z
06 NOYABR / 2023 / 10:40
56 il əvvəl noyabrın 6-da Bakı şəhərində Azərbaycan tarixinin mühüm səhifələrindən birinə çevrilən hadisə baş verdi - Bakıda metropoliten istifadəyə verildi.
Bakı metrpoliteninin yaranma dövrünü müxtəlif baxış və yanaşmalarla bir neçə yerə bölmək olar. Əslində tikinti-buraxılış mərhələləri hələ ilkin layihə işləri zamanı müəyyənləşdirilmişdi. Layihəçilər və inşaatçılar birlikdə tikintinin 4 növbədə aparılması barədə razılığa gəlmişdilər. Birinci növbənin uzunluğu 10,1 km olan birinci buraxılış sahəsinə indiki adları ilə “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov” və “Xətai” stansiyaları daxil idi. İlk 5 stansiya 1967-ci il noyabrın 6-da, “Xətai” isə 1968-ci il fevralın 22-də istifadəyə verildi.
Bakı metropoliteninin tarixinə ictimai-siyasi aspektdən yanaşdıqda onu 3 mərhələyə bölmək olar: Heydər Əliyevdən əvvəlki dövr, Heydər Əliyev dövrü və İlham Əliyev dövrü. Metronun 56 illik fəaliyyətinin tamamı ölkədə Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyindən və ümümiyyətlə, metro tikintisi sahəsindəki əhəmiyyətli hadisələrin zənginliyini nəzərə alaraq, əsas diqqəti metronun inkişafının Heydər Əliyev dövrü üzərində cəmləşdirmək daha düzgün olardı.
Ötən əsrin yetmişinci illərində Heydər Əliyevin Azərbaycanın gələcəyinə, respublikanın yaxın inkişaf perspektivinə istiqamətlənən planlarından biri də nəqliyyat sisteminin, xüsusən də Bakıda sərnişin nəqliyyatının problemlərinin həlli idi. Bu sahədə dünya təcrübəsinin ən mütərəqqi nümunələri, yerli şərait öyrənilir, məsələnin ən optimal həlli yolları axtarılır və müqayisəli təhlillər aparılmaqla doğru qərarlar verilirdi. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi, vəziyyətdən ən yaxşı çıxış yolunu metropolitenin inkişaf etdirilməsində görür, Bakı metropoliteninin tikintisində yaxın illərə istiqamətlənən planların sürətlə reallaşdırılmasını başlıca vəzifə hesab edirdi.
O vaxt respublikada mühüm strateji əhəmiyyətli məsələlər Moskvadakı mərkəzi hökumət tərəfindən həll edilirdi. Bakı metropoliteninin tikintisi də bu qəbildən idi və respublika hakimiyyətinin belə məsələlərə nüfuz etmək imkanı geniş deyildi. Respublikada dəmiryolu tikintisi və sənayenin digər sahələrinin inkişafı ilə bağlı Moskvaya ezam edilən heyət qarşısına Heydər Əliyev mühüm vəzifələr qoyurdu. Lakin Bakıda metro tikintisinin gələcəyi ilə şəxsən özü məşğul olur, lazım gəldikdə Moskvada mərkəzi hökumətin səlahiyyətli nümayəndələri, vəzifəli partiya xadimləri ilə şəxsən görüşür, məqsədə yol açan qərarların verilməsinə nail olurdu. Bu, heç də asanlıqla başa gəlmirdi.
Ümumiyyətlə, Bakı metrosunun tikintisi üzrə Moskvanın qarşıya qoyduğu tələblər uzaqgörənliyi, perspektivə baxış sarıdan bəzi hallarda qüsurlu idi. Layihələrin maliyyə dəyərinin aşağı salınması tələblərinə qarşı çıxan yerli mütəxəssislərin belə halların gələcəkdə böyük problemlər yaradacağı barədə xəbərdarlıqlarına lazımi əhəmiyyət verilmirdi. Bakı metrosunun birinci buraxılış sahəsi üzrə layihələrin SSRİ Nəqliyyat Tikintisi Nazirliyində müdafiəsi zamanı nazir işlərin maliyyə həcmini aşağı salmaq üçün stansiyaların sərnişin platformalarının uzunluğunu ixtisar etməyi və bununla da daha az vaqonlu qatarların istismarını nəzərə almağı təklif etdi. O vaxt “Bakımetrolayihə” İnstitutunun direktoru Konstantin Sençixin nazirin bu təklifinin əsassız, hətta zərərli olduğunu tutarlı faktlarla sübut edərək bu təklifə razılaşmadığını bildirdi.
Oxşar vəziyyət Heydər Əiyevin respublikaya rəhbərliyinin ilk illərində təkrar olundu. Moskva Bakıda metro tikintisinin həddən artıq maliyyə vəsaiti tələb etdiyini səbəb gətirərək, tikintinin respublikanın öz vəsaiti hesabına aparılmasını daha məqbul sayırdı. Xərclərinin aşağı salınması barədə edilən təkliflərin çoxunu Heydər Əliyev qəbuledilməz sayırdı. Çünki bu təkliflər şəhərsalma prinsiplərində o dövr üçün problemlər, xüsusən sıx məskunlaşma sahələrində insanlar üçün münasib infrastrukturun qurulması, yaşayış rayonlarının salınması prinsiplərinə ziddiyyətlər təşkil edirdi. Buna görə 1970-ci illərdə də respublika rəhbərliyi Bakı üçün belə əlverişsiz təkliflərdən inadkarlıqla imtina etdi. “Nərimanov” stansiyasından sonrakı 2.2 kilometrlik yol və “Ulduz” stansiyası bu prinsipiallığın arzuolunan nəticəsi oldu.
1970-ci il aprel ayının 17-də istifadəyə verilən stansiya Bakının böyük sənaye rayonunu şəhərin mərkəzi ilə birləşdirdi. Bakı metropoliteninin tarixində bu stansiyanın özünə məxsus yeri var. “Ulduz” Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya idi. Açılış münasibətilə keçirilən mitinqdə çıxış edən respublika partiya təşkilatının rəhbəri Heydər Əliyev metro inşaatçılarının əməyini yüksək qiymətləndirdi və qarşıdakı illərdə metro xətlərinin inkişafına daha böyük diqqət ayrılacağını vurğuladı.
“Ulduz” stansiyasının istifadəyə verilməsindən iki il yarım sonra metro xətləri inkişafda olan böyük yaşayış massivi “8-ci kilometr”ə qədər uzadıldı. Bakıda metronun açılmasının 5-ci ildönümü günündə - 1972-ci ilin 6 noyabrında “Məşədi Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”) və “Neftçilər” stansiyalarının qapıları sərnişinlərin üzünə açıldı. Bu münasibətlə “Neftçilər” stansiyasının üzərindəki meydanda keçirilən mitinqdə çıxış edən Ulu Öndər metro inşaatçılarını, istismarçıları, bu rayonda yaşayan əhalini, bütün bakılıları əlamətdar və tarixi hadisə münasibəti təbrik etdi. Metro inşaatçılarının fədakar əməyini yüksək qiymətləndirdi.
Mitinq iştirakçıları arasında, metro inşaatı üzrə bir neçə nəfər rəhbər işçilərdən başqa, heç kəs bilmirdi ki, həmin gün açılan stansiyaların sayı ilkin layihəyə görə 3 yox, 2 olmalı idi. Əvvəki layihədə “Məşədi Əzizbəyov”dan sonra “Neftçilər” stansiyasının göstərilməsi həmin dövrün tələblərinə qətiyyən müvafiq deyildi. Sürətlə inkişaf edən, geniş yaşayış infrastrukturuna malik bir ərazinin 5 kilometrə çatan yeraltı dəmir yolu xətti üzərində 2 stansiya perspektivlik və yeraltı yolların optimal funksionallığı baxımından qəbul edilməz idi. Heydər Əliyev bu vəziyyətlə də razılaşmadı və neçə il əvvəl düzgün olmayan proqnozlarla hazırlanan layihədə dəyişikliyin edilməsinə nail oldu. İndiki “Qara Qarayev” stansiyası belə yarandı. Bununla da respublika rəhbərinin şəhərin ucqar yaşayış sahəsini mərkəzə birləşdirmək ideyasının bir mərhələsi də yerinə yetirildi. İndi qalırdı yeraltı xətləri buradan başqa bir yaşayış rayonuna, sərhədləri sürətlə genişlənən Əhmədli massivinə qədər uzatmaq.
Amma Bakının inkişaf perspektivləri və eləcə də geoloji səbəblərə görə tikintisi təxirə salınan II növbədə işlərin davam etdirilməsi üçün bütün hazırlıqlar görülmüşdü. Söhbət o vaxt hələ bir stansiyası olan Yaşıl xəttin davamından gedir. Hər iki xəttin ortaq stansiyası “28 May”dan Şimal tərəfə doğru irəliləyən inşaatçıları hidrogeoloji cəhətdən böyük çətinliklər gözləyirdi. Sonradan Ulu Öndər “Nizami” stansiyasının tikintisi ilə bağlı çətinliklər barədə deyirdi: “Mənim xatirimdədir, 1976-cı ildə “Nizami” stansiyası hazır olmuşdu. Oranı neçə dəfə su basdı. Bir dəfə səhər işə gələndə xəbər verdilər ki, tunel tamamilə su ilə dolubdur. Onu oradan çıxarmaq nə qədər çətin məsələ idi. Yaxud tunelləri qazanda hər dəfə su çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan istifadə edirdilər. Əgər indi o quyular qapanıbsa da, onların alt hissəsi qalır. Bizim metro inşaatçıları dəfələrlə belə quyulara rast gəliblər, oradan su çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə düşüblər. Amma öz işlərindən əl çəkməyiblər”.
1976-ci ilin 30 dekabrında istifadəyə verilən “Nizami” stansiyasının daxili tərtibatı Azərbaycan, əminliklə demək olar ki, dünya memarlıq sənətinə yeni bir töhfə idi. Heydər Əliyev metro stansiyalarının gözəlliyinə, tərtibatına diqqətlə yanaşırdı. Həm də həvəskar kimi deyil, Azərbaycan Sənaye İnstitutunun (indiki Dövlət Neft Akademiyası) memarlıq fakültəsinin məzunu, peşəkar memar kimi. Öz fikirlərini stansiyanın layihə müəllifləri Mikayıl Useynov və Mikayıl Abdulayevlə bölüşür, tövsiyələr verirdi. “Beləliklə, biz yaxşı metropoliten stansiyaları yaratmışıq. Ona görə metropoliten, eyni zamanda, həqiqətən mədəniyyət, memarlıq abidəsidir” deyirdi Ulu Öndər.
Bakı metropoliteninin tarixini vərəqləyərkən onun üç onillikdən artıq bir dövrünün məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu görürük. Hazırda 40,7 kilometrə bərabər olan şəhər yeraltı dəmir yolu xətlərinin 21,5 kilometri, yəni, 27-stansiyadan 14-ü məhz Heydər Əliyevin vaxtında və birbaşa dəstəyi ilə inşa edilib. Özünün də dediyi kimi: “Mən bu gün bu barədə böyük iftixar hissi ilə danışıram. Ona görə ki, Bakı metrosunun tikilib bu səviyyəyə çatması üçün mən illər boyu çox xidmət göstərmişəm, hətta əziyyətlər çəkmişəm”.
Heydər Əliyev Bakı metrosunu bizə yaxın keçmişimizdən qalan miras sayırdı. Onu gələcəkdə daha yüksək inkişaf mərhələsinə çatdırmağa qadir nəsillərə əmanət edəcəyinə inanırdı.
“İnşallah, qarşıdan gələn 3-4 ildə Azərbaycanın gəlirləri xeyli artacaqdır. Mən sizə bildirmək istəyirəm ki, bu gəlirdən Bakı metrosunun inşasının davam etdirilməsi üçün mütləq istifadə etmək lazımdır. Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” deyən Heydər Əliyevin müstəqil, azad Azərbaycanın quruculuğu sahəsindəki fəaliyyətini 2003-cü ildən davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sənayenin yeni inkişaf dövrünün ilk illərində sələfinin metro barədə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə başladı. Yeraltı yolların istismarı sahəsində problemlərin aradan qaldırılması üzrə hələ Ulu Öndər tərəfindən aparılan işlər davam etdirildi. Vaqon parkının yeniləşdirilməsi üçün Heydər Əliyevin dəstəyi ilə ötən əsrin son illərindən başlanan işin davamı olaraq, 2011-ci ilə kimi vaqon parkına 155 yeni vaqon alındı. Şimal sahəsində 20 ilə yaxın idi ki, yarımçıq qalmış tikinti işləri bərpa olundu. Bundan sonra çox qısa bir vaxtda həmin sahənin ilk stansiyası “Nəsimi” 2008-ci il dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verildi.
Sonradan metronun o vaxtaqədərki tarixində görünməmış hadisələrin düzümü yarandı. Bakı iki il ardıcıl olaraq metro stansiyasının istifadəyə verilməsinin şahidi oldu. 2009-cu ilin 30 dekabrında “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının II çıxışı ilk sərnişinlərini qəbul etdi. Daha iki il sonra inşaatçılar Yaşıl xəttdə hələ ki, sonuncu olan “Dərnəgül”də işlərini tamamladılar. Stansiya 2011-ci il iyunun 29-dan sərnişin daşımalarına başladı.
Eyni zamanda metronun yaxın onilliklər üçün inkişaf proqramı üzərində işlər aparılırdı. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı hələ 2008-ci ilin 10 noyabrında imzalamışdı. Sərəncamda Azərbaycan Respublikası Nazirlər Kabinetinə aidiyyəti qurumların təklifləri əsasında Bakı şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərin mövcud və perspektiv genişlənməsi, metrodan istifadə edən sərnişinlərin sayı və hərəkət istiqamətləri nəzərə alınmaqla, “Bakı metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” layihəsinin hazırlanması tapşırıldı. Dövlət başçısının “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 18 mart tarixli Sərəncamı ilə “Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemi” təsdiq edildi. Proqramda yeni üçüncü xətt üzrə 5 stansiyanın və 1 elektrik deposunun inşa olunması, mövcud Yaşıl xəttin elektrik deposunun və 3 yeni stansiyanın tikilməsi, birçıxışlı stansiyalarda ikinci çıxışların inşası, istismarda olan xətlərdə müstəqil hərəkətin təşkili, habelə bu xətləri yeni xətlərlə birləşdirən keçid stansiyalarının inşası, “28 May” stansiyasının yenidən qurulmasının başa çatdırılması, vaqon parkının yeniləşdirilməsi və müasirləşdirilməsi, qatarların hərəkət təhlükəsizliyinin və sərnişindaşımanın keyfiyyətinin artırılmasının təmin edilməsi, yeni tikiləcək xətlərdə platformaların uzunluğunun artırılması hesabına vaqonların sayının 5-dən 7-yə çatdırılması, metroda elmi-texniki nailiyyətlərin və yeni texnologiyaların tətbiq edilməsi, elektrik enerjisi ilə fasiləsiz və davamlı təchizat üçün zəruri müasir avadanlığın alınması, metropoliten sistemində kadrların hazırlanması, onların sosial müdafiəsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulurdu.
Yeni əsrdə Bakı metropoliteninin həyatında ən önəmli hadisə yeni tarixi dönüş dövrünün yaranması oldu. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Sərəncamına əsasən, Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildi. Dövrün tələblərindən doğan bu Sərəncam “Bakı Metropoliteni” QSC-nin qarşısına yeni iqtisadi münasibətlərə uyğun modellərin tətbiqi, istehsalın təşkilində müasir texnologiyalardan səmərəli şəkildə yararlanmaq, kadr hazırlığı, sosial məsələlərin həllinə müasir yanaşma tərzinin formalaşması kimi məsul vəzifələr qoyurdu.
Bakı metropoliteninin yeni formatda fəaliyyətinin ilk 9 ili bu tapşırıqların uğurlu həllindən xəbər verir. Bu istiqamətdə aparılan işlərin başlanğıcında yeraltı nəqliyyatın əsas vəzifələrinin icrasına mane olan, metropolitenin istismar qaydalarına uyuşmayan məqamların aradan qaldırılması üzrə tədbirlər dayanırdı. Buraya stansiyaların memarlıq özəlliklərinə xələl gətirən ticarət xidmətindən imtina edilməsi, stansiya və keçidlərin görkəmində səliqə sahmanın yaradılması, sanitariya vəziyyətinin yaxşılaşdırılması üçün texniki bazanın möhkəmləndirilməsi, təhlükəsizlik baxımından böyük əhəmiyyətə malik olan videomüşahidə sisteminin daha mükəmməl cihazlarla təmin edilməsi və digər bu kimi tədbirlər daxil idi. Sərnişindaşıma prosesini, hərəkət qrafikini təmin edən vaqon parkının yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində vaqonların, hərəkətin və sərnişindaşımanın təşkili ilə bağlı olan digər texniki avadanlıq və mexanizmlərin təmir keyfiyyətinin yüksəldilməsi qısa bir zamanda gözlənilən nəticəni verdi.
Qatarların xətdən plandankənar, yəni, iş vaxtını tam başa vurmadan nasazlıq səbəbindən depoya qayıtma halları dəfələrlə aşağı düşdü. Vaqonların əsaslı təmirinin həyata keçirilməsi isə Bakı metropolitenində görünməmiş hadisə idi. Əvvəlki illərdə bu məqsədlə Moskvanın, Xarkovun, Tbilisinin vaqon təmiri müəssisələrinə müraciət olunurdu. Bu, sərnişin daşımalarının maya dəyərinə ciddi şəkildə təsir edirdi. 2015-ci ildən bu təcrübədən imtina edildi. İlk mərhələdə “Nərimanov” elektrik deposunun öz bazasında yerli şəraitin o qədər də geniş olmayan imkanları əsasında həyata keçirilən bu işlər üçün sonradan bütün lazımi avadanlıqla təchiz edilmiş xidmət yaradıldı. Hazırda vaqonların əsaslı təmiri və modernləşdirilməsi bu sexdə yerinə yetirilir.
Depoda aparılan cari və digər mərhələlər üzrə təmirin daha yüksək keyfiyyətlə aparılmasına xidmət edən bir sıra yeniliklər tətbiq edildi. Təmir sexlərinin yenidən qurulması və yeni avadanlıqlarla təchiz edilməsi əl əməyi həcmini aşağı salmaqla yanaşı, əməyin məhsuldarlığını, işin keyfiyyətini nəzərəçarpacaq dərəcədə artırdı. Vaqon salonlarının təmizlənməsi üçün tətbiq edilən tozsovuran, buxarla işləyən döşəməyuyan maşınlar əlçatmaz sahələrin təmizlənməsində, ləkələrin yuyulmasındakı problemləri aradan qaldırdı.
Dövlət başçısının müvafiq Sərəncamında irəli sürülən vəzifələrə müvafiq olaraq bir sıra stansiyalarda, vestibül və tunellərdə təmir və yenidənqurma işləri aparıldı. İfrat yüklənmə həddinə çataraq, təhlükəli vəziyyət yaranmış “Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının açılması yeni ərazilərdə metro stansiyasının inşası qədər əhəmiyyətli hadisə idi. Bu stansiyanın əsas vestibülü də bundan sonra əsaslı şəkildə təmir olundu. Bu formatda “Xətai”, “Sahil”, “Bakmil”, “Gənclik”, “Nərimanov”, “Qara Qarayev”, “Neftçılər”, “Xalqlar dostluğu” və İnşaatçılar” stansiyalarının piyada keçidləri, “Nizami” stansiyasının orta zalı əsaslı təmir olundu.
Tunellərin problemli sahələri möhkəmləndirildi, elektrik təchizatında etibarlılığın artırılması üçün “İçərişəhər”, “Sahil” yarımstansiyaları, ən əsası, ilk dəfə qatarları dartı gücü ilə təmin edən yarımstansiyalardan biri modernləşdirilməklə yenidən quruldu, depoda 2 alçaldıcı yarımstansiya müasir avadanlıqlarla təmin olunmüş yeni binalara köçürüldü. Bu sırada metropoliten tarixi üçün əlamətdar olan daha bir yenilik fövqəladə hallarda, elektrik enerjisinin mərkəzi mənbədən verilişində problem baş verdikdə metropolitenin özünün qəza elektrik təminatı mənbəyindən qidalanmaq imkanının yaradılmasıdır. İllərin təcrübəsi göstərirdi ki, metropolitenə dizel generatorları bazasında muxtar elektrik stansiyası labüddür. 2018-ci ilin 3 iyulunda ölkənin elektrik təchizatındakı problemlə əlaqədar Nazirlər Kabinetində keçirilən iclasda dövlət başçısı bu məsələni metropolitenin qarşısına qoydu.
Metronun normal fəaliyyətini təmin edən bütün sahələrdə yenilənmə, müasirləşmə yüksək sürət kəsb edirdi. Yeniliklər yol təsərrüfatına, ventilyasiya və santexnika qurğularına, işarəvermə və rabitə sisteminə, stansiyalarda sərnişin xidməti avadanlıqları və qurğularına ayaq açdı. Stansiyalarda eskalatorların, demək olar ki, 80 faizi yeni, daha müasir növləri ilə əvəzləndi, yeni ventilyatorlar, havalandırmanın səmərəsini artıran tədbirlər stansiya və tunellərdə iqlim şəraitini normalar çərçivəsinə sığışdırdı. Hərəkətin təşkilində və idarə edilməsində mikroprosessor mərkəzləşməsinin tətbiqinə Bənövşəti xətdən mərhələli şəkildə başlandı. Bu isə gələcəkdə ən müasir sistemlərdən hesab edilən CBTC sisteminin təməl bazası hesab edilir.
Dəmir yolu nəqliyyatında təhlükəsizliyin əsas təminatçısı yoldur. Yolun vəziyyətinə daimi nəzarət dəmiryolçuların 1 nömrəli vəzifəsidir. Bu gün Bakının yeraltı yolları ən müasir avadanlıqlarla təmin edilib. Yolları, eləcə də metro infrastrukturunu 40-dan artıq parametr, 100-dən artıq ölçmə meyarı üzrə müayinə edən diaqnostika kompleksinin sorağı dünyanın nəqliyyat logistikası sərgilərindən gəlir. Diaqnostika kompleksinin daha operativ, dəqiq müayinə imkanları tunel və park yollarının, yoldəyişdirici qurğuların cari və əsaslı təmirində, yolun keyfiyyət göstəricilərində mühüm irəliləyişlər yaradıb.Yolun üst quruluşu elementlərinin müasirləşdirilməsi, ağac şpalların əvəzinə istismar müddəti dəfələrlə böyük olan dəmir-beton şpallar və konstruksiyalar metropoliten yollarını dünya standartları səviyyəsinə çatdırıb.
Yeraltı xətlərin genişlənməsi, eləcə də vaqon parkının yeni vaqonlara olan ehtiyacının ödənilməsi metronun inkişafı üzrə dövlət proqramının mühüm tərkib hissəsidir. 2015-ci ildən Bakı metropoliteninin parkı innovasiyalar baxımından ən son nəslə mənsub vaqonlarla yenilənir. 2015-2023-cü illər ərzində 115 belə vaqondan ibarət 23 yeni qatar tərkibi xəttə buraxılıb. Bu isə hazırda vaqon parkının 30 faizdən artıq yenilənməsi deməkdir.
Yeni metro xətlərinin inşası barədə dövlət proqramından irəli gələn vəzifələr inşaatçılar tərəfindən uğurla yerinə yetirilir. İnşaat işlərinin sürətlənməsi üçün müasir qurğu və avadanlıqlardan, mexaniki qazma komplekslərindən istifadə olunur. Yeni, Bənövşəyi xəttin inşasında tətbiq edilən bu texnika, xüsusən Almaniya istehsalı olan “Herrenknecht” qazma kompleksi müstəqillik illərində istismara verilən ilk xətdə qazma işlərinin sürətini qat-qat artırdı. Burada 2011-ci ildən başlanılan və bu gün davam edən tikinti metronun xəritəsinə “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” “Xocəsən” stansiyalarını və xəttin öz deposunu əlavə etdi. Hazırda tikinti-quraşdırma işləri şərti adı “B-04” olan stansiyada aparılır. Konseptual inkişaf sxeminə görə Bənövşəyi xəttin üzərində 6-sı keçid olmaqla, daha 10 stansiya olmalıdır. Onlar 7 vaqonlu qatarların qəbuluna hesablanıb və dünya standartlarına uyğun ən müasir idarəetmə sistemləri ilə təchiz edilib.
Hazırda yeraltı dəmir yollarının ümumi uzunluğu 40.7 km, stansiyaların sayı 27-dir. Konseptual inkişaf sxeminə görə yolların uzunluğu 3 dəfəyə qədər artmaqla 119,1 km olmalıdır. İndiki 3 xəttə Mavi və Sarı xətlər əlavə edilməklə stansiyaların sayı 77-yə çatacaq. Bu halda daha 4 deponun xidmətinə ehtiyac yaranacaq.
Noyabrın 6-da Bakı metropolitenin kollektivi növbəti peşə bayramı gününü qeyd edir. Metropolitençi adı həmişə onu daşıyan insanlar üçün qürur mənbəyi olub.
Bu adı daşıyanlar, istər yeraltı yolları tikənlər, istərsə də bu yollarla qatarları hərəkətə gətirənlər necə böyük bir məsuliyyətin daşıyıcıları olduqlarının fərqindədirlər. Bu, metropolitençiləri hər bir çətinliklərlə mübarizəyə səfərbər edir, yeni uğurlara ruhlandırır. Metropolitençilər yeraltı səltənətin əsas memarı hesab etdiyi, onun şəhərin əsas nəqliyyat arteriyasına çevrilməsində xüsusi rolu olan, metronu xalqın sərvəti, Azərbaycan tarixində unikal hadisə adlandıran Ulu Öndərin bu ximətlərini unutmur, onu yeni metropolitençilər nəslinə ötürür və Heydər Əliyevin bir əsrlik yubileyini əmək uğurları ilə qeyd edir.