z

Yeni mühasibat uçotunun tətbiqi ilə bağlı təlimlər keçirilib

Yeni mühasibat uçotunun tətbiqi ilə bağlı təlimlər keçirilib

22 SENTYABR / 2016 / 00:00

Sentyabrın 21 və 22-sində “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində maliyyə departamentinin mühasib heyəti üçün beynəlxalq mühasibat uçotu standartlarına dair təlimlər keçirilib.
Təlimlərin təşkil olunmasında məqsəd müəssisənin uçot siyasətinin yenidən qurulması, bu sahədə mövcud beynəlxalq qaydaların və standartların tətbiqi, həmçinin bu standartların yerli mühasibat uçotuna uyğunlaşdırılması ilə bağlı olub.
Təlimləri bu sahədə nəzəri və praktik təcrübəsi olan “Baker Tilly Azerbaijan” şirkətinin mütəxəssisləri aparıblar.
“Bakı Metropoliteni” QSC-nin tikinti və istismar strukturları üzrə qruplar şəklində təşkil olunan təlimlər çərçivəsində mühasibat uçotu sahəsində baş vermiş yeniliklər və beynəlxalq standartların ənənəvi uçotdan fərqli xüsusiyyətləri barədə ətraflı məlumat verilib, eləcə də müvafiq beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud vəziyyət öyrənilib, qarşıda duran vacib məsələlər müzakirə edilib.
Keçirilən təlimlər praktiki nümunələr üzərində qurulub və təlim iştirakçılarının hesabatlarla bağlı praktiki sualları cavablandırılıb, həmçinin hesabatların tərtib edilməsi zamanı onların qarşılaşdıqları problemlərin həlli istiqamətində nümunələr göstərilib.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC mühasibat uçotu sahəsində çalışan işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təcrübəsinin artırılması məqsədilə mütəmadi seminar və təlimlər təşkil edir.