z
29 DEKABR / 2023 / 13:50
Bakı metropoliteni QSC ənənələrinə sadiq qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri, şəhərimizin qonaqları və azyaşlı sərnişinlərə unudulmaz anlar yaşadacaq bayram şousu təşkil edib.
İki gün davam edəcək bu sosial layihə çərçivəsində Yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. Şaxta baba dadlı-duzlu söhbətləri, sualları, tapmacaları ilə tədbiri şənləndirib. Musiqili improvizasiya fonunda sirk ustalarının canlandırdığı cizgi film personajları və nəhəng oyuncaq tədbirə gəlmiş uşaqlara əyləncəli anlar yaşadıblar. Sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.
İki saatdan artıq davam edən əyləncəli tədbirdə metropoliten əməkdaşları uşaqlara yeni il hədiyyələri təqdim ediblər.
Günün qəhrəmanları uşaqların müşayiəti ilə stansiyanın platformasına enərək burada, daha sonra retro vaqonlardan ibarət qatarda sərnişinlərə bayram təbriklərini çatdırıb, xatirə şəkilləri çəkdiriblər.
Bayram şousu dekabrın 30-da davam edəcək.