z

Metropolitendə Milli Musiqi Günü qeyd olunur

Metropolitendə Milli Musiqi Günü qeyd olunur

18 SENTYABR / 2016 / 00:00

18 Sentyabr – Milli Musiqi Günü münasibəti ilə metropolitendə növbəti sosial layihə həyata keçirilib. Bu əlamətdar günlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin həyata keçirdiyi növbəti sosial layihə çərçivəsində “İçərişəhər”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında sərnişinləri canlı musiqi ifası qarşılayıb.
Stansiyaların əsas vestibüllərində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının musiqi kollektivlərinin ifası feyziyab edib.
«Elmlər Akademiyası» stansiyasında saat 11:00-də, «28 May»da 12:15-də, «İçərişəhər»də isə 13:30-da simli kvartetin canlı konserti başlanıb. Onlar bir saat ərzində dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini ifa ediblər.
Kvartetin çıxışı başa çatdıqdan sonra aksiya milli musiqi üçlüyünün ifası ilə davam etdirilib. Bu dəfə sərnişinlər Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarına qulaq asmaq imkanı əldə ediblər.
Layihənin əsas məqsədi Azərbaycan və dünya musiqi sənətinin bənzərsizliyini gənc nəslə bir daha xatırlatmaq və sərnişinlərə xoş ovqat bəxş etmək idi.
Qeyd edək ki, bu tədbirlər metropolitendə bir ənənəyə çevrilməkdədir. Ötən ilin dekabr ayıında metropolitendə müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş iki musiqili aksiya keçirilmişdi. Onlardan biri milli və dünya musiqisi nümunələrinin stansiyalarda canlı ifa edilməsi idi. Bundan savayı, “Bakı Metropoliteni”QSC-nin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə bir qrup gəncin qatarda dahi bəstəkarın xatirəsinə həsr olunmuş fləşmobu - "Arazbarı" əsərini ifa edilməsi cəmiyyətdə geniş əks-səda doğurmuşdu.