z

İslam Oyunlarının açılış mərasimindən sonra sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib

İslam Oyunlarının açılış mərasimindən sonra sərnişinlərin mənzil başına rahat və təhlük...

13 MAY / 2017 / 00:00

Ölkəmizdə növbəti irimiqyaslı idman tədbiri başlanıb. IV İslam Həmryəlik Oyunlarının Bakı Olimpiya Stadionunda xüsusi coşğu ilə keçirilən təntənəli açılış mərasimi ilə bağlı Bakı metropoliteni sərnişinlərə nümunəvi xidmət göstərib. Mərasimdən əvvəl və sonra sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması təmin edilib.
Qeyd edək ki, gücləndirilmiş iş rejimi şəraitində çalışan «Bakı Metropoliteni» QSC-də İslam Oyunları müddətində qüvvədə olacaq xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin metropolitenin xidmətindən istifadə etməsi həmin plana tam uyğun davam edib.
Hər növbəti qatarın stansiyaya daxil olma müddəti 30-45 saniyə təşkil edib. Gecə saat 2:40 dəqiqədə, artıq heç bir tələbat qalmadığından, stansiyalar sərnişinlərin girişi üçün bağlanıb.
Bütün proses Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən və əsas sərnişin kütləsinin istifadə etdiyi «Koroğlu» stansiyasında qurulmuş operativ əməliyyat qərargahından idarə olunub. Bununla yanaşı, digər stansiyalarda da metropolitenin rəhbər, mütəxəssis və işçi heyətindən ibarət mərkəzlər fəaliyyət göstərib.
İlkin hesablamalara əsasən, açılış mərasimində iştirak edən tamaşaçıların 70 faizdən çoxu məhz metropolitendən istifadə edib. Metropoliten və Bakı metropolitenində polis şöbəsinin əməkdaşlarının birgə əməkdaşlığı şəraitində sərnişinlərin nizamlı hərəkəti təmin olunub. Metropoliten ərazisində heç bir xoşagəlməz hal qeydə alınmayıb.
Yarışların davam etdiyi müddətdə metropoliten xüsusi plana uyğun fəaliyyət göstərəcək. Metropoliten yarış günləri səhər saat 6-dan gecə saat 1-ə qədər, mayın 22-də keçiriləcək bağlanış mərasimi müddətində gecə saat 2-yə qədər işləyəcək. Sərnişin axınından asılı olaraq, qrafikin uzadılması mümkündür.