z
23 FEVRAL / 2017 / 00:00
1967-ci ildən paytaxt sakinləri və şəhərimizin qonaqlarına xidmət göstərən Metromuzdan gün ərzində yüzminlərlə sərnişin istifadə edir. Sərnişindaşımanın təhlükəsizliyinin təşkil edilməsi və sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədilə metropolitendən istifadə qaydaları mövcuddur. Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, bu qaydalara əməl etməmək insan həyatı üçün təhlükə yarada bilər. Elə bu məqsədlə, ilk olaraq bu gün stansiya yolunda bizi gözləyən təhlükələrə və onlardan çıxış yollarına nəzər salacağıq. Beləliklə, bunları bilmək vacibdir!
Bəzən platformada olarkən ehtiyatsızlıqdan hər hansı əşyamız stansiya yoluna düşə bilər. Belə olan halda qətiyyən stansiya yoluna düşməyə cəhd etməyin. Bu hərəkətiniz sizin həyatınız bahasına başa gələ bilər. Çünki, stansiya yolunda qatarların hərəkətini təmin edən və insan həyatı üçün çox təhlükəli olan 825 voltluq elektrik cərəyanı var. Bu cür yüksək gərginlikli elektrik xəttinə nəinki toxunmaq, hətta yaxınlaşmaq belə insan həyatı üçün təhlükəlidir.
Stansiya yoluna düşən əşyanızın çıxarılması üçün mütləq metropoliten əməkdaşlarına məlumat vermək lazımdır. Metropoliten əməkdaşları sizin əşyanızı təhlükəsiz şəraitdə götürərək mütləq sizə təhvil verəcəklər. Hər hansı əşyaya görə həyatınızı təhlükəyə atmağa dəyməz.
Bəzən ehtiyatsızlıq ucbatından sərnişin stansiya yoluna düşə bilər. Belə olan halda nə etmək lazımdır? İlk növbədə metropoliten əməkdaşları məlumatlandırılmalıdır. Eyni zamanda stansiyaya daxil olacaq qatar istiqamətinə baxmaq lazımdır. Əgər qatarın işıqları görünürsə, deməli qatarın gəlməsinə az qalıb. Belə olan halda başınız qatar istiqamətində üzüaşağı vəziyyətdə olmaqla, relslərin arasındakı qanova uzanmaq lazımdır. Qətiyyən tərpənmək olmaz. Qatar sizin üzərinizdə dayansa belə, bunun təhlükəsi yoxdur. Yetər ki, siz təşvişə düşməyin, hərəkət etməyin və qatarın hər hansı avadanlığına toxunmayın. Belə vəziyyətdə metropoliten əməkdaşları mütləq sizi təhlükəsiz şəraitdə xilas edəcəklər.
Deyək ki, stansiya yoluna düşmüsünüz və tuneldən qatarın işıqları hələ görsənmir. Bu o deməkdir ki, qatarın gəlməsinə müəyyən vaxt var. Belə olan halda stansiya yolunu özbaşına tərk etməyə cəhd etməyin. Dərhal, metropoliten əməkdaşlarına məlumat verilməlidir. Onların da təlimatı ilə yubanmadan, təmas relsinin əks tərəfi ilə qatarın hərəkət istiqaməti üzrə tunelə doğru hərəkət etmək, yəni gözlənilən qatardan uzaqlaşmaq lazımdır. Platformanın ucunda tunelin girəcəyində olan zolaqlı nişan qatarın birinci vaqonunun dayanacağı yeri göstərir. Zolaqlı nişanı keçmək və metropoliten əməkdaşlarının köməyini gözləmək lazımdır.
Həyatınız bizim üçün dəyərlidir!