z

Sərnişinlərin diqqətinə

Sərnişinlərin diqqətinə

18 YANVAR / 2017 / 00:00

1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olmuşdur. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlmiş, mərmər üzlüklər sıradan çıxmışdır. Həmçinin həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatmış, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalmışdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq “İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.
Məlumat üçün bildirək ki, 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunmuş və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilmişdi. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq.
“Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “İnşaatçılar” stansiyasının I vestibülü (ATS tərəf) 23 yanvar 2017-ci il tarixində saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
Qeyd: I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.
“Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.