z
15 FEVRAL / 2016 / 00:00
Bakı metropoliteni stansiyalarının zahiri görkəmində aşkar qüsurlar, tökülmək təhlükəsi yaranmış plaftorma və yol divarları, həmçinin keçidlərində müvafiq təmir işləri davam etdirilir.
Məlumdur ki, ötən il təmir edilmiş «İnşaatçılar», «Nərimanov» və «Gənclik» stansiyalarının keçidləri əsaslı təmir edilərək, tam yeniləşmiş görkəmi ilə sərnişinlərin istifadəsinə verilmişdi. Hətta «Nərimanov» və «Gənclik» stansiyalarının keçidləri metropolitenin bir sıra sosial layihələrinin keçirildiyi məkana da çevrilərək sərnişinlərin rəğbətini qazanıb.
Bu tədbirlərin davamı olaraq, «Neftçilər» stansiyasının keçidlərində də təmir işlərinə başlanılıb. Hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.
Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb.
Qeyd edək ki, «Bakı Metropoliteni» QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, «Nizami» stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. 2-ci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.