z
18 SENTYABR / 2015 / 00:00
«28 May»dan sonra paytaxt metrosunun ən giriş-çıxışlı stansiyası olan «Elmlər Akademiyası»nın ikinci giriş-çıxışının istismara verilməsi Bakı metropoliteni üçün əhəmiyyətli hadisələrdən olacaq. Metronun dərin özüllü 7 stansiyasından biri olan «Elmlər Akademiyası»nın ikinci giriş-çıxışla təmin edilməsi dövlət proqramında da xüsusi bəndlə qeyd olunub. Sahədə tikinti işləri sürətli templərlə davam etdirilir. Tikintinin yerüstü sahəsinin abadlaşdırılmasına hazırlıq da başlayıb. Bu məqsədlə sahədə müvəqqəti və köməkçi tikililərin söküntüsü aparılır.
Qeyd edək ki, bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa olunub. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşəcək, daha biri Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətində olacaq. Sonuncusu isə Bakı Dövlət Universiteti istiqamətindədir. Yerüstü abadlaşdırma işlərinə paralel olaraq, giriş-çıxışlar üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılacaq.
Hərəsində iki eskalator olmaqla, iki giriş-çıxışda müasir eskalatorlar quraşdırılıb, onların pilləkən marşları ilə divarların üzlənməsi aparılır. Keçidlərdə eskalatorlar, əsasən, hazırdır və yekun sazlama ərəfəsindədir.
Stansiya vestibülündə mərmər-qranit örtük dizayna və memarlıq-dekorasiya tələblərinə uyğun aparılır. Kassa otaqlarında və digər yardımçı sahələrdə rəngkarlıq işləri görülür. Tavanın rənglənməsi yekunlaşmaq üzrədir. Bütün ərazidə döşəmənin üzlənməsi başa çatdırılıb. Həm kassa zalı, həm də keçidlərin divarlarında memarlıq incəlikləri tələb edən işlər də yekunlaşmaq ərəfəsindədir. Buna görə stansiyanın əsas görkəmini indidən aydın təsəvvür etmək olur.
İki mərtəbədən ibarət vestibülün otaqlarla zəngin aşağı qatında fəaliyyəti təmin edəcək müvafiq infrastruktur qurulmaqla, əsas inşaat yerini son tamamlanmaya verib. Maşın zalını və daha bir neçə yardımçı otağı isə artıq hazır saymaq olar. Şaxta ventilyatorlarının qoyulması, sanitariya avadanlıqlarının qurulması, kabel xətlərinin çəkilməsi, elektrik işləri və s. işlərin başlanması ilə tikinti mərhələsi də paralel olaraq aparılır. Əsas qurğuları tam hazır vəziyyətə gətirilmiş dartı-alçaldıcı yarımstansiya son kabel xətlərinin çəkilməsi ilə tam hazır vəziyyətə gətiriləcək.
Kassa zalında qoyulmuş üç müasir eskalatorda əsas sazlama işləri başa çatdırılıb və son sınaqlar üçün hazırdır. Hazırda eskalatorlar üzərindəki asma tavanın memarlıq-dizayn tələblərinə uyğun qurulmasına hazırlıq gedir.
Mövcud plaftorma sahəsi ilə birləşmə tunellərində, piyada keçidində mərmər-qranit örtüyün vurulması yekunlaşıb və bu işlər yerinə yetirilərkən, stansiyanın mövcud infrastrukturunun və dizayn tərtibatının, memarlıq elementləri nəzərə alınıb. Hazırda sahədə asma tavan quraşdırılır və o da, müvafiq memarlıq tələblərinə uyğun aparılır.
Bir sözlə, stansiyada son tamamlama işləri planlı şəkildə davam etdirilir.