z

Bakı metropoliteni qış qrafikinə keçir

Bakı metropoliteni qış qrafikinə keçir

11 SENTYABR / 2015 / 00:00

Yeni tədris ilinin başlanması və yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropoliteninin stansiyalarında da sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır. Bunu nəzərə alaraq, «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə mədəni xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən, metropolitendə, ənənə üzrə, qatarların payız-qış hərəkət qrafikinin tətbiqinə başlanılacaq.
Yeni qrafiklə gur saatlarda hərəkət 30 cüt qatar ölçülərinə uyğun təşkil ediləcək. Beləliklə, xətdəki qatarların sayı artırılmaqla interval azaldılaraq, «Həzi Aslanov-28 May» sahəsində interval 2-2,5 dəqiqəyə (gur və qeyri-gur saatlarda) endiriləcək. “28 May-Dərnəgül» və «28 May-İçərişəhər» sahəsində isə qatarlar arasında interval, müvafiq olaraq, 4-5 dəqiqə təşkil edəcək.
Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafikin müddəti 2016-cı ilin iyul ayına qədərdir. Qeyd edək ki, hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris mövsümünün başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.