z
24 MAY / 2017 / 00:00
“Bakı Metropoliteni” QSC ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan Əməkdaşlıq haqqında Memoranduma əsasən, ailə, qadın və uşaq problemlərinin qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsi üzrə sosial yönümlü birgə layihələr həyata keçirilir.
Mayın 24-ü “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində qarşılıqlı əməkdaşlıq çərçivəsində “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda ilk tədbir baş tutub. Tədbirin məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin təbliği, ailə-nikah münasibətləri, erkən nikah mövzularında maarifləndirmə məsələlərinin həyata keçirilməsidir.
Tədbirdə “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun siyasi fəlsəfə şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, AMEA-nın professoru Lalə Mövsümova və metropoliten əməkdaşları iştirak ediblər.
Tədbiri “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov açaraq, iki qurum arasında imzalanan Əməkdaşlıq haqqında Memoranduma əsasən ilk layihənin keçirildiyini bildirib və belə layihələrin təşkil olunmasının əhəmiyyətindən bəhs edib. Sədr müavini dövlət komitəsinin bu sahədə apardığı davamlı tədbirlərin cəmiyyətimizə verdiyi müsbət töhfələr barədə məlumat verərək bildirib ki, ölkəmizdə ailə modelinin təməli milli dəyərlər üzərində qurulub, gənclərimizin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması sağlam gələcəyimiz üçün önəmlidir. Hidayət Məmmədov bu istiqamətdə dövlət qurumlarının birgə əməkdaşlıq çərçivəsində belə layihələri həyata keçirməsinin vacibliyini vurğulayıb və birgə əməkdaşlıq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi adından minnətdarlığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək, komitənin buna qədər milli-mənəvi dəyərlərin təbliği, ailə-nikah münasibətləri, erkən nikah və digər mövzularda həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Əməkdaşlıq haqqında Memorandumun icrası ilə bağlı nəzərdə tutulmuş Tədbirlər Planına əsasən, bugünkü tədbirdə “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda metropoliten əməkdaşları ilə səmərəli müzakirələrin olacağını bildirib.
Tədbirdə çıxış edən Tərlan Dadaşov və professor Rəna Mirzəzadə milli-mənəvi dəyərlərin qorunub-saxlanılması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği, hüquqi maarifləndirmə mövzuları ətrafında müzakirələrin təşkilinin önəmini qeyd ediblər.
Daha sonra tədbir metropoliten əməkdaşlarının iştirakı ilə “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusu ətrafında müzakirələr və bəzi metropoliten əməkdaşlarının təklif və suallarının hüquqi müstəvidə cavablandırılması ilə davam edib.