z

İyunun 22-dən qatarlar yay qrafiki ilə hərəkət edəcək

İyunun 22-dən qatarlar yay qrafiki ilə hərəkət edəcək

21 IYUN / 2016 / 00:00

Yay mövsümünün başlanması Bakı metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
«Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyun ayının 22-dən metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılacaq. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib.
Gur saatlarda «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qeyd edək ki, gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 5-dən 8-in yarısına qədərdir.
Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Yalnız gecə saatlarına yaxın hərəkət daha böyük intervalla təşkil edilir.
Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də «28 May» stansiyasından sonra hərəkət zamanı həm «İçərişəhər», həm də «Dərnəgül» stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edirlər.
Onu da xüsusi qeyd edək ki, «Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval «Bakmil-Nərimanov» yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarlarda metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.
Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.
Qatarların «Bakmil» stansiyasına və əksinə hərəkət cədvəllərinə keçid.