z
02 DEKABR / 2016 / 00:00
Metropolitendə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. İşəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur.
Bakı metropolitenində bağlanmış kollektiv müqavilənin müddəti başa çatdığı üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, yeni müqavilənin layihəsi hazırlanaraq, kollektivin və rəhbərliyin müzakirəsinə çıxarıldı.
Avqust ayında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) İcraiyyə Komitəsinin iclası yeni kollektiv müqavilənin layihəsinin hazırlanması ilə əlaqədar qərar verərək, işçi komissiya yaradaraq, onun tərkibinə nümayəndələrini seçmişdi. Qanunvericiliyə görə, qərar «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynova rəsmi məktubla göndərilərək, növbəti 10 gün müddətində işəgötürənin də təyin etdiyi nümayəndələrin iştirakı ilə bərabərsaylı komissiya (işçi qrupu) fəaliyyətə başlamışdı.
Metropoliten çox geniş sahə və profili əhatə etdiyi üçün müqavilənin hazırlanması üzərində gərgin iş aparılaraq, yekun layihə sənədi hazırlandı. Bu prosesə təcrübəli, səriştəli mütəxəssislər də cəlb olunaraq, qanunların tələbləri, yerli və beynəlxalq təcrübənin ən gözəl nümunələri araşdırılaraq, nəzərə alınıb.
Əmək məcəlləsinin tələblərinə uyğun olaraq layihə MİHİ-nin təşkilatçılığı ilə keçirilən və kollektivin bütün sahələrinin təmsil olunduğu ümumi yığıncağının – konfransın müzakirəsinə çıxarılaraq, səsvermənin yekdil qərarı ilə qəbul edildi.
Əmək Məcəlləsinin 30-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq layihə təsdiq edildikdən sonra imzalanaraq qüvvəyə minib.