z
12 YANVAR / 2024 / 13:23
Bakı metropoliteni 2023-cü ildə postpandemiya dövründə ilk dəfə əsas məhdudiyyətlərin olmadığı bir şəraitdə fəaliyyət göstərib. Hərəkət xidmətinin əsas vəzifəsi kimi sərnişindaşıma təhlükəsizliyi istiqamətində zəruri tədbirlər yerinə yetirilib.
Postpandemiya dövründə ilk dəfə payız-qış qrafiki
Bu məqsədlə payız-qış qrafikinə uyğun qaydada, hər iş günü 07:00-10:00 və 17:30-19:30 aralığı gur saat hesab olunub. Bu vaxt “28 May-Həzi Aslanov” sahəsində qatararası interval cari dövr üçün texniki cəhətdən mümkün olan ən minimal həddə - 2 dəqiqəyə salınıb. Birinci və ikinci tədris növbələri arası sıxlıq dövründə isə xəttə ehtiyat qatarların buraxılması təmin edilməklə, məhz 2023-cü ildə ilk dəfə “Nərimanov” elektrik deposundan çıxan qatarın bəzi hallarda “28 May” stansiyasına qədər sərnişinsiz gəlməsi və daha sonra sərnişinlə “Dərnəgül” stansiyasına qədər hərəkət etməsi təmin olunub. Gur saatlarda qatarlar “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından geri qaytarılmaqla daha qısa marşrutla əsas yüklənmiş stansiyalarda sərnişin axınını tənzimlənib. Digər hallarda platforma səviyyəsinin ifrat dərəcədə yüklənməməsi məqsədilə platforma, eskalator meydançaları, vestibül və giriş sahələrindən nəzarət və sərnişin axınının tənzimlənməsi metodlarından istifadə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə aparılmış monitorinqlər nəticəsində vestibüllərdə sərnişinlərin əl əşyalarının yoxlanılması üçün əlavə aparatların quraşdırılmasına ehtiyac duyulan stansiyalardan ikisində bu imkanlar müəyyən edilərək “Nərimanov” və “Gənclik” stansiyalarının hər iki vestibülünə daha 1 yoxlama aparatı quraşdırılıb. Bu isə stansiyaların buraxıcılıq qabiliyyətinə və beləliklə, sərnişin məmnuniyyətinə müsbət təsir göstərib.
Stansiyalarla bağlı ən mühüm texnoloji yeniliklər sırasında yeni açar sisteminin (“Master açar”) tətbiq olunmasıdır. Bununla bir açar prinsipi ilə stansiyada olan bütün qapıların, asma qıfılların açılması təmin edilib. Təhlükəsizlik və operativliyi təmin edən bu sistem metropolitenin 27 stansiyasında 4 min 555 açarın ierarxiya prinsipi ilə vahid şəbəkəsinin qurulmasına şərait yaradıb.
Yeni ödəniş sistemi - ən mühüm yeniliklərdən biri
2023-cü ildə gediş haqqının ödənilməsi ilə bağlı metropoliten tarixində ən mühüm yeniliklərdən biri tətbiq olunub. 2015-ci ildən tətbiq edilən “BakıKart” plastik kartlarla yanaşı, QR biletlə ödəmə üsulunun tətbiqi nağdsız və elektron ödəniş sistemlərinin daha da inkişaf etdirilməsinə xidmət edir. İlk dəfə sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilən sistem dekabr ayının 30-dan bütün stansiyaların turniketlərində də aktiv edilib.
Ödəniş üçün “BakıKart” mobil tətbiqini yükləmək və istənilən bank kartından vəsait köçürmək yetərlidir. Bu üsul, ilk növbədə, kartsız olması, həmçinin vaxta qənaət və ödəniş tarixçəsinin izlənilməsi ilə ictimai nəqliyyata sərf edilən büdcəni formalaşdırmaq kimi əsaslı üstünlüklərə malikdir.
Sərnişin sayında artım müşahidə olunub
Sərnişindaşımada əvvəlki dövrlə müqayisədə artım müşahidə olunmaqdadır. Hesabat ilində Bakı metropoliteni 219 milyon 452 min 134 sərnişin daşıyıb. Bu sərnişinlərdən 6 milyon 248 min 588-i, yaxud 2.85 faizi güzəştli olmaqla daşınıb. Orta hesabla gün ərzində 601 min 239 sərnişinə daşıma xidməti göstərilib. Ən çox sərnişin noyabrın 24-də daşınıb – 867 min 674 nəfər. Bu isə Bakı metropoliteni tarixində bir gün ərzində daşınmış ikinci ən böyük göstəricidir.
“Əlçatan metro” layihəsi çərçivəsində də sərnişin sayı artıb. 2023-cü il bu istiqamətdə yeniliklər dövrü olub. 2023-cü ildə “Əlçatan metro” layihəsi üzrə əvvəlki illərlə müqayisədə rekord göstəriciyə nail olunub – 918 sərnişin daşınıb. Cəmi 7 nəfər sifarişdən imtina edib. Müqayisə üçün qeyd olunmalıdır ki, 2022-ci il ərzində “Əlçatan metro” layihəsindən 689 nəfər istifadə edib.
Layihə üzrə sifarişlərin icrası zamanı sərnişini müşayiət edən qrupa daxil əməkdaşlara əlavə təlimatlar keçilib, işin xüsusiyyətləri əsasında sınaqlar təmin edilib. Personalın əlavə texniki qurğularla təchizatı məqsədilə aparılmış monitorinqlər əsasında Rusiya istehsalı olan, müvafiq beynəlxalq sertifikata malik daha iki qurğu alınıb. Bu qurğular eskalator üçün nəzərdə tutulmaqla, texniki cəhətdən digər analoqlarından mobilliyi və təhlükəsizliyinin daha təkmil olması ilə seçilir.
Sərnişin fəallığının artması səbəbilə metropolitendə eskalator üçün nəzərdə tutulmuş iki yeni daşıma qurğusu da istifadəyə verilib. Bu istiqamətdə monitorinqlər və texniki imkanların genişləndirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.
Ümumiyyətlə, layihə metropolitendən istifadə imkanları məhdud olan şəxslər üçün yaradılıb. Əlil arabası istifadəçiləri ilə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud, ahıl və yaşlı olanlar, habelə uşaq arabası ilə hərəkət edənlər də bu xidməti sifariş edə bilərlər. Xidmətdən faydalanmaq istəyənlər 1-24 saat ərzində (050) 268 00 65 mobil rabitə, həmçinin “Bakumetro” (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro) mobil tətbiqindən istifadə edə bilərlər.
İş rejimi dəyişiklikləri
İl ərzində metropolitenin fəaliyyəti bir neçə dəfə uzadılıb. “Qarabağ” və Azərbaycan milli futbol komandalarının beynəlxalq oyunları ilə əlaqədar iş rejimində dəyişikliklər edilib. Bundan savayı, Gənclər və İdman Nazirliyinin müraciətinə əsasən, dekabr ayında Xankəndidə keçirilən Azərbaycan Kuboku uğurunnda futbol oyunu ilə əlaqədar Bakı metropoliteni sərnişindaşıma fəaliyyətinə 2 saat erkən, saat 04:00-da başlayıb. Həm 2022-ci ilin, həm də 2023-cü ilin təhvil verildiyi gecə (dekabrın 31-dən yanvarın 1-nə) Bakı metropoliteni iş rejimini gecə saat 01:00-a qədər uzatdığını elan etsə də, şəhər gəzintisi və kütləvi mədəni tədbirlərdə olanların maraqları nəzərə alınaraq, metropoliten 02:00-a qədər fəaliyyət göstərib.