z

"Xətai" stansiyasının orta zalı istifadəyə verildi

"Xətai" stansiyasının orta zalı istifadəyə verildi

06 MAY / 2017 / 00:00

"Xətai" stansiyasının orta zalında əsaslı təmir, yenidənqurma və sağlamlaşdırma tədbirləri başa çatdırılıb. Artıq sərnişinlər stansiyanın sərnişinpaylama funksiyasını yerinə yetirən orta zaldan maneəsiz istifadə edəcəklər. Qeyd edək ki, məkik hərəkət təşkil olunmuş «Xətai» və «Cəfər Cabbarlı» stansiyaları arasında gediş-gəlişi tam məhdudlaşdırmamaqla «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi burada təmir-yenidənqurma işlərini mərhələli şəkildə həyata keçirir.
Mürəkkəb hidrogeoloji şəraitdə yerləşən «Xətai» stansiyasının birinci yolunda və sərnişinpaylama zalının həmin yola yaxın yarısında iki ilə yaxın aparılan təmir və ye-ni¬dənqurma işləri 2016-cı ilin dekabr ayında başa çatdırılıb. Həmin müddət ərzində yola bitişik tuneldə də sağlamlaşdırma tədbirləri yerinə yetirilib, korroziyaya məruz qalmış tunel geyimləri möhkəmləndirilərək təhlükəsizliyi artırılıb. Həmçinin hərəkət relsləri, zəruri olan işarəvermə, rabitə, elektrik təchizatı və elektromexaniki avadanlıqlar yenilənib.
2017-ci ilin əvvəlindən işlərin davamı olaraq stansiyanın ikinci yolu və orta zalın ona bitişik ikinci hissəsində təmir işlərinə başlanılıb. Bu stansiya ətrafında yerüstü ictimai nəqliyyatın intensivliyinin artmasını və sərnişinlərin ehtiyacını nəzərə alaraq, onların rahatlığını tam təmin etmək məqsədilə «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi orta zalın ikinci hissəsindəki işlərin mümkün qədər sürətlə yerinə yetirilməsi üçün zəruri addımlar atıb.
Stansiyanın istifadəyə verilən orta zalı görkəmini tamamilə dəyişib. Yol divarının aşağı hissəsində düzülmüş iki cərgəli mərmər üzlüklü səth ağ rəngli alüminium divar-tavan kom¬pozisiyası ilə əvəzlənib. Birinci yolda olduğu kimi, orta zal da “Durlum “GmbH”” şirkətinin korroziyaya davamlı özəl metal asma tavan, divar lövhələri və LED işıqlandırma sistemləri ilə təchiz edilib. Metro stansiyalarında ilk dəfə istifadə olunan bu materiallarla yanaşı, bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə olunub.
Təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub. Buna səbəb 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qalmasıdır. Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.
Kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu 8 Xalq rəssamından, eləcə də «Bakı Metropoliteni» QSC sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, hərəkət xidmətinin rəisi Etibar İsayev, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən ibarət olan komissiya «Xətai» stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər. Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyildir. Bu barədə tərtib olunmuş akt Azərbaycan Rəssamlar İttifaqına və «Bakı Metropoliteni» QSC-nin rəhbərliyinə təqdim olunub. Hazırda «Bakı Metropoliteni» QSC rəhbərliyi burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır.