z

31 Mart-Azərbaycanlıların soyqırım günü

31 Mart-Azərbaycanlıların soyqırım günü

31 MART / 2023 / 10:58

1918-ci ildə erməni quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür. 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərin və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmiş, 10 minlərlə insan öz doğma yurd-yuvalarından didərgin salınmışdır. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə  7000-dən çox insanı soyqırıma məruz qoymuşdular. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub. . İrəvan quberniyası ilə qonşu olan Azərbaycanın Zəngəzur mahalında 115 kənd dağıdılmış, 3257 nəfər kişi, 3276 nəfər qadın, 2196 uşaq qətlə yetirilmişdir. 
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır. 
Azərbaycanlılara qarşı baş vermiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də sonradan unudulub. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.