z

Metropolitendə mülki müdafiə təlim-məşqi keçirilib

Metropolitendə mülki müdafiə təlim-məşqi keçirilib

22 NOYABR / 2023 / 16:48

“Bakı Metropoliteni” QSC-nin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiənin Təşkili Baş İdarəsi ilə qarşılıqlı əməkdaşlığı və müvafiq tədbirlər planına uyğun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və xəbərdarlıq toplanışı üzrə mülki müdafiə məşqi keçirilib.
“Bakı Metropoliteni” QSC-nin idarə aparatında “Diqqət hamıya” işarəsi ilə fövqəladə hallar zamanı idarə heyətinin təxliyə olunması və bu təxliyəyə hazırlığın qiymətləndirilməsi məqsədilə təşkil edilmiş məşqdə binada yerləşən bütün aidiyyəti strukturların nümayəndələri iştirak ediblər.
Məşq təhkim olunmuş hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin müharibə və dinc dövrlərdə ekstremal vəziyyətlərdə funksional vəzifələri üzrə əyani təlim yoxlamalarından ibarət olub.
Müvafiq ardıcıllığa uyğun tapşırıqlar üzrə normativ tələblər və praktiki bacarıqlar, operativlik, qərarvermə bacarıqları və təşkilati məsələlərdə dəstələrin müxtəlif təlimlərdə hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Tədbirin yekununda iştirakçılara əlavə tövsiyələr verilib, tapşırıqlar əsasında fikir mübadiləsi aparılıb.