblərinin sırf metropoliten üçün ixtisaslaşmasının vacibliyi kadr hazırlığına diqqət tələb edir. CBTC və SCADA tipli sistemlərdən, maşinisitlikdən tutmuş arqon qaynağına, tornaçı və frezerçiliyə qədər peşəkar işçiyə, həm də onların ixtisasının daim artırılmasına ehtiyac var. QSC yaradıldıqdan sonra, təlim-tədris mərkəzinin təşkil edilməsi qətiyyətli addımlardan biri kimi diqqəti çəkdi. Müəssisə rəhbərliyi aparılan islahatlarla, maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, kadr hazırlığını bir nömrəli məsələyə çevirib və tədrisin təşkilini prioritet istiqamət kimi müəyyən edib.
Fəaliyyət göstərən 5 auditoriya məşğələlərin müasir tələblərə uyğun keçirilməsi üçün lazımi vəsait və avadanlıqla - masalar və stullar, yazı lövhələri və dolablarla, kompüter və audiovizual texnologiyalarla, elektron proyektorlarla, ekranlar və digər müasir texniki vasitələrlə təmin edilib. Multimedia vasitələri, interaktiv təlim üsulları, audio-video texnikadan istifadə olunması və s. əyani vəsaitlərin yeni erasının məhsuludur. Bunlar tədrisi zənginləşdirir, dərsin, materialın həcmini daha asan və sürətlə qavramağa kömək edir. Gələcəkdə peşə vərdişlərinin praktiki möhkəmləndirilməsi və genişləndirilməsi üçün ən yaxşı əyani vəsait olan sınaq və məşq simulyatorlarının tətbiqinin bütün mümkün sahələrdə genişləndirilməsi üzərində də iş aparılacaq. Mobil telefon, portativ elektron məhsullar, internet və s. texniki imkanların adi sosial-məişət səviyyəsinə çatması ilə audio-video dərslərin, mühazirələrin, praktiki məşğələlərin, konspektləşdirmənin elektronlaşdırılması yolu ilə təşkilinə geniş şərait yaradır.
Bu ilin 6 ayı ərzində bir neçə xidmət və sahə üzrə kurslar təşkil olunub, imtahanlar götürülüb. İndi nəticələr təhlil edilir, mərkəzləşmiş şəkildə qarşıda duran vəzifələr müəyyənləşir. Bütün bunlar yeni tədris mövsümündə işimizi təkmilləşdirməyə kömək edəcək.
İnsan resursları və xidmət departamenti artıq müvafiq iş apararaq, kadrlar üzrə baza məlumatları, ehtiyacları nəzərə alan sistemin qurulması üzərində çalışır. Bununla da yaxın gələcəkdə fərqli prinsiplərlə kadr hazırlamağa, ixtisas artırmağa, yaxud da bilik və bacarığa uyğun peşəni dəyişməyə imkan verəcək bir münbit şərait yaradacıqdır. Həmçinin kursların məzmun və mahiyyətini, müddətini təyin etmək də mümkün olacaqdır.
Tələbat artdıqca, mərkəzin genişləndirilməsi də davam edəcək. Auditoriyaların sayının artırılması, təcrübə avadanlıqları üçün şəraitin qurulması, metodiki laboratoriya, təlimatçı-müəllimlərə otaqların və guşələrin ayrılması, kitabxana, o cümlədən audio-videoteka, konfrans zalı və s. ilə bağlı işlər bu məsələnin tərkib hissəsidir. Əyani vəsaitlərlə bağlı məsələyə də həssaslıqla yanaşılaraq, tədris plakatları, sxemlər və s. bu kimi vəsaitlər hazırlanır, yenilənir.
Hazırda mərkəzin kitabxanasının formalaşdırılması üzərində sürətli və həssas iş aparılır. Ümumiyyətlə, 700-ə yaxın təlimat, normativ sənəd, texnoloji proses və s. ədəbiyyat üzərində iş aparılmalıdır. Hazırda onların bərpası üzərində iş gedir. Əlbəttə, müasir kitabxana yalnız rəflərdə olan çap məhsullarından ibarət deyil. Elektron kitabların bazası da əhəmiyyətlidir. Audio-video kitablar, dərsliklərlə yanaşı, müxtəlif tədris prosesləri arxivləşdiriləcək.
Təlim-tədris mərkəzinin yaradılması yerli və xarici mütəxəsissləri bu işə cəlb etmək imkanı da verir. Yeni xətlərdə tətbiq edildəcək sistemləri mənimsəmək üçün «Thales» şirkətinin Kanada və Türkiyədəki kurslarına cəlb edilmiş müdavimlərlə geniş formatda təcrübə mübadiləsi təşkil edilib. Bu xüsusda maraqlı bir məsələ də gündəliyə gəlir: tədrisi xarici təchizatçı şirkətlərin mütəxəssislərinin videokörpü, videokonfrans yolu ilə qoşulmasını da təşkil etmək də mümkündür.
Bir sözlə, mərkəz çeşidli və geniş spektrli məsələlərin həyata keçirilməsini nəzərdə tutur.