z
21 MAY / 2016 / 00:00
Azərbaycan milli internet mükafatı olan «NETTY-2016»nın müxtəlif nominasiyalar üzrə mükafatlarınn qalibləri müəyyən edilib. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hər il keçirilən müsabiqənin builki qalibləri arasında «Bakı Metropoliteni» QSC-nin saytı da var. Metropolitenin saytı 12-ci dəfə təşkil edilən bu səsvermədə 2016-cı ildə ən yaxşı dövlət saytı seçilib.
"Hyatt Regency" mehmanxanasında təntənəli təqdimetmə mərasimi keçirilib. Mərasimdə ölkənin İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. «Bakı Metropoliteni» QSC-ni mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və şöbənin baş mütəxəssisi Müdhət Rəhimli təmsil ediblər.
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, "NETTY Azərbaycan" Milli İnternet Müsabiqəsi 10 ildən artıqdır uğurla keçirilir və o, internet resurslarının inkişafı üçün stimullaşdırıcı amillərdən biridir. Müsabiqənin laureatlarını təbrik edən nazir müavini, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
«Ən yaxşı dövlət saytı» nominasiyası üzrə müsabiqənin qalibini elan edən nazir müavini Elmir Vəlizadə mükafatı «Bakı Metropoliteni» QSC-nin xidmət şöbəsinin rəhbəri Lalə Babayevaya təqdim edib.
Qeyd edək ki, «NETTY-2016» Azərbaycan Milli İnternet Mükafatı - dünya şəbəkəsinin milli seqmentinin və Azərbaycanın informasiya texnologiyaları sahəsində yaradılmış birinci peşəkar mükafatıdır. Müsabiqənin qaydalarına görə, sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari ilin 15 mart tarixdən 30 aprel tarixədək keçirilib. Mayın 1-dən 7-dək, nominantları müəyyən etmək məqsədilə ekspert şurası və virtual münsiflər heyətinin paralel səsverməsi keçirilib. Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermələrinin nəticəsinə əsasən, iştirakçı-saytların arasından nominant veb-saytlar, proqramlar və İT-layihələr seçilib.