z
26 FEVRAL / 2016 / 00:00
Bu gün “Bakı Metropoliteni” QSC-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
İldönümlə əlaqədar bu gün Bakı metropolitenində sosial yönümlü aksiya da reallaşdırılıb və stansiyaların vestibüllərində 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecəni xatırladan tematik plakatlar yerləşdirilib. O müdhiş gecə erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayın köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb.
Əvvəlki illərdə olduğu kimi, metropolitençilər Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.
Sonra metropolitenin inzibati və texnoloji binasının akt zalında keçirilən tədbirdə soyqırım qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Xocalı soyqırımını bəşəriyyət tarixində bir xalqa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılır. Heydər Əliyev Fondunun, xüsusən təşkilatın vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış «Xocalıya ədalət» kampaniyası diqqət çəkir. Artıq dünyanın 10-dan artıq ölkəsində bu fakt soyqırım kimi rəsmən tanınır. «Bu gün yayılmış məlumata əsasən, ABŞ-ın Aydaho ştatında da bu qətliam soyqırım aktı kimi qəbul edilir» – deyə Arif Mərdanov bildirdi ki, artıq Amerikanın 21 ştatında Xocalı qətliamı ədalətli qiymətini alıb.
Həqiqəti yaymaq üçün müxtəlif vasitələrin, xüsusən də bədii filmlərin rolunu qeyd edən çıxışçı Qarabağ həqiqətlərini dünaya çatdırmaq üçün son illər bu sahədə xeyli irəliləyiş olduğunu xüsusi vurğuladı.
Tədbirin sonunda metropolitençilərə Xocalı soyqırımına həsr olunmuş və həqiqi faktlar əsasında lentə alınmış “Xoca” filmi nümayiş etdirildi.